PROFESSOR VÜQAR MƏMMƏDOVA HƏMKARLARINDAN DƏSTƏK – Fotolar

PROFESSOR VÜQAR MƏMMƏDOVA HƏMKARLARINDAN DƏSTƏK – Fotolar

22 Saylı Nəsimi İkinci Seçki Dairəsindən deputatlığa namizəd, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, professor Vüqar Məmmədov Nəsimi rayonunda seçicilərlə görüşlərini davam etdirir. Professorun seçicilərilə son görüşləri xoş sürprizlərlə müşaiyət olunub.

Belə ki, Y.Vəzirov küçəsindəki görüş zamanı professor V.Məmmədov çoxdan tanıdığı, uzun illər görmədiyi, lakin imzaları ilə imza toplanması mərhələsində onun namizədliyini müdafiə etmiş insanlarla söhbətləşib.

Onların arasında professoru çoxdan tanıyan istedadlı həkim kardioloq Tatyana Punga və digər həkim yoldaşlar da olub. V.Məmmədovun həkim həmkarlarının da qatıldığı seçicilərlə həmin görüşü çox xoş və yüksək əhval-ruhiyyədə keçib.

 

Sonra deputatlığa namizədin Feyzulla Qasımzadə küçəsi 1 ünvanında keçirdiyi görüşdə də həkim həmkarları iştirak edib. Sakinlərlə görüş zamanı, professora uzun illərdir görmədiyi, lakin onu yaxşı tanıyan daha bir həkim həmkarı Sənan Əmirov yaxınlaşaraq, öz dəstəyini ifadə edib.

 

Sənan həkimin Patoloji Anatomik Büroda ilk addımlarını xatırlaması və ona Vüqar müəllim tərəfindən 90-cı illərdə nümayiş etdirilən məhkəmə-tibbi təşrih və göstərdiyi kömək barədə həyəcanla danışması seçicilər tərəfindən rəğbətlə qarşılandı.

Doktor Əmirovun bu ərazidə yaşaması professor üçün xoş bir sürpriz olub. Vüqar Məmmədov qeyd edib ki, seçki prosesinin bir gözəlliyi də köhnə tanışlara rast gəlinməsi, tapılmasıdır.

Getdiyi məhəllələrdə, seçicilərlə görüşlərdə həkim həmkarlarının böyük dəstəyilə üzləşən V.Məmmədov bu dəstəyin önəmli rol oynadığını qeyd edib. Çünki bu halda digər seçicilər də həkimlərin seçimini bölüşürlər. Belə ki, həkimlər istənilən ərazidə əhalinin hörmətlə yanaşdığı, etimad göstərdiyi şəxslərdir.

V.Məmmədovun Cəlil Məmmədquluzadə küçəsi 128 b və 168 ünvanlarında yaşayan seçicilərilə görüşləri də maraqlı oldu.

 

Namizəd qeyd edib ki, burada əsas problemlərdən biri işsizlikdir. Gənclər lazımi səviyyədə işlə təmin olunmur: “Məsələn, Sərhəd Qoşunlarında xidmət etmiş cavan bir oğlan, ağıllı bir gənc uzun müddətdir ki, iş tapa bilmir. Sərhədi və dövləti qoruya bilir, buna yararlıdır, lakin iş tapa bilmir, işləməyə yaramır...”

Professor vətəndaşların bir çox problemlərini diqqətlə dinləyib və onların həlli üçün əlindən gələni edəcəyini bildirib. Vüqar Məmmədovla görüşə gələn sakinlər yekdilliklə ona səs verəcəklərini bildiriblər. V.Məmmədov isə sonda seçicilərlə hər gün görüşlər keçirəcəyini deyib və onları hamılıqla bu görüşlərə qatılmağa dəvət edib.

Mənbə: azpolitika.info