İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verilib

Martın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində musiqi dərslərinin çəkilişinə start verilib.

Open.az xəbər verir ki, ilk dərslər Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, aparcı müəllimi, Respublikanın Əməkdar artisti Əziz Qarayusifli (klarnet), məktəbin fortepiano şöbəsinin müdiri Mənsurə Quliyeva, xalq çalğı alətləri şöbəsinin müdiri Şahnaz Muradova (kamança), aparıcı müəllim Təranə Babayeva (kamança), xoreoqraflar Emil Pənahov, Səbinə İsmayılova, musiqişünas Leyla Həsənovanın (musiqi ədəbiyyatı) dərslərinin lentə yazılması ilə həyata keçirilib.

Televiziya ilə həftə içi beş gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək musiqi dərsləri aprel ayının 2-dən başlayaraq “Mədəniyyət” kanalının efirində dinləyicilərə təqdim ediləcək.

Televiziya ilə musiqi dərslərinin keçirilməsi hər birimizin, bütövlükdə xalqımızın sağlığı naminə tətbiq olunan zəruri sosial izolyasiya və karantin rejiminə riayət etməklə bərabər şagirdlərimizin musiqi və incəsənətdən uzaq düşməməsi üçün vaxtında atılmış gözəl bir addımdır.

Xalqımızın ruh qaynağı olan zəngin mədəni irsimiz hər zaman bizimlədir.

Open.az

ƏVVƏLKİ XƏBƏR

Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb

SONRAKI XƏBƏR

Arif Quliyev saxlanılmasından DANIŞDI: “Evimin qabağında tutdular, mən də dedim...”