Sənət əsərləri Xocalı soyqırımını törədənləri lənətləyir

Sənət əsərləri Xocalı soyqırımını törədənləri lənətləyir

Xocalı soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Bu dəhşətli faciənin ağrı-acısı Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Bu gün muzeylərimizdə, sərgi salonlarında toplanmış yüzlərlə rəsm əsəri, paytaxtımızda və regionlarımızda heykəltəraşlarımızın yaratdığı Xocalı abidələri tarixi yaddaşımızın daşıyıcılarına çevrilmişlər. Belə əsərlər bu gün də yaranmaqdadır. Bunun səbəbi odur ki, hər bir sənətkarın qəlbində bu ağrı yaşayır və onlar bunu əsərlərə çevirməklə müəyyən rahatlıq tapırlar. Hər bir yaradıcı insan bu tarixi həqiqətə öz daxili dünyası ilə yanaşır. Yaranan əsərlərin əksəriyyətində yerlə-yeksan edilmiş şəhərin, onun insanlarının ağrı-acısı duyulur.

Bu baxımdan Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovun yaratdığı əsərlər daha ibrətamizdir. Onun bu mövzuda əsərləri müxtəlif muzeylərdə saxlanılır. “Nalə”, “Ana körpəsi ilə”, “Yanmış qadın”, “Ata fəryadı” əsərləri faciənin miqyasını əks etdirmək baxımından daha təsirlidir. Xalq rəssamı deyir ki, o hadisələrin ağrı-acısını hiss etmiş sənət adamı bu mövzuya biganə qala bilməz: “O günlər mən Ağdam bölgəsində olmuşam. Bir sənət adamı kimi Xocalı həqiqətlərinə biganə qala bilməzdim. Düşünürəm ki, bu əsərləri yaratmaqla həm Azərbaycan vətəndaşı kimi, həm də sənət adamı kimi mövqeyimi, düşüncələrimi ortaya qoymuşam”.
Hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasının, Milli İncəsənət Muzeyinin fondlarında Xocalı faciəsini əks etdirən çox sayda əsər qorunub saxlanılır. Milli İncəsənət Muzeyinin rəngkarlıq bölməsinin müdiri Mehriban Nuriyeva deyir ki, saxlanılan əsərlərin bir hissəsi Mədəniyyət Nazirliyi tərəfindən alınaraq muzeylərə verilib. Bəzi əsərlər isə müəlliflərin özləri tərəfindən muzeylərə təqdim olunub.
Xocalı mövzusuna ən çox müraciət edən fırça ustalarından biri də Nazim Məmmədovdur. Bu gün mərhum rəssamın 60-dan çox əsəri Xocalı həqiqətlərini özündə yaşadır. O, həm də Xocalı faciəsi zamanı baş verən dəhşətli hadisələrin şahidi olub. Muzeyin fondunda Nazim Məmmədovun rəngkarlıq janrında silsilə əsərləri – “Uşağın ölümü”, “Onu öldürdülər”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Çingizin xatirəsi”, “Onları Xankəndinə apardılar”, Kamil Ramazanovun “Nəvə və nənə”, “Ana-bala faciəsi” “Körpə girovlar”, “Murovdağ”, Natiq Fərəcullazadənin “Keçid” və digər əl işləri var.
Xocalı faciəsinə həsr olunmuş əsərlərin sayı artmaqda davam edir. Bu sənət əsərləri Azərbaycan Respublikasının müxtəlif ölkələrindəki səfirliklərinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə, sərgilərdə Xocalı həqiqətlərindən “danışır”, bu faciənin ağrılarını dünya ictimaiyyətinə tanıdır. Paytaxtımızda və regionlarımızda bu mövzuda qiymətli abidələr yaradılmışdır.
Ən böyük abidə Bakıdakı Xocalı prospektində – “Xətai” metro stansiyasının yaxınlığında ucaldılıb. Abidənin müəllifləri -- heykəltəraş Teymur Rüstəmov, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovdur. Abidənin açılış mərasimi 2008-ci ildə olub. Ondan öncə isə həmin yerdə 1993-cü ildə ucaldılmış başqa bir monument dayanırdı. Həmin abidə tələsik hazırlanmışdı və sənətkarlıq baxımından o qədər də uğurlu deyildi. Buna görə də onu dəyişmək barədə qərar qəbul edildi. Yeni abidə ölçüsünə görə də əvvəlkindən fərqlənir. Əgər köhnə abidənin hündürlüyü 4 metr idisə, indi abidə postamenti ilə birlikdə 9 metrdir. Heykəlin hündürlüyü isə 3 metr 20 santimetrdir. Yeni layihənin müəllifləri abidənin əsas kompozisiyasını saxlayıb. Abidədə gənc qadın qucağında öldürülmüş uşaqla təsvir olunub.
Bir sıra xarici ölkələrdə də Xocalı faciəsinə həsr olunmuş abidələr ucaldılıb. Məsələn, Hollandiyanın Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə yaradılıb. Almaniyanın paytaxtı Berlin şəhərində Şteqlits-Selendorf inzibati dairəsindəki Qotfrid-Benn kitabxanasının həyətində “Xocalı” abidəsi var. Abidənin ucaldılmasının təşəbbüskarı Səlhab Məmmədov, Akif Əsgərov, Əli İbadullayev və əsərin həmmüəlliflərindən biri, Almaniyada yaşayan görkəmli azərbaycanlı rəssam və heykəltəraş İbrahim Əhraridir. Türkiyədə də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələr var.
Azərbaycan bəstəkarları da bu mövzuda çox qiymətli əsərlər yaratmışlar. Onları dinlədikcə xalqımızın o ağrılı anlarını yenidən yaşayırsan. Musiqinin bütün janrlarında bu mövzuda əsərlər yaradılmışdır.
Məşhur fransız bəstəkarı Pyer Tiluanın simfonik orkestr üçün yazılmış “Xocalı 613” əsəri yaralı yerimiz olan Xocalı soyqırımı qurbanlarına həsr edilmişdir. Xocalı qurbanlarına ithaf olunmuş bu əsər sülhə çağırışdır. “Xocalı-613” çox təsirli sənət əsəridir. O, bu əsərlə faciədə həlak olan həmvətənlərimizə böyük ehtiram nümayiş etdirib. Bu əsər faciədə həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılmış möhtəşəm musiqi abidəsidir.
Açığını deyək ki, kinematoqrafiya sahəsində Xocalı faciəsi kifayət qədər əks olunmayıb. 1993-cü ildə rejissor Oruc Qurbanov “Haray” filmini çəkmişdi. “Fəryad” filmində də bu mövzu qismən əks olunub. Vahid Mustafayevin “Xocalı”, rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Qırmızı qar” filmləri isə bütövlükdə bu faciəyə həsr olunmuşdu. Amma bizə “Belarusfilm”in istehsal etdiyi “Qara ağcaqayın” filmi kimi geniş diapazonlu, hadisələrin mahiyyətini ekran dili ilə açan filmlər lazımdır.
Doğrudur, Milli qəhrəmanlar haqqında filmlərin bir çoxunda Xocalı hadisələrinə toxunulub. Məsələn Milli Qəhrəman Əlif Hacıyev haqqında rejissor Könül Kərimovanın “Azərbaycanlı olmaq böyük şərəfdir” adlı sənədli filmini buna misal göstərmək olar.
Bir neçə il bundan qabaq Heydər Əliyev Fondunun dəstəyi ilə "Sonsuz dəhliz” adlı sənədli film çəkilmişdi. Film Leyla Əliyevanın "Xocalıya ədalət!” layihəsi çərçivəsində lentə alınmışdı və həmin kinolent dünyanın əksər ölkələrində nümayiş etdirildi.
Bu sənədli araşdırma Xocalı faciəsinin bilavasitə iştirakçılarının – Xocalı sakinlərinin, həmin hadisələri araşdıran jurnalistlərin və döyüş əməliyyatlarının birbaşa iştirakçılarının – erməni separatçılarının nümunəsində hadisələrin səbəblərinə və təfsilatına həsr olunub.
Filmdə dərin təhlil aparılıb, kütləvi qətlləri məhz kimlərin törətdiyi barədə şübhələri yox edən faktlar və şahid ifadələri təqdim edilib.
Filmdə, həmçinin ermənilər və azərbaycanlılar arasında düşmənçiliyin kökünə və bunda xarici qüvvələrin roluna nəzər salınır.
Filmin rejissoru və prodüsseri litvalı sənədli filmlər müəllifi Aleksandr (Andryus) Brokasdır.
Söz yox ki, bundan sonra da kinematoqrafçılarımız tarixi yaddaşımızın bu qanlı səhifəsini yaşadan sanballı sənət əsərləri yaradacaqlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com