Mərkəzi Elmi Kitabxanada təqdimat: Milli Rəqəmsal Yaddaş bazasında muğam, xalçaçılıq, keçə sənəti

Mərkəzi Elmi Kitabxanada təqdimat: Milli Rəqəmsal Yaddaş bazasında muğam, xalçaçılıq, keçə sənəti

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Milli Rəqəmsal Yaddaş bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri MEK-in direktoru Leyla İmanova açaraq kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazası layihəsinin əhəmiyyətini vurğulayıb. L.İmanova MRY bazasına əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini, qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirildiyini bildirib və bu istiqamətdə kitabxananın bütün strukturları arasında qarşılıqlı əməkdaşlığın mövcudluğunu yüksək qiymətləndirib.

İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin rəhbəri Günel Əhədova şöbənin əməkdaşları tərəfindən MRY bazasına seçilmiş sənədlərin korrektə, redaktə edildiyini, biblioqrafik qeydlər, annotasiya, açar sözlərinin düzgün və dolğun seçilməsi, dünya oxucusuna əlçatan olması üçün bir neçə xarici dildə verilməsi kimi əhəmiyyətli işləri həyata keçirdiklərini diqqətə çatdırıb.

Şöbənin əməkdaşları Dürdanə Ağayeva və Alidə Həsənli “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimatla çıxış ediblər. Təqdimat zamanı MRY bazasında öz əksini tapan muğam, keçəçilik və xalçaçılıq sənətinə aid mənbələrdən bəhs olunub. Alidə Həsənli hazırda MEK-də “Keçə”, “Keçədən hazırlanmış oyuncaqlar” bir neçə elektron resursun mövcud olduğunu bildirib.

Tədbirdə kitabxananın MRY məlumat bazasında Azərbaycan xalçaçılıq sənətinə aid kitablar arasında “Azərbaycan xalçaları”, “Azərbaycan xalçaları - Qarabağ qrupu”, “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Naxçıvan xalçaları”, “Azərbaycan xalçaları - Təbriz qrupu”, “Azərbaycan xalçaları - İrəvan qrupu” adlı sənədlər haqqında qısa məlumat verilib. 2018-ci ildə Bakıda "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumuna MEK-in media dəstəyi diqqətə çatdırılıb.

Təqdimatçı Dürdanə Ağayeva Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm hissəsi olan muğamlar haqqında danışıb. O, muğamın ölkədə və dünyada təbliği məqsədilə dövlət tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlərdən biri olan, 2018–ci il martın 7-də Mərkəzi Elmi Kitabxanasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumu diqqətə çatdırıb. MEK-də muğam haqqında mühafizə olunan sənədlərin hər birinin MRY bazasına daxil olunduğunu vurğulayıb. Təqdimatçı həmin nəşrlər sırasında “Azərbaycan muğamşünaslığı”, “Muğam ensiklopediyası”, Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə”, Arif Məlikovun “Şərq muğamları”, Möhbəddin Səmədin “İslam Rzayev”, Mustafa Çəmənlinin “Xan Şuşinski”, Kamran Nəzirlinin “Zülfü Adıgözəlov” kitablarını təqdim edib.

Sonra Kitabxana-xidmət şöbəsinin rəhbəri Aygün Səfərova kitabxananın bütün şöbələrinə MRY bazası ilə bağlı sıx əməkdaşlıq üçün təşəkkürünü bildirib, tədbirin hazırlanmasında iştirak edən əməkdaşların təqdimatının uğurlu keçdiyini bildirib.

Sonda mövzu ilə bağlı müzakirə və təkliflər səsləndirilib.

Mənbə: azertag.az