“Quyu” analitik jurnalının kinoya həsr olunmuş buraxılışının təqdimatı olub

“Quyu” analitik jurnalının kinoya həsr olunmuş buraxılışının təqdimatı olub

Ötən həftə “Quyu” analitik jurnalının kinoya həsr olunmuş buraxılışının təqdimatı keçirilib.

Open.az Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, Bookkafe-də baş tutan təqdimatda kino mövzusu ilə yanaşı, eyni zamanda jurnalın fəaliyyət, müraciət etdiyi mövzulardan da bəhs olunub.

Xatırladaq ki, iki ildir yayınlanan “Quyu” jurnalı ildə dörd dəfə olmaqla müxtəlif mövzulara müraciət edərək, oxucularına fərqli mövzularda maraqlı məqalələr təqdim edir.

Jurnalın ilk buraxılışı müxtəlif yerli və xarici müəlliflərin qorxu üzərində qurulan məqalələri əsasında hazırlanaraq Antik Yunan dövründə qorxuya dair quleybani obrazların, miflərin xüsusiyyətlərindən bəhs edib.

Jurnalın ikinci buraxılışı oyuna həsr olunub ki, nəticədə də müxtəlif növ oyunların mifoloji fəlsəfi mənaları müəlliflər tərəfindən açılmağa çalışıb.

Dördüncü və beşinci xüsusi buraxılışları istiqlalın 100 illliyinə həsr olunub, altıncı buraxılışı “Mirzələr və mollalar”dır. Bu nömrədə Azərbaycanda və dünyadakı intellektualın funksiyası analiz edilib.

Nəhayət jurnalın yeddinci nömrəsi kino üzərində hazırlanıb. Belə ki, jurnalda kinonun nəzəriyyəsi, onun tarix boyu hansı mərhələlərdən keçməsi kimi məqamları əhatə edən 17 məqalə oxuculara təqdim olunacaq.

Məqsəd yerli müəlliflərlə yanaşı, eyni zamanda Azərbaycanda çox da tanınmayan, ilk dəfə tərcümə olunan müəlliflərin esseləri, traktatlarını dərc etməkdən ibarətdir.

Onu da qeyd edək ki, “Başla” hərəkatının təsis etdiyi “Quyu” jurnalının daxilində bölmələr əsasən “İçəridəkilər” (yerli imzalar), “Uzaqdakılar” (xarici müəlliflərin tərcümələri”, “Şeir Quyusu” (yeni nəsr şeirlər) və s. olur. Jurnalın redaktorları Firudun Həsənov və Orxan İmanovdur.

Oxucular bu bölümdə Jil Delöz – “Beyin Ekrandır”, müsahibə(tərcümə Orxan İmanov), Syuzan Zontaq – “Kinonun Tənəzzülü” (Tərcümə: Züleyxa Fətullayeva), Pyer Paolo Pazolini – “Poeziya Kinematoqrafiyası” (tərcümə-Nəzrin Allahverdiyeva), Hüqo Müntesberq – “Yaddaş və Təxəyyül” (tərcümə-Aysel Şıxıyeva), Əkbər N.Nəcəf – “İnanc Kinematoqrafiyası”, Duqlas Kellner – “Kino və Film” (Tərcümə-Ramilə Bayramova) və s. müsahibələr, məqalələrlə tanış ola biləcəklər.

Mənbə: open.az