Muxtar respublika muzeylərini ötən ay 7 mindən çox əcnəbi vətəndaş ziyarət edib

Muxtar respublika muzeylərini ötən ay 7 mindən çox əcnəbi vətəndaş ziyarət edib

Muxtar respublika muzeylərinə ötən ay 238 yeni eksponat təqdim edilib, muzeyləri 30 min 34 tamaşaçı ziyarət edib. Onlardan 7 mindən çoxu əcnəbi vətəndaş olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən ötən ay tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə əlaqədar tədbirlər, ustad, interaktiv, açıq dərslər keçilib, seminar-treninq və ekskursiyalar, kitab müzakirələri təşkil olunub.

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı ötən ay “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 6 xalça haqqında məlumat hazırlanıb.

Yanvar ayında Naxçıvan şəhərində, eləcə də Culfa və Kəngərli rayonlarında fəaliyyət göstərən kitabxana əməkdaşları üçün 5 günlük təlim kursları təşkil edilib, muxtar respublikanın kitabxanalarında yeni oxucu sayı 341, oxucu gəlişi 9 min 212 nəfər, kitab verilişi isə 47 min 282 nüsxə olub. Hesabat dövründə klub və mədəniyyət evi işçiləri üçün keçirilən dərnəklərdə rəqs, dram, yallı, rəssamlıq üzrə kurslar təşkil edilib.

Ötən ay Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış tamaşanı nümayiş etdirib, Nəbi Xəzrinin “Burla xatun” əsəri əsasında tamaşanın məşqlərinə başlanılıb. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Qorxaq Əhməd” tamaşasının və “Novruz gəlir” kompozisiyasının məşqləri aparılıb, Naxçıvan Dövlət Uşaq Teatrında “Mavi işıq” tamaşasının və “Kosanın toyu” kompozisiyasının məşqləri davam etdirilib.

Mənbə: azertag.az