Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb - FOTO

Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb -  FOTO

Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti Rübabə Muradovanın xatirəsi yad olunub.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndənin sənət dostları və yaxınları iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açılıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olunub.

Rübabə Muradovanın yaradıcılıq bioqrafiyasında Opera və Balet Teatrının xüsusi yer tutduğunu qeyd edən çıxışçılar müğənni ilə bağlı xatirələrini bölüşüblər.

Anasının xatirəsinə göstərilən ehtirama görə sənətkarın qızı Tahirə Muradova tədbirin iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

Gecədə səhnəmizin unudulmaz Leylisi haqqında ən xoş və həzin xatirələr səsləndirilib, tanınmış xanəndələrin repertuarında onun vaxtı ilə ifa etdiyi mahnılara müraciət olunub.

Mənbə: axsam.az