Erməni vəhşiliklərini dünyaya bəyan edən “Əsir qadın”

Erməni vəhşiliklərini dünyaya bəyan edən “Əsir qadın”

Xocalı faciəsinin ildönümü ərəfəsində yazıçı Meyxoş ­Abdullahın Qarabağda erməni işğalının qanlı səhifələrindən bəhs edən “Əsir qadın” romanı rusdilli oxuculara təqdim olunub.

Meyxoş Abdullah tanınan qələm sahiblərindəndir. Cəlilabad rayonunda yaşayıb-yaradan müəllifin “Doktor Qəzənfər”, “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu”, “Qapısı gecə döyülən qadın” kimi əsərləri oxucular tərəfindən maraqla qarşılanıb. Bir neçə il əvvəl Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ ­Bürosunun milli mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi “Yaddaş” mükafatına M.Abdullahın “Əsir qadın” romanı layiq görülmüşdür. Ötən il Qusar Dövlət Ləzgi Dram Teatrında Meyxoş Abdullahın həmin əsəri əsasında Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova tərəfindən səhnələşdirilmiş eyni adlı tamaşa müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur. İndi isə həmin əsər Təranə Məmmədin tərcüməsində rus dilində çapdan çıxmışdır.
Yazıçının məramı torpaqlarımızın işğalı, şəhidlərimiz, əsirlikdə qalan, həmçinin köçkün düşmüş soydaşlarımızın dərdini bir daha dünyaya çatdırmaq, korşalan yaddaşlara bülöv daşı çəkməkdir. Müəllif əsərdə Səidə adlı gənc əsir qadının yaşadığı müsibətləri qələmə alaraq, işğala məruz qalan ərazilərimizdə soydaşlarımızın ağrı-acılarını və Vətən həsrətini göstərməyə çalışmışdır.
...Ermənilər Səidənin gözü qarşısında onun həyat yoldaşı Əlini və oğlu Ruslanı öldürür. Eləcə də əsir düşmüş dinc əhalinin işgəncələrə məruz qaldıqlarının şahidi olur. Bütün bu əzəblara mətanətlə dözən Səidə bir gün ermənilərdən qisas alacağı günü gözləyir və axırda erməni zabitini kimyəvi turşu ilə yandırır. Əsər Səidənin belə bir hayqırtısı ilə bitir: “Bizi yaddan çıxartmayın! Bizi xilas edin! Qisasımızı alın!”
Romanın qəhrəmanı Səidəni – şərti addır – yazıçıya bir qadın nişan vermişdi. O, qadın özü də Səidə ilə bərabər erməni əsirliyində olmuşdu. Müəllif Səidəni axtara-axtara Stavropol şəhərində tapmış və real faktları bədiiləşdirərək təsirli bir əsər yaza bilmişdir.
İnanırıq ki, Meyxoş Abdullahın romanı rusdilli oxucular tərəfindən də maraqla qarşılanacaq.

 

Mənbə: xalqqazeti.com