"Anarı hər gün zəng vurub əsəbiləşdirirlər və soruşurlar ki, gedəcəksən, yoxsa qalacaqsan?"

"Anarı hər gün zəng vurub əsəbiləşdirirlər və soruşurlar ki, gedəcəksən, yoxsa qalacaqsan?"

Bir neçə gündür ki, bitmək bilməyən Xalq yazıçısı Anarla yazıçı Əkrəm Əylislinin qarşılıqlı ittihamlarına Azərbaycan Yazıçlar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca da münasibət bildirib.

F.Qoca Moderator.az-a açıqlamasında Əkrəm Əylislinin bu cür ittihamlarına görə təəssüfləndiyini deyib:

“Hər kəsin buna öz münasibəti ola bilər və Əkrəmin bu cür açıqlamalarına görə mən də təəssüfləndim. Biz onunla köhnə dost olmuşuq. Düşmənçilik edib belə sözlərlə çıxış etməsini bu yaşımda heç cür qəbul edə bilmirəm. Əkrəmi heç başa düşmədim”.

“Anar müəllim seçilməsə, siz də vəzifədən gedəcəksinizmi?” - sualına isə Xalq şairi belə cavab verib:

“Bəlkə heç mən də seçkiyə qədər qalmayacam, Allah canımı alacaq. Kifayət qədər yaşım da var. Yəni mənim vəzifədə qalmağım da, getməyim də eyni ağrıdı. Onsuz da mən öz işimi görəcəm, yazıçının bir işi var, o da yazmaqdı və bunu heç kim əlimdən almayacaq. Anarı hər gün zəng vurub əsəbiləşdirirlər və soruşurlar ki, gedəcəksən, yoxsa qalacaqsan? O, da əsəbiləşir və bu zənglər olmasın deyə cavabında bildirir ki, qalacam. Anarın sədrlikdə qalacaq deməyiylə bu iş alınası deyil, bu seçkidi və kimə səs verəcəklər o, da seçiləcək”.

 

 

Mənbə: moderator.az