Min İlin doğması – MƏLHƏM KİMİ ADAM

Min İlin doğması  – MƏLHƏM KİMİ ADAM

Moderator.az Xəyalə Əfəndiyevanın peşəkar həkim, mama –ginekoloq Kəmalə xanım Məlikova haqqında yazısını təqdim edir:

“TRT Belgesel”də hər bazar ertəsi “Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağrı Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl - ələ verib Hakan və Çağrı bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə - edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmiro... Və hətta bəzən sevincdən hönkürürəm də...

Qəribədir... heç özüm də bilmədən nədənsə hər dəfə “Su savaşları”nın son kadrlarını izləyəndə Kəmalə həkim gəlib gözlərimin önündə dayanır. Beynimdə həmişə belə assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Kəmalə xanım da mənim bu dünyadakı ən böyük tapıntımdı...

Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Kəmalə xanım kimi insanı tapmaq körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.

Tanrı bizi dörd il öncə qarşılaşdırıb və O, peşəsinə sədaqəti, insanlığı, sevgisi, vicdanı, qayğısı, nəvazişi, sığalı, fədakarlığı, böyük ürəyi ilə mənim dünyamda Min İlin Doğmasına çevrilib...

Kəmalə xanım Məlikova – mənim və yüzlərlə mənim kimi gəncin Ana olmaq arzusunu gerçəyə çevirən, Allahın izni ilə bizə analıq duyğusunu yaşadan

Mələk Qadın... Hər dəfə qızlarımın başını sığallayanda, onların gözlərindəki sevinci, yaşam həvəsini görəndə şükranlığımın və dualarımın ünvanı olan İnsan... Və onu tanıyandan sonra mən nəinki özümün həyatımı gözüyumulu ona etibar edirəm, hətta böyük rahatlıq və əminliklə ana olmaq arzusunda olan, sonsuzluqdan əziyyət çəkən bütün yaxınlarımı Kəmalə xanım Məlikovanın ünvanına “DİALAB” Tibb Mərkəzinə göndərə, tövsiyə edə bilirəm.

Görkəmli yazıçımız Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.

Nədənsə, Kəmalə xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Kəmalə xanımın özünə, sözünə, xeyirxah əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, həkim kimi peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və bizim bir ömür sevincimiz üçün özünü şam kimi əridən bu Mələk simalı, mələk qəlbli, mələk xislətli xanımın ünvanına kiçicik bir təşəkkür kimi bunu yazmağın vacib olduğunu düşünürəm...

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Kəmalə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Qəribə burasıdır ki, Allah Kəmalə həkimi elə biçimdə, elə qəlbdə yaradıb ki, müalicə etdiyi insanlara elədiyi xeyirxahlıqlar haqqında danışmağa, ünvanına bircə kəlmə də olsun tərif deyilməyə icazə vermir, Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.

Mən Kəmalə xanımı dünyaya gətirən o Müdrik Anamızın əllərindən öpürəm, cənnətməkan Atasının ruhuna Ulu Tanrıdan qəni – qəni rəhmət diləyirəm.

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala...

- sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərlim Kəmalə xanım! Balalarımız Sizin əsərlərinizdir - tikdiyiniz qalalardır... Hamımızın evimizdə xeyirxah əllərinizin izi var. Yaxşılıqlara körpü salan əllərinizdən öpürəm.

Yaxşı ki varsınız, Kəmalə xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...

Vicdanlı həkim olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi...

Vicdanlı həkim olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı...

Mən Sizin bu müqəddəsliyiniz – vicdanınız, dürüstlüyünüz, içdiyiniz Hippokrat andına sədaqətiniz, nurlu üzünüz və böyük ürəyiniz qarşısında baş əyirəm, Kəmalə xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, heysiyyətini, peşə vicdanını beş paraya dəyişənlərin meydan suladığı bataqlığın çirkabında – bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, andına sadiq, xeyirxahlığıyla qaranlığımıza işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq

Kəmalə xanım Məlikova ləyaqətdə qutsal və uca qadın yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...

 

Mənbə: moderator.az