Bölgələrdəki tarixi mədəniyyət abidələrinə nəzarət sistemində hansı boşluqlar var...

Bölgələrdəki tarixi mədəniyyət abidələrinə nəzarət sistemində hansı boşluqlar var...

Rizvan Qarabağlı: “...kağız üzərində nəzarət edirlər”

Ölkəmizdə tarix-memarlıq və arxeoloji abidələrin xeyli hissəsi müxtəlif bölgələrdə yerləşir. Xüsusən də Qədim Albaniya, ondan əvvəlki və sonrakı dövrlərə aid abidələr dağ kəndləri ərazisində və yaxınlığındadır.

Bu abidələrin bir qismində arxeoloji tədqiqat işləri aparılsa da, onlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qeydiyyata alınsa da, hələ də qeydiyyata alınmamış kifayət qədər abidə var. Həmin abidələrdə mütəxəssislər tərəfindən tədqiqat aparılsa da, amma qeydiyyata alınmayıblar. Həm bu amil, həm də abidələrin bir çoxunun mərkəzdən uzaqda, dağ yerlərində olması səbəbindən həmin abidələrə tam olaraq nəzarət etmək mümkün deyil.

Bu abidələrin dövlət qeydiyyatına alındığı və mənsub olduğu rayonun müvafiq idarəsi tərəfindən qorunduğu deyilir. Lakin araşdırmalarımız göstərir ki, bu abidələrə nəzarət heç də arzuolunan səviyyədə deyil.

Bir çox memar təklif edir ki, xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da mərkəzi yerlərdən uzaqda yerləşən və nəzarət edilməsi çətin olan abidələrin izlənməsi üçün müasir texnologiyalardan istifadə edilsin. Yəni abidənin mühafizəçisi, nəzarətçisi o abidənin vəziyyətini ora getmədən, kamera vasitəsilə idarədən də izləyə bilər.

“Abidələrin mühafizə, nəzarət sistemi tamamilə yeni tələblərə uyğun, yeni texnologiyalardan istifadə edilməklə qurulmalıdır”

Memarlıq üzrə fəsləfə doktoru, Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Qarabağlı bizimlə söhbətində bildirdi ki,ümumiyyətlə, bölgələrdə abidələrə nəzarət çox aşağı səviyyədədir. R.Qarabağlı hesab edir ki, abidələrə nəzarət sistemi yenilənməlidir: “Abidələrin mühafizəsi, onlara nəzarət arzuolunan səviyyədə deyil. Mədəniyyət Nazirliyinin bölgələrdəki qurumları abidələrin mühafizəsini o qədər də güclü şəkildə həyata keçirə bilmirlər. Abidə nəzarətçiləri var ki, heç bilmir nəzarət etdiyi abidə rayonun harasında yerləşir. Gədəbəydə Koroğlu qalası var, qeydiyyata alınmış abidədir, bu abidəyə nəzarət edən gənc bir qızdır. Mən ondan abidənin harada yerləşdiyini soruşduqda göstərə bilmədi. Çox təəssüf ki, bəzi idarələrdə nəzarətçilər abidələrə kağız üzərində nəzarət edirlər. Abidələrə mövcud nəzarət sistemi tələblərə cavab vermir. Bu səbəbdən də abidələrin mühafizə, nəzarət sistemi tamamilə yeni tələblərə uyğun, yeni texnologiyalardan istifadə edilməklə qurulmalıdır. Hesab edirəm ki, tarixi, memarlıq, arxeoloji abidələrə nəzarət tamam başqa şəkildə həyata keçirilməlidir. Mədəniyyət idarələrində monitorlar quraşdırılmalı və həmin monitorlar vasitəsilə abidələrə nəzarət edilməlidir” - deyə bildirən R.Qarabağlının sözlərinə görə, bu sistem abidələrin mühafizəsinin təşkilində müsbət rol oynayar.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com