Hitlerin sevimli qadınları

Hitlerin sevimli qadınları

Faşist tərzi: Marlen Ditrix

“Marlen Ditrix – qadağan olunmuş ərazidir. Marlen Ditrix Liliana Kavaninin “Gecə portyesi” filmində qəhrəmanın ovcuna batan şüşə qırıqları, çılpaq bədənə taxılan aşırmalardır. Marlen Ditrix Viskontinin “Tanrıların ölümü” filmindəki insest, pedofiliya, homoseksuallıq, Pazolininin “Salo və ya Sodomun 120 günü” filmindəki koprofaqiyadır. Marlen Ditrix Fassbinderdir. Marlen Ditrix…

Hitler əleyhinə koalisiyanın əsgərləri qarşısında çıxışlar edən, siyasi əxlaq nümunəsi olan qatı antifaşist Marlen Ditrix… Hitlerin ardınca gedən alman xalqının ən parlaq əlamətlərini özündə birləşdirən alman ulduzudur”.

“Biz almanlar Füreri istəyirdik və onu aldıq, – Ditrix müsahibələrindən birində demişdi. – Biz almanlar elə bir millətik ki, Fürerə ehtiyacımız var. Odur ki, o ölü kimi solğun sifətli Hitler gələndə hər kəs “Əla! O, əsl Fürerdir və o, bizə neynəməli olduğumuzu deyəcək!” – deyə sevindi.”

1930-cu ildə ilk dəfə Hollivuda gələn Ditrix vətəninə geri dönmək istəmədi. Hətta Hitler bunu ondan şəxsən xahiş eləyəndə belə, aktrisa Almaniyaya qayıtmağa razılaşmadı. (Deyilənə görə, Hitler, Marlenin onun məşuqəsi olmasını istəyirmiş).

Ditrix Almaniyadan getsə də, vətənində rəsmi şəkildə xain elan olunsa da, bu onun alman olduğu faktını dəyişmirdi. O, antifaşist olandan sonra da özündə, mahnılarında faşist tərzini daşımağa davam edirdi. (Bu tərz indi, ideoloji kontekstdən çıxandan sonra primitiv “yaxşı-pis”, “doğru-yanlış”, “normal-anormal” dəyərləndirmə kateqoriyalarına bölünmür və adekvat qəbul olunur).

Hətta onun şəxsi həyatının detallarına varmadan belə deyə bilərik ki, Marlen Ditrix kinoda da, səhnədə də faşizmin seksuallığını təcəssüm etdirirdi.

M.Ditrixin karyerası 1920-ci illərin əvvəllərində, Hitlerin karyerası ilə eyni vaxtda başlamışdı. Hitler kimi Ditrix də “Mavi mələk” (1930) filminin rejissoru Cozef fon Şternberqin öz xatirələrində təsvir elədiyi dövrün, mühitin törəməsi və simvolu idi:

“İnsanların itirməyə heç nəyi qalmayanda idarəolunmaz bir güc və enerji azadlığa buraxılır. O zaman da dilənçilərdən, quldurlardan, fahişələrdən, narkoman və degeneratlardan ibarət sürü səthə çıxır…

Axşamlar, şam yeməyi saatlarında restoranda qonşu masaların arxasında, dekoltesindən çıxardığı böyük fırça ilə burnunu kirşanlayan əcaib məxluqlar görmək mümkün idi. Ətrafda oturanların cinsiyyətlərini müəyyənləşdirmək cəhdləri tez-tez adamı naqolay vəziyyətdə qoyurdu. Təkcə kişilər qadın paltarı geyinib dodaq boyasından, süni döşlərdən və kipriklərdən istifadə etmirdilər, qadınlar da kişi kimi görünürdülər, bəzilərinin hətta bığları və saqqalları da vardı. İstənilən tələbatı ödməyə hazır olan üçüncü tip yaranmışdı. Cəmiyyətdə baş verənləri izləyəndə kim qaşlarını qaldırırdısa, əyalətdən gəldiyini büruzə vermiş olurdu.

Berlin əylənmək istəyirdi və əyləncəyə can atan hər kəs öz payını alırdı. Kabarelərdə, teatrlarda və gecə klublarında aktyorların, aktrisaların əlindən tərpənmək mümkün deyildi. Heç kim eyni çevrədə iki dəfə görünmürdü. İnsanlar gecə-gündüz cismani həzz axtarmaqla məşğul idilər. Hamı yeni macəralara atılmaqdan ötrü sızanaq kimi öz dərisini yarıb çıxırdı. Küçələrə səpələnmiş əli qamçılı qızlar dikdabanlarının üstündə yırğalana-yırğalana yanlarından ötüb-keçən insanlardan işarə gözləyirdilər. Bəzilərinin donları donuz quyruqları ilə bəzədilmişdi…”

Sənət boheması arasında travestizm xeyli dəbə düşmüşdü. Fon Şternberq yazır ki, Marlen Ditrix də “bütün fotolarda qadın paltarı geyinmiş məxluq kimi” görünürdü. O, transvestitlərin hər il keçirdikləri bala girmək icazəsi olan yeganə qadın idi. Bir dəfə pilləkənlə enən dar paltarlı, gur parikli iki adamı görən Ditrix onlardan “Siz bir-birinizi sevirsiniz?” – deyə soruşur. Adamlardan biri narazı halda “Fröyleyn, biz lesbiyan deyilik”, – cavabını verir.

Aktrisaya smokinq, silindir geyinib monokl, əsa və papirosla çıxış eləməyi ilk dəfə əri Rudolf Ziber məsləhət vermişdi. Ditrix transvestit obrazında qadın paltarında olduğundan daha təbii görünürdü. Fon Şternberq də filmlərində, aktrisanın bu androginliyini vurğulayırdı. Rejissor yanılmamışdı, Ditrix, məhz, bu obrazda milyonların sevgisini qazanmışdı.

“Mərakeş” (1930) və “Qızılsaçlı Venera” (1932) filmlərinin uğurundan sonra isə Ditrix lesbiyanların simvoluna çevrilmişdi. Hər iki filmdə Marlenin kişi obrazında başqa qadınları öpdüyü səhnə var.

50-ci illərin ortalarında onun lesbiyan münasibətləri KİV-in müzakirə predmeti olmuşdu. Ditrixin sevgililəri arasında Kolettin, Edit Piafın, hollivudlu ssenarist Mersedes di Akostanın (Mersedes həm də Qreta Qarbonun sevgilisi idi), bir neçə filmdə Marlenin tərəf müqabili olmuş, Marlenə mahnı oxumağı öyrətmiş (aktrisanın səsi yox idi) Kler Uoldoffun adı çəkilirdi. Sonuncu dünya qastrolu zamanı isə 73 yaşlı Ditrixi 20 yaşlı kanadalı sevgilisi Cinett Vaçon müşayiət edirdi.

Tənqidçi Kennet Taynen Ditrix haqqında yazırdı: “Marlenin seksual dünyasında nə qadınlar, nə də kişilər var. Onun cinsiyyəti var, amma konkret cinsi yoxdur. Ditrixin maskulinliyi kişiləri də, qadınları da cəlb eləyir… O, hər bir kişi üçün mistress və ana, hər bir qadın üçün məşuqə və xaladır…»

Marlen Ditrix amerikalı auditoriyanı 20-30-cu illərdə Parisdə və Berlində populyar olan “la garconne» nəğmə ənənəsi ilə tanış eləmişdi. Onun vokal və səhnə tərzini hazırda Layza Minellinin, Culi Endryusun, Enni Lennoksun və başqa ulduzların yaradıcılığında görmək mümkündür.

Üçüncü Reyxin təbliğat sənəti: Leni Rifenştal

Faşistlər görsəl təbliğatı inanılmaz yüksəkliyə qaldırmışdılar: çoxminlik paradlar, məşəl yürüşləri, marş zamanı nəhəng svastika yaradan əsgərlərin dik səfləri, qara-qırmızı bayraqlar…

Bütün dünya bu qorxunc möhtəşəmliyi Leni Rifenştalın, tarixin ən yaxşı təbliğat filmi adlandırılmış “İradənin zəfəri” (1935) filmində görmüşdü.

Film nasist partiyasının 1934-cü ildə Nürnberqdə keçirdiyi VI qurultayına ithaf olunub və Vaqner operasının nəhəng vizualizasiyasını xatırladır.

20-ci illərdə rəqqasə kimi tanınan Rifenştal alman ruhunun gücünü, alman bədəninin gözəlliyini tərənnüm edən bir neçə “dağ” filmində (dağlarda çəkildiyinə görə belə adlanırdı) oynayandan sonra əsl ulduza çevrilmişdi.

1932-ci ilə o, ilk filmi “Mavi işığ”ı çəkir. Alman ekspressionizmi tərzində çəkilmiş film, dağda məskən salmış, sehrli mavi işıq saçan dağ kristallarının sirrini bilən Cunda adlı vəhşi və məsum qızdan bəhs edir. İnsanlar və sivilizasiya ilə qarşılaşan Cunda öz ideallarını itirirdi.

Sonralar Leni öz taleyini qəhrəmanı Cundanın taleyi ilə müqayisə eləyirdi. Onun dağları fəth edən cəsur, hökmlü, qətiyyətli, soyuq və aseksual fövqəlqadın obrazı Marlen Ditrixin obrazının tamamilə əksi idi. Zatən Ditrix də Rifenştalı öz rəqibi sayır və ona nifrət eləyirdi.

Rifenştal Hitlerlə tanış olanda o, hələ hakimiyyətə gəlməmişdi. Mitinqlərdən birində Hitlerin çıxışına heyran qalan Leni ona məktub yazıb görüşmək istədiyini bildirir və çox tezliklə müsbət cavab alır: sən demə, Hitler onun pərəstişkarı imiş.

Gələcək rejissor gələcək Fürerlə ilk görüşünü belə təsvir edir: “O günə qədər Hitler mənə qorxunc təsir bağışlayırdı, kişi kimi məni heç vaxt cəlb etməmişdi. Ancaq üzbəüz görüşdə son dərəcə xeyirxah insan olduğunu gördüm. Ondan elə güclü enerji yayılırdı ki, həmsöhbəti onun üzünün dəqiq cizgilərinə, bığlarına fikir vermirdi. O, insanın iradəsini sındırırdı. Mən bunu hiss eləyəndə müqavimət göstərməyə çalışdım, amma bu, demək olar ki, imkansız idi. Hitler mənə dedi: “Sən mənim filmlərimi çəkməlisən!” Mən cavab verdim: “Mən rəssam və aktrisayam. Yalnız mənə məraqlı olan, özümün də iştirak edə biləcəyim işlərlə məşğul ola bilərəm”. O isə cavabında “böyüyəndə səndən nə istədiyimi anlayacaqsan” dedi”.

Təbliğat naziri Yozef Gebbelsin gündəliklərində Rifenştalın adı dəfələrlə xatırlanır. Hərçənd sonralar rejissor, Hitler, Gebbels və nasist hökumətinin digər təmsilçiləri ilə şəxsən görüşdüyünü, ö cümlədən onlardan bəziləri ilə sevgili olduğunu inkar edirdi.

“Gebbels riyakar bədheybət idi! Onun arvadı olmaqdan imtina elədiyimə görə, məndən zəhləsi gedirdi. O mənim zövqümdə deyildi və bunu ona açıq dedim. Gebbels mənim şəxsi düşmənimə çevrildi”.

Amma “alman incəsənətinə böyük töhfələrinə və Fürerin obrazının bədii təcəssümünə görə” ali nasist mükafatlarını Rifenştal, məhz, Gebbelsin əlindən almışdı.

1936-cı ildə Berlində Olimpiya oyunları keçirilir. Nasist ideoloqları düşünürdülər ki, bu, ari irqinin üstünlüyünü bütün dünyaya sərgiləməkdən ötrü həddindən artıq yaxşı fürsətdir. Odur ki, Olimpiadanın qalibləri arasında almanlarla yanaşı qaradərililərin də olması Hitlerin kefini pozmuşdu.

Rifenştal oyunların hər anını lentə həkk etməkdən ötrü, həqiqətən, çox zəhmət çəkmişdi. 1938-ci il aprelin 21-də – Hitlerin 49 yaşının tamam olduğu gün dördsaatlıq monumental “Olimpiya” filminin premyerası keçirilir. Dünya kinosunun ən dahiyanə nümunələrindən biri sayılan, tənqidçilər tərəfindən hələ də bütün dövrlərin və xalqların ən yaxşı sənədli filmlərinin onluğuna daxil edilən “Olimpiya”da, bir milyon beş yüz min personaj iştirak etmişdi. Nitşesayağı ruhda çəkilmiş filmin hər kadrı fövqəlinsan, supermen haqqında ideyanı əks etdirirdi. Rifenştalın filmində mərkəzi yerdə duran çılpaq kişi bədəni kultu rəsmi nasist incəsənəti üçün xarakterik cəhəti idi. Döyüşçü kişi, əsarətçi kişi, fövqəlinsan – əksər rəsmi nasist sənətkarlarının sevimli obrazı idi. Məsələn, Arno Brekerin gərgin, vahiməli heykəllərində – güc və aqressiya saçan əzələ və ət yığını – faşizmin nəhəngliyi əks olunurdu.

Hitlerin baş tutmamış rəssam olduğu sirr deyil. Onun, indi həddindən artıq populyarlaşmış, hərraclarda qeyri-adi maraq görən idillik natürmortları, peyzajları yersiz kiçik detalları, təfərrüatları, tipik alman səliqəsi və tamamilə qeyri-orijinal olması ilə diqqət cəlb edir. Elə şən rəsmləri dünyanın bütün şəhərlərində küçələrdən almaq mümkündür.

Hitler reallaşdıra bilmədiyi rəssamlıq iddialarını elə öz yaradıcılığı kimi orijinallıqdan məhrum olan nasist incəsənətində kifayət qədər reallaşdırmışdı. O, nasist incəsənətinə həsr olunmuş nitqində “Əsl sənət özündə gözəlliyin izlərini daşımalıdır. Sağlam olan hər şey – təbii və doğrudur. Təbii və doğru olan hər şey gözəldir. Bizim hədəfimiz – o gözəlliyi üzə çıxartmaqdır”, – deyə bəyan edirdi.

Faşist üslubunun psevdoklassisizmi və psevdoakademizmi üçüncü reyxin antik mədəniyyət və sivilizasiyanın xələfi olduğunu nümayiş etdirməliydi.

“Olimpiya” filmi Olimpiya oyunlarının tarixinin təsviri ilə başlayır. Rifenştalın filmində antik heykəllər sinələrinə svastika döyülmüş çılpaq alman atletlərinin və idmançılarının homoerotik obrazlarında “canlanır”. Onların əllərindəki idman ləvazimatları əsl silahlar qədər vahiməli təsir bağışlayır. Baxmayaraq ki, L.Rifenştal özü rəsmi faşist incəsənəti ilə yaxınlığını inkar edir və onu kitç adlandırırdı, o, sadəcə faşist üslubunu kinematoqrafiya gətirməmişdi, özü də bu üslubun yaradıcılarından biri idi.

Denasifikasiya dövründə faşizmin məhvindən sonra Rifenştal məhkəmə qarşısına çıxarıldı. Ona qarşı “Tifland” (1940-1954) filminin çəkilişlərində həbs düşərgələrindəki qaraçılardan istifadə də daxil olmaqla ciddi ittihamlar irəli sürülmüşdü. Ancaq rejissor ittihamların heç birini qəbul etməmiş, siyasət, ya da ideologiya ilə yox, sənətlə məşğul olduğunu bildirmişdi.

Rifenştal nasist partiyasının üzvü olmadığına görə, məhkəmə tərəfindən “nasistlərə simpatiya göstərən” kimi tanınmış və həbsdən qurtula bilmişdi.

Nasistləri tərənnüm edən filmlərinə görə, rejissor Leni Rifenştalı ömrünün sonuna qədər bağışlamadılar. Amma Leninin, həyatının, demək olar ki, axırına qədər ona məktublar yazan, onu dünyanın ən məşhur qadın rejissoru adlandıran pərəstişkarları da vardı. Qərbdə rejissor karyerasını davam etdirmək imkanı olmasa da, Rifenştal özünü dəfələrdə dünyaya xatırlatmağı bacarmışdı: 70 yaşında Afrikaya yollanmış, bir neçə ay vəhşi qəbilələrin arasında yaşamış və tamamlaya bilmədiyi “Qara Konqo” filmini çəkmişdi; 90 yaşında “Green peace”-ə yazılmış və sualtı çəkilişlər aparmağa başlamışdı; Memuarları kitab kimi nəşr olunandan sonra dərhal bestsellerə çevrilmişdi; 1993-cü ildə Rey Müller onun haqqında “Leni Rifenştalın inanılmaz və dəhşətli həyatı” adlı film çəkmişdi.

“Mən həyatım boyu etmək istəmədiyim heç nəyi etməmişəm. Və etdiklərimin heç birindən imtina eləmək fikrim yoxdur!”- o yazırdı.

Rifenştalın gətirdiyi totalitar üslub hazırda şou-biznesdə ikinci həyatını yaşayır. Bunu Rifenştalın filmlərindəki militarist obrazlardan istifadə eləyən populyar kliplərdə görmək mümkündür. Məsələn, “Pet Shop Boys”un “Go West» hitinə çəkilmiş təsirli videonu və Mayk Ceksonun “HIStory” adlı sonuncu albomuna çəkilmiş, əllərində üzəri mistik yazılı şüarlar aparan əsgərlər təsvir edilən reklam çarxını buna nümunə göstərmək olar.

ABC kanalında yayımlanan proqramlardan birində aparıcı Dayan Soyer Maykl Ceksondan “Pərəstişkarlarını, Leni Rifenştalın filmlərini xatırladan obrazlarla sarsıdacağından qorxmursan? Bütün o simvolların arxasında konkret ideologiya yatır, axı! Doğrudanmı, sən ona inanırsan?” – deyə soruşur. Cekson da cavab kimi Rifenştalın sözlərini təkrarlayır: “Mən artistəm, sənətkaram, ideologiya ilə yox, sənətlə məşğul oluram! İnsanlar nə istəyirlərsə, onu da fikirləşsinlər!”

Yaroslav Moqutin

Mənbə: azlogos.eu