"Dedi ki, məni bacımın yanında dəfn edin" - Həsən bəy Zərdabi ailəsinin gizlinləri

"Dedi ki, məni bacımın yanında dəfn edin" - Həsən bəy Zərdabi ailəsinin gizlinləri

“Ankarada olan zaman Həsən bəy Zərdabinin “itkin” oğlu Safvet Məlik-Zərdabinin evini, məzarını ziyarət etdik”

“Qərib Soltan nənə həmişə mənə qardaşının adını – Safvet deyirdi”

“O, deyirdi ki, məni bacım Nanənin yanında dəfn edin”

“Rauf Hacıyevin adına bir küçə də yoxdur”

“Nazir işləyən atam bütün qapıları üzümüzə bağladı”

Fuad Rauf oğlu Hacıyev – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, məşhur rejissor. 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu!

Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qərib Soltan Məlikova böyüdüb, analıq edib. Fuad Hacıyev də daxil olmaqla Rauf Hacıyevin bütün övladlarına Qərib Soltan Məlikova nənəlik edib.

Eurasia Diary xəbər verir ki, bir müddət öncə Türkiyədən Azərbaycana qayıdan Fuad Raufoğlu və həyat yoldaşı Zəminə Hacıyeva eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıblar.

Fuad Hacıyev müsahibə zamanı özü, ailəsi və fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlara aydınlıq gətirib. Həsən bəy Zərdabinin nəticəsi, Qərib Soltan Məlikovanın nəvəsi olan Fuad Raufoğlu Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq, Zərdabi ailəsi ilə bağlı uzun illər gizli qalmış, heç bir Zərdabişünasın üzə çıxara bilmədiyi tarixi faktları açıqlayıb.

-Bacınız Nanə xanımın erkən vəfatına görə dərin kədərimizi ifadə edirik…

-Çox sağ olun. Bacım Nanənin bu yaxınlarda qəfildən beyninə qan sızdı. Bunu heç gözləmirdik. Vətənimizə yenicə qayıtmışıq. Gəlib bizimlə də görüşdü. İki gün sonra Nanənin vəfat xəbərini aldıq. Bu bizim üçün çox ağır oldu. Dərin sarsıntı keçirdik…

-Ailənizlə bağlı bilmək istərik. Necə bir ailədə böyüdünüz? Rauf Hacıyevin övladı olmaq nə deməkdir? Atanızın adı sizin həyatınıza, karyeranıza necə təsir etdi?

-Əlbəttə ki, bir az çətinliklər oldu. Rauf Hacıyevin övladı olmaq böyük bir məsuliyyət tələb edir. Atamı çox sevərdim. O, ciddi bir insan idi. Məni daha çox Qərib Soltan nənəm böyüdüb. Atam çox tələbkar idi. Həmişə bizə deyirdi ki, dərslərinizi oxuyun. Musiqi məktəbinə də aparardı. Uşaqlıq illərim fərqli keçməyib. Pianoda ifa edərdim.

(Nanə Hacıyeva və Zəminə xanım)

-Rauf Hacıyev övladlarına qarşı sərt münasibət göstərirdi?

-Atam bizə qarşı çox da sərt münasibət göstərmirdi. Amma həddindən artıq tələbkar idi. Kiçik bacım Nanəni bir az ərköyün böyütmüşdü. Biz hamımız Nanəni çox sevərdik. Amma o bizi çox erkən tərk etdi…

(Selcuk Universiteti Konservatoriya tələbələri ilə birlikdə)

-Rauf Hacıyevlə bağlı nəyi etiraf etmək istərsiniz?Atanızla bağlı heç vaxt unutmadığınız bir xatirənizi bizimlə bölüşərsiniz.

-Atam çox düzgün bir insan idi. Hətta o, öz uşaqlarına da güzəştə getməzdi. O vaxt həyat yoldaşım Zəminə xanımla birlikdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsinə daxil olmuşduq. Bu fakültə həmin il açılmışdı. Tofiq Kazımov, Mehdi Məmmədov, Adil İsgəndərov bizim müəllimlərimiz olub. Çox görkəmli rejissorlar, aktyorlar bizə dərs deyirdilər.

Zəminə Hacıyeva: “Fuadla imtahanlara girən zamanı tanış olduq. Bir-birimizi ilk dəfə orada gördük. O vaxt müəllimlər qadın olduğuma görə mənə çox da diqqət yetirmədilər. Dedilər ki, gəlin bunu rejissorluqdan aktyorluğa keçirək. Tofiq müəllim çox təkid edirdi. Hətta Fuada zarafatla deyirdi ki, “kartof-soğanla olmaz. Sən onunla evlənirsən, bu iş belə davam edə bilməz”. Mən isə aktrisa olmağı düşünmürdüm. Heç Fuad da bunu istəmirdi. Biz Fuadla birlikdə orada təhsil aldıq. Fuad çox istedadlı idi. Hətta Moskvada da imtahanlarda iştirak edirdi. Amma o, Vətəni seçdi.

-Rauf Hacıyev sizi belə asanlıqla gəlin kimi qəbul etdi?

-Fuad müəllim də qulaq asır. Yəqin məni təsdiqləyər… Çünki bizim aramızda yalan yoxdur. Fuad mənə çox aşiq idi. Müzakirə edəcək bir məsələ yox idi. Kimsə Fuada müdaxilə etməzdi ki, “bu qız olmasın, başqası olsun” və s. O vaxtlar Fuadı çox incitdim(gülür). Amma sonda hər şey çox gözəl oldu, biz ailə həyatı qurduq.

Fuadın atası, qaynatam Rauf Hacıyev çox dürüst bir insan idi. O vaxt bütün müəllimlərimiz deyirdilər ki, Fuadla Zəminə də gəlib teatrda çalışsınlar. Amma qaynatam Rauf Hacıyev bizə icazə vermirdi. Deyirdi: “Qətiyyən olmaz! Mən Mədəniyyət naziriyəm və mənim uşaqlarım da mədəniyyət sahəsində çalışa bilməzlər!” Rauf Hacıyev bizə belə bir qadağa qoydu. Biz də çox kədərlənirdik. Hətta Fuad deyirdi: “Mən Moskvaya gedirəm, burada qala bilmərəm. Atam bizə heç bir yerdə çalışmağa imkan vermir. Bizim sənətimiz budur! Biz rejissoruq. Teatrda çalışmalıyıq”.

Rauf Hacıyev bizə icazə vermədi. Nə yaxşı ki, müəllimlərimiz bizə dəstək oldular. Müəllimlərimiz dedilər ki, Rauf Hacıyev icazə verməsə də siz İncəsənət İnstitutunda qalın və bizimlə birlikdə çalışın. Tofiq Kazımovun, Mehdi müəllimin əməkləri danılmazdır. Beləliklə biz onların köməkçiləri olaraq çalışmağa başladıq.

(Yaxın dostum Cahangir Zeynalovla birlikdə)

Rauf Hacıyevin xasiyyəti gözəl idi. Mədəni bir insan idi. Hətta indi də bəzi insanlar bizimlə qarşılaşdıqları zaman Rauf müəllimin onlara etdikləri yaxşılıqlardan söhbət açırlar. Hər kəsə yaxşılıq edib. Amma öz uşaqlarına qarşı belə deyildi. Deyirdi ki, mən özüm hər kəsə örnək olmalıyam: “Mən Nazir ola-ola uşaqlarımı da nazirliyə işə düzəldə bilmərəm!”.

(Qərib Soltan, Mehriban Ələkbərov, R.Hacıyevin qızı Natavan H. və F.Hacıyevin nəvəsi Fidan H.)

-Rauf Hacıyevin qadağalarından sonra Azərbaycanı tərk edib Türkiyəyə köçməli oldunuz?

-Biz 25 il Azərbaycanda çalışdıq. Hətta İnstitutda kafedra müdiri Mehdi müəllim də öz yerinə məni gətirdi. 16 ilə yaxın Rejissorluq fakütləsinin rəhbəri kimi çalışdım. Daha sonra professor oldum. Zəminə xanım da professordur. İndi yaxşı tələbələrimiz var. İnanın ki, teatrda çalışanların 80 faizi bizim məzunlarımızdır.

O vaxtlar Türkiyəyə getmək, orada çalışmaq kimi düşüncəmiz yox idi. Həmin vaxtlar bizim səhnəyə qoyduğumuz bütün əsərlər hər yerdə, Dövlət televiziyamızda da nümayiş etdirilirdi. Həmin tamaşalara görə çoxsaylı mükafatlara layiq görüldük. Bir dəfə Aktyorlar Evində Jan Batist Molyerin heç vaxt təqdim olunmamış bir əsərini səhnələşdirdik. Adını isə “Köylü damat” qoymuşduq. Həmin tamaşanı izləmək üçün Türkiyədən də çoxlu qonaqlar gəlmişdi.

(Türkiyə, Konya- rektorla birlikdə)

O vaxtlar Türkiyədə Fuad Qafarov adlı bir rəssam dostumuz vardı. Dedi ki, Türkiyədə rejissorlar sizdən bəhs edirlər: “Gəlin burada sizinlə birlikdə bir konfrans təşkil edək”. Bizi də həmin konfransa dəvət etdilər. Fikirləşdik ki, həm də gedib Türkiyəni gəzib-görərik. Həmin vaxt türk dilini bilmirdik. Cəmi bir-iki kəlmə bilirdik. Buna görə də konfrans üçün çıxış mətnini əvvəldən hazırladıq. Konfrans çox uğurlu keçdi.

(Viktoriya Albert Muzeyi-Sərvər Qəniyev, Şəfiqa Məmmədova)

Zəminə Hacıyeva: “Fuad orada türklərin çox da bilmədikləri mövzulardan danışdı. Onlar da gördülər ki, bizim danışdıqlarımızdan bixəbərdilər. Hətta o qədər gözəl məlumatlar verdi ki, oradakılar türklər demişkən “şaşırdılar”. Dostumuz Fuad isə bizə türkcə kəlimələri yazıb öyrətdi”. Rektor Xəlil Cin bizə yaxınlaşıb dedi ki, mənim sizə bir təklifim var: “Biz Konyada bir konservatoriya açmak istəyirik. Razısınızsa, bizimlə Konyada qalın”. Biz isə ona türkcə danışa bilmədiyimizi söylədik. O vaxtlar daha çox rus dilində danışırdıq. Hətta bizim üçün tərcüməçi də tutdular. Beləliklə düz 25 il Türkiyədə fəaliyyət göstərdik. Bir müddət olar ki, Türkiyədəki işimizdən uzaqlamışıq. Hər ikimiz də “xərçəng” xəstəliyinə tutulduq. Hazırda müalicə olunuruq.

(Nərminə Hacıyeva, Mehriban Ələkbərova, Qərib Soltan V.)

-Türkiyədə tutduğunuz mövqedən razısınızmı? Siz yenə də çalışmaq üçün Türkiyəni seçərdiniz?

-Çox razıyıq. Çünki orada bizə xüsusi bir münasibət göstərirdilər. Həm də biz ora Azərbaycandan getmişdik. Azərbaycana qarşı böyük sevgiləri var. İndi isə dövlətlər arasında daha yaxın münasibətlər qurulub. O vaxt isə nadir hallarda Türkiyədə azərbaycanlı görərdik. Biz orada bütün Azərbaycanı təmsil edirdik. Hətta orada “bölüm başqanı” olaraq fəaliyyət göstərirdim. İlk vaxtlar türkcə yanlış danışanda da sevinirdilər, alqışlayırdılar ki, biz ruhdan düşməyək. Hazırda isə Türkiyədə çəkilən bütün filmlərdə, seriallarda bizim tələbələrimizi görə bilərsiniz. Hətta Türkiyədəki teatrların 80 faizinə bizim yetişdirdiyimiz rejissorlar rəhbərlik edir.

“Fuad Hacıyev Türkiyədə rejissorluğun əlifbasını öyrədib”

-Artıq yorulmuşuq. Vətənə qayıtdıq. Türkiyədəki fəaliyyətimizdən, gördüyümüz münasibətdən, işlərimizdən razı qaldıq. Bizi çox sevirlər. 25 ildən sonra dedik ki, işdən uzaqlaşmaq istəyirik. Onların bizi yola salmaları çox tərsirli və gözəl idi. Böyük bir restoranda məclis təşkil etdilər. Bütün tələbələrimiz, müəllim yoldaşlarımız orada idi. Çoxlu hədiyyələr gətirmişdilər. Hətta bizim xəstəliyimizi də sağaltmaq üçün hər şey edəcəklərini bildirdilər. Bizə orada ev də verdilər. Qayıtmağımızı istəmirdilər. Dili bilmədiyimiz üçün ora qorxa-qorxa getmişdik. Amma sonda elə bil bizi göylərə uclatılar…

Azərbaycanda da bizi çox sevirdilər. Türkiyəyə getməyimiz bir təsadüf idi. Gənc idik. Deyirdik ki, 4 ildən sonra ilk tələbələrimiz məzun olduqda Azərbaycana qayıdarıq. 4 il başa çatdı, mükafatlar aldıq, tədbirlər keçirdik. Orada 4 ildən bir rektor dəyişir. Yeni rektorlar bizə qayıtmağa icazə vermirdilər. Deyirdilər ki, bizdən öncəki rektorlarla neçə çalışdınız? Axı bizimlə niyə çalışmırsınız? Biz də məcbur olub qalırdıq…İnsanın öz fəaliyyətini təkmilləşdirməsi mühümdür. Həmin vaxt heç Azərbaycan dilini də yaxşı bilmirdik. Bəxtiyar Vahabzadə o vaxt deyirdi ki, “Eh Fuad nə yaxşı ki, sən o vaxt Türkiyəyə getdin. Onlar sənə dilimizi öyrətdilər…”.

(Hüseyin Seyidzadə ilə birlikdə)

-İllər sonra qayıtdığınız Azərbaycanda nə ilə qarşılaşdınız?

-İndi hiss edirik ki, Vətən üçün çox darıxmışıq! İnsanlarla qarşılarışıq: bəziləri sevincli, bəziləri isə kədərli… Gözəl binalar ucalıb. Bakı çox dəyişib. Köhnə Bakımızdan əsər-əlamət qalmayıb. Nyu-Yorka bənzəyir.

-Azərbaycanda nəyin dəyişməsini istəməzdiniz?

-İnsanların səmimi, gözəl, dürüst qalmasını istərdik. Mən insanda yalnız dürüstlüyü sevirəm.

(H.Zərdabi və həyat yoldaşı Hənifə xanım-Safvet bəyin evindəki portret)

-Sizi daha çox görkəmli maarifçi, Azərbaycan Milli mətbuatının banisi Həsən bəy Zərdabinin nəvəsi kimi təqdim edirlər. Buna münasibətiniz necədir?

-Fuad Həsən bəyin nəvəsi ola bilməz. Fuadın atısı Rauf Hacıyev Həsən bəyin nəvəsi idi. Fuad isə nəticəsidir…

Hələ o vaxtlar atam Rauf Hacıyev Həsən bəyin Parisdə yaşayan qızı Pəri xanımla (Əlimərdan bəy Topçubaşının həyat yoldaşı) əlaqə saxlayırdı. Onların övladı Ələkbər Topçubaşı ilə də yaxın münasibəti vardı. Biz də Parisə gedən də onların məzarını ziyarət etdik. Atam danışırdı ki, Parisdə olanda onların məzarından bir ovuc torpaq götürüb Azərbaycana gətirib və Həsən bəy Zərdabi, həyat yoldaşı Hənifə xanımın məzarı üzərinə səpib.

(Safvet Məlik-Zərdabi)

-Həsən bəy Zərdabinin illərdir ki, axtarılan sonuncu övladı Safvet Zərdabi ilə heç görüşmüsünüz? Safvet Zərdabi ilə bağlı nələr bilirsiniz? Həsən bəyin “itkin” oğlu ilə bağlı yalnız sizin məlumatlı olduğunuz qeyd edilir…

-Biz Ankarada olan zaman Həsən bəy Zərdabinin sonuncu övladı Safvet Məlik-Zərdabinin evini ziyarət etdik. Orada Safvetin həyat yoldaşı Nəfisənin bacısı Aişə xanım yaşayırdı. O, bizə Safvetin iş vəsiqəsini, sənədlərini təqdim etdi. Sənəddə də qeyd olub ki, Safvet Almaniyada təhsil alıb. O həm memar, həm də mühəndis bölməsinin məzunu olub. Soyadı isə “Məlik-Zərdabi” kimi qeyd olunub. Biz onun adını “Saffet” kimi yazırdıq.Amma “f” hərfi bir dənə olub. Bütün bu sənədlərin şəkillərini sizə təqdim etdik.

(Safvet Məlik-Zərdabinin sənədləri)

Nəfisənin bacısı Aişə çox yaşlı qadın idi. Gözləri zəif görürdü. O, bizə Safvetlə bağlı xeyli məlumat verdi. Hətta qeyd edim ki, atam Rauf Hacıyev Maestro Niyazi Türkiyəyə gedərkən Safvet əmiyə çox şey göndərirdi. Həmin vaxt bizim bir qızımız dünyaya gəlmişdi. Safvet əmi də qızımıza Türkiyədən gözəl geyimlər alıb göndərmişdi. Rauf Hacıyev Safvet Məlik-Zərdabi ilə həmişə əlaqə saxlayırdı.

Fuad Raufoğlu: “Atam o vaxt Safvet ilə görüşünü film kimi çəkmişdi. Həmin video lenti bizə də göstərib. İlk dəfə Safvet Zərdabinin üzünü həmin videoda görmüşdük. Amma təəssüf ki, onun özünü biz görə bilmədik. Həmin vaxt heç Nəfisə xanım da həyatda deyildi. Nəfisə xanımın bacısı Aişə xanım Həsən bəy Zərdabi ilə Hənifə Xanımın divardan asılmış qədim protretini bizə bağışladı. Aişə xanım dedi ki, “Safvet həmin portret illərlə öz evində, ən yüksək yerdə saxlayıb. Safvet evinə qonaq gələn hər kəsə həmin portreti göstərib deyirmiş ki, bunlar mənim ata-anamdır. Gözləri dolarmış…”

(Safvet Məlik-Zərdabinin sənədləri)

-Safvet Məlik-Zərdabi və Nəfisə xanımın övladı olmayıb?

-Onların bir övladı olub. Amma çox yaşamayıb, vəfat edib. Aişə xanım tez-tez deyirdi ki, bacısı Nəfisə xanım çox gözəl olub. Əsil türk qızı olub. Safvetlə Nəfisə çox mehriban olublar. Bir-birini seviblər. Təəssüf ki, biz onları görə bilmədik.

(Safvet Məlik-Zərdabinin sənədləri)

– İllərdir ki, bütün Zərdabişünaslar Safvet Məlik-Zərdabi və həyat yoldaşı Nəfisə xanımın məzarı axtarırlar. Amma nədənsə tapa bilmirlər. Onların məzarı haradadır?

-Safvet bəylə Nəfisə xanımın məzarı Ankaradadır. Fuad gedib onların məzarını tapıb, ziyarət etmişdi. Məzarın yerini Nəfisənin bacısı Aişə xanım bizə demişdi. Biz də bir müddət Ankarada yaşamalı olduq. Fuad həmin qəbirstanlığa tək getməmişdi. Teatrdakı aktyor dostları ilə birlikdə getmişdilər və Safvet bəyin məzarını tapdılar. Məzarları önündə dayanıb onların ruhuna rəhmət oxuyublar. Göz yaşlarını saxlaya bilməyib… Biz yenidən Ankaraya gedəndə onların evinə baş çəkəcəyik. Aişə xanım bəlkə də indi dünyasını dəyişib.

-Safvet Məlik-Zərdabinin evi necə idi?

-Zəngin bir saray deyildi. Sadə bir ev idi. Çox qədim idi.

(Moskva. “Yol ayrıcı operattası”. H.Rauf, H. Fuad və Zəminə Hacıyeva)

-Safvet Məlik-Zərdabi niyə heç Azərbaycana gəlməyib?

-O vaxtlar çox çətin idi. Qadağalar var idi. Həmin qadağalar aradan qalxandan sonra Safvet bəy də dünyadan köçdü. Bu barədə bizə atam danışardı. O, Azərbaycanı çox görmək istəyirmiş…

(Türkiyə Mədəniyyət naziri Fikri Sağlar ilə birlikdə)

Bir məqamı da qeyd edim ki, Safvetin evi başqa ünvanda idi. Safvet bəylə Nəfisə xanım vəfat etdikdən sonra Aişə xanım onların evini dəyişib. Hətta biz Aişə xanıma yardım-pul təklif etdik ki, bəlkə ehtiyacı var. Amma o, dedi ki, Safvet və Nəfisə xanım ona hər şey veriblər.

(Safvet Məlik-Zərdabinin sənədləri)

-Safet bəylə Nəfisə xanımın məzarları necə idi?

-Çox sadə məzarlardı. Türkiyədə bizdəkilərdən fərqli olaraq məzar üstləri çox sadə olur. Kiçik bir daş qoyurlar.

(Həsən bəy Zərdabinin qızı Qərib Soltan Məlikova)

-Həsən bəy Zərabinin qızı Qərib Soltan xanımla da bağlı yalnız sizin ailənizin məlumatlı olduğu qeyd edilir. Qərib Soltan xanımı necə xatırlayırsınız?

-Qərib Soltan bizim nənəmizdir. Gözəl bir insan idi. Bizim evdə onun canlı-canlı rəsimləri var. Qızımız dünyaya gələndə Qərib Soltan nənəni də videoya çəkdik. O, uşaqla elə gözəl oynayırdı ki… Hətta ikinci qızımıza nənəmiz Qərib Soltanın adını qoyduq. Rauf Hacıyev birinci qızımın adını isə Naminə qoydu.

(Qərib Soltan Məlikova, Fuad Hacıyev və Natavan Hacıyeva)

Məni də, bacılarımı da, Nanəni də Qərib Soltan nənə böyüdüb. Qərib Soltan nənə həmişə mənə qardaşının adını – Safvet deyirdi. Hətta o, deyirdi ki, oğlunuz olsa adını Safvet, qız olsa isə mənim adımı qoyun. Bizim də qızımız oldu. Adını da Qərib Soltan qoyduq. Qızımız Qərib Soltan indi Kanadada yaşayır.

(Rauf Hacıyev anası Nanə xanımın qucağında)

-Qərib Soltan xanımın vəfat etdiyi günü necə xatırlayırsınız? Onu sizin ailə dəfn etdi?

–Atam Rauf müəllim Qərib Soltan nənəni çox sevərdi. Hətta o, öz anası Nanədən də çox Qərib Soltanı sevərdi. Nanə xanım (Rauf Hacıyevin doğma anası) da Həsən bəyin qardaşının qızı idi. Nanənin həyat yoldaşı Maştağadan idi. Musiqi alətində ifa edirdi. Sənət ruhlu insan idi. O, vəfat etdikdən sonra Qərib Soltan gördü ki, Nanə çox kərdələnir, arıqlayıb xəstələnib. Nanə bir az erkən vəfat etdi. Onun uşaqlarını, yəni atamgil Qərib Soltan nənə böyüdüb. Qərib Soltanın özünün uşaqları yox idi. Biz onun övladları, nəvələri idik.

(Qərib Soltan Vəzirova)

Zəminə Hacıyeva: “Fuad Qərib Soltan nənəsinin çoxlu videolarını çəkib. O vaxtkı kameralar çox köhnə idi və yaxşı çəkmirdi. Hərdən həmin videolara yenidən baxırıq. Qərib Soltan nənə üzünü əli ilə bağlayır, gülə-gülə deyir ki, çəkmə-çəkmə Safvet…

(Soldan 3-cü Qərib Soltan Məlikova, 2-ci Nəcibə xanım Axundova)

-Uzun müddətdir ki, Qərib Soltanın məzarı ilə bağlı müəmmalı fikirlər qeyd olunur. 3 nəfərin eyni məzarda basdırıldığı bildirilir. Necə oldu ki, Qərib Soltanı Nanə xanımla eyni məzarda dəfn etdiniz?

-Ora Nanənin (Rauf Hacıyevin doğma anası) məzarı idi. Qərib Soltan nənə isə vəfat etməmişdən öncə həmişə deyirdi ki, məni bacım Nanənin yanında dəfn edin. Nanəyə həmişə “bacım” deyirdi. Nanə erkən vəfat etdikdən sonra Qərib Soltan nənə çox kədərlənirdi. Onlar bir-birini çox sevirdilər. Hətta illər sonra bir bacımız da dünyaya gəldi (Rauf Hacıyevin qızı). Qərib Soltan nənə özü onun adını da Nanə qoydu.

(Rauf Hacıyevin doğma anası Nanə)

Mən şəxsən Qərib Soltan nənənin dəfn mərasiminə gəlmişdim. Biz hamımız onu çox sevirdik. Qərib Soltan nənənin yeri bizim üçün başqa idi. Heç kim Qərib Soltan nənəni əvəz edə bilməz.

(Atası Soltan Hacıyev)

Zəminə Hacıyeva: “Hökumət Qərib Soltana böyük bir ev vermişdi. O həm də çox tanınmış bir müəllimə idi. Lenin ordeni də vardı…”

(Rauf Hacıyevin qızı Nanə və gəlini Zəminə xanım)

-Qərib Soltan xanımın son vaxtlar ağlını itirməsi ilə bağlı iddialar səsləndirilir.Bu nə dərəcədə doğrudur?

-Qətiyyən belə deyil. Qərib Soltan nənə çox hafizəli qadın idi. Yaddaşı da yerində idi. Həmişə deyirik ki, onun kimi yaddaşımız olsun. Vəfat edənə qədər onun yaddaşı da, ağlı da yerində olub.

-Qərib Soltan xanım heç vaxt ailə həyatı qurmayıb?

-Bir oğlanı həddindən çox sevib. Oğlan isə vəfasız çıxıb. Qərib Soltan da qəti qərarlı qadın idi. Bundan sonra həmin oğlanı həyatından həmişəlik silib. Və heç vaxt evlənməyib. Qərib Soltan nənə bizimlə birlikdə yaşayırdı. Hamız bir evdə olurduq. Rauf müəllimin də, Qərib Soltan nənənin də evi birlikdə idi. İki evi birləşdirmişdik.

-Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın məzarının harada olması ilə bağlı illərdir ki, müxtəlif iddialar səsləndirilir. Hənifə xanımın məzarının yerinin naməlum olduğu yazılır. Bu barədə yalnız Rauf Hacıyevin ailəsinin məlumatlı olduğu qeyd olunur. Siz bu barədə nə bilirsiniz?

(Həsən bəy Zərdabi və Hənifə xanım)

-Atam nazir işləyəndə hökumət tərəfindən ona tapşırıq verilib ki, Həsən bəyin məzarını Bayıl tərəfdəki qəbirstanlıqdan (Şıxov) Fəxri Xiyabana köçürsünlər. Atam mənə dedi ki, Həsən bəyin məzarı qazılanda oradan iki nəfərin sümükləri çıxıb. Yəni ki, Hənifə xanımın məzarı da orada olub. Eyni məzarda basdırılıblar. Daha sonra onların hər iksini Fəxri Xiyabanda dəfn etdilər. Amma Hənifə xanımın adı məzar daşı üzərinə qeyd olunmadı. Bütün bunları mənə atam danışıb. Bəlkə də düşünüblər ki, qadınla kişinin eyni məzarda basdırılması düzgün deyil və buna görə də Hənifə xanımın adı orada qeyd olunmayıb…

Zəminə Hacıyeva: “Biz Fuadla Hənifə xanımın ailəsinin Nalçikdə olan evlərinə də baş çəkmişik. Hənifə xanımın ailəsi yəni Abayevlər orada yaşayır. Çox məşhur bir musiqiçi qohumları da vardı. Biz onların hamsı ilə görüşdük. Dəyərli bir ailədir”.

-Həsən bəyin qətlə yetirilən oğlu Midhətin qızı Fatma xanım Zərdabinin ailəsi ilə əlaqə saxlayırsınızmı?

-Sovet hökuməti onları sürgün etmişdi. Rauf Hacıyev Fatma xanım Zərdabini Bakıya gətirib. Hətta Bakıda onun üçün ev də aldıq. Burada işləyirdi. Fatma xanım çox da yaşlı deyildi. Onun həyat yoldaşı ilə problemləri vardı. O da erkən vəfat etdi. Fatma xanımın bir oğlu var. Hamımız ona Alik deyirdik. Alikin də bir Hacıağa adlı oğlu var. Onların da övladları, ailələri var. Xeyli vaxt Bakıda yaşadılar. Stavropolda onların yazlıqları var idi. Daha sonra isə oraya köçdülər. Amma Alik hərdən Bakıya gəlir. Bizimlə də görüşür.

“Həsən bəyin Parisdə yaşamış qızı Pəri xanımın oğlu Ələkbər Topçubaşı da İren Melikofla evlənmişdi”.

-Yəqin ki, İren xanımı tanıyarsınız? Bakıya da gəlmişdi. Starsburqda yaşayırdı. Gənclik illərində birlikdə olublar. Hətta məncə onların bir qızları da olub. Amma bunu dəqiq deyə bilmərəm. Daha sonra onlar ayrılıblar.

(İncəsənət İnstitutu- A.Aslanov, F.Poladov, H.Xanızadə, Y. Nuri, H. Əbluç, V. Fətullayeva, Əliabbas)

-Sonda nə demək istərsiniz?

-Zəminə Hacıyeva: “Rauf müəllim çox utancaq idi. Heç vaxt özü, övladları barədə danışmazdı. Fuad da atasına oxşayır. Fuadın atasının adına heç bir küçə də yoxdur. Fuad deyir ki, mən utanıram. Necə deyim Rauf Hacıyev!? SSRİ Xalq artisti, böyük bəstəkar…! Hamı danışır ki, Rauf müəllim hər kəsə dəyər verirmiş. Heç vaxt deməyib ki, bunun vəsiqəsi var, onun yoxdur və s. İnsanları fərqləndirməyib. Hər yerdə onun mahnılarını ifa edirlər. Fuad utanır. Deyir ki, mən necə gedim deyim ki, mənim atamın adına bir küçə də yoxdur?! Rauf Hacıyev də belə idi! Heç vaxt özünü, uşaqlarını düşünməzdi. Həmişə deyirdi ki, yox siz bu sahəyə getməyin, birdən deyərlər ki, atası bunları vəzifəyə qoyub.

(Rauf Hacıyev)

Siz bilirsinizmi ki, Fuad Raufoğluna nə vaxt fəxri ad verilib!? Rauf Hacıyev artıq nazir deyildi. Brejnev Bakıya gəlmişdi. O, həmişə Bakıya gələndə parad kimi kütləvi tamaşa hazırlanırdı. Fuad da orada rejissorluq edirdi. Həmin vaxt dövlət özü Fuada fəxri ad verib. Yəni ki, Fuad atası Rauf Hacıyevə görə fəxri ad almayıb. Atası Fuad üçün heç nə etmədi…

(F. Hacıyev və M. Maqomayev sinif yoldaşı və dost olublar. Həmişə məktublaşıblar. M. Maqomayev vəfat etməmişdən öncə sonuncu məktubunu da F. Hacıyevə göndərib. Aşağıda sağdan 4-cü F. Hacıyev. Yuxarıda sağdan 4-cü M.Maqomayev)

Fuad Raufoğlu: “Atam deyirdi ki, mən sizin üçün kimsəyə ağız açmaram. Özün çabala-vuruş bir yerlərə ucal. Sənin yetimlərdən, atasızlardan nəyin artıqdır?!”

Zəminə Hacıyeva: “Mənim atam şəhid olub. Şəhid qızıyam. Heç vaxt Rauf Hacıyev oğlu Fuada demədi ki, niyə bu yetim qızla ailə həyatı qurursan. Əksinə dedi ki, o da bizim canımızdır, qızımızdır. Məni də qızı kimi bağrına basdı. Biz tək başımıza Moskvada 4 əsəri tamaşaya qoymuşuq. Amma burda bunu kimsə bilmir…

Fuad deyir ki, atamın böyük xidmətləri olub: “Vaqif Mustafazadəni Bakıya o, gətirib. “Qaya kvarteti”nin başında o durub. Estrada Orkestrinə rəhbərlik edib. 10-a yaxın operetta yazıb. Onun operettaları hər yerdə səhnələşdirilir. Biz də Türkiyədə onun operettalarını səhnələşdirdik. Amma buradan heç bir səda çıxmadı. Yalnız həmin vaxt mədəniyyət naziri işləyən Polad Bülbüloğlu bir təbrik məktubu göndərdi. Dörd şəhərdə Üzeyir Hacıbəyovun əsərlərini səhnəyə qoyduq.

(F. Hacıyev Ü.Hacıbəylinin pianosunda dərs çalışır)

Fuad Hacıyev: “Üzeyir Hacıbəyov atamın müəllimi olub. Hələ də evimizdə onun pianosunu xatirə kimi saxlayırıq. Həmin pianoda Üzeyir Hacıbəyov ifa edirdi. Üzeyir bəy bizə çox gəlib-gedirdi. Nənəm Qərib Soltanla Üzeyir bəy çox yaxın dost idilər”.

Sonda biz gözəl xalqımıza, millətimizə təşəkkür edirik. Nə yaxşı ki, bizim Xalqımız, Vətənimiz var! Yoxsa biz də Safvet kimi orada qalıb, vəfat edərdik.

hafiztimes

Mənbə: ednews.net