İncəsənətdə təbiət mövzusuna dair qeydlər

İncəsənətdə təbiət mövzusuna dair qeydlər

Böyük alman bəstəkarı Johann Sebastian Bach (1685-1750) Danzig (indiki Qdansk, Polşa) şəhərində çalışan keçmiş sinif yoldaşı Erdmana 1730-cu ildə yazdığı məktubunda yaşadığı Leipzig şəhərində “keçən il havaların yaxşı keçməsi”ndən şikayətlənir. Məktubun məzmunundan məlum olur ki, havaların yaxşı keçməsi vəfat edənlərin sayını azaltmış və beləliklə şəhərin baş kilsəsinin musiqi rəhbəri işləyən böyük bəstəkarın gəlirlərinə təxminən 100 taler məbləğində ziyan vurubmuş. O dövrdə 1 talerin təxminən 26 qram gümüşdən hazırlanmasını nəzərə alsaq, Google’un bu günə olan gümüş qiymətlərinə görə 100 taler 1500 ABŞ dollarına yaxın bir məbləğ edir. Bəstəkarın illik rəsmi maaşı isə 700 taler idi.

Almaniyanın şərqində yerləşən ticarət şəhəri Leipzigin əsas dini məbədi Foma Kilsəsi (Thomaskirche) şəhər həyatında, o cümlədən də bunun musiqi tərəfində mühüm rol oynayırdı. Şəhərdə baş verən əksər tədbirlərin, o cümlədən şəhər sakinlərinin bütün toy və yas mərasimlərinin təşkili və idarəsi də birbaşa və ya dolayısı ilə bu kilsənin rəhbərliyi tərəfindən həyata keçirilirdi. Adı çəkilən idarəçilik özündə həm də mərasimlərdə səslənəcək musiqinin bəstələnməsi və ifa edəcək musiqiçilərin təşkilini ehtiva edirdi. Bu işlə isə gələcək nəsillər tərəfindən növbəti əsrdə dahi bəstəkar olduğu aşkarlanacaq Johann Sebastian Bach məşğul olur; nisbətən aşağı təbəqələrin mərasimlərinə təcrübəli tələbələrindən birini başçı təyin etməklə musiqiçi dəstəsi yollayır, yuxarı təbəqələrin mərasimlərinə isə rəhbərliyi şəxsən özü edirdi

Təsəvvür etmək çox çətin və təəssüfləndiricidir: yaşadığı şəhərdə havaların yaxşı keçməsi, təbiətin insanlara gülümsəməsi gəlmiş-getmiş ən böyük sənət adamlarından birini dilxor edibmiş. Bu hələ o dövrlər idi ki, təbiət haqqında uca məfhum kimi danışılmır, o müqəddəsləşdirilmir, heç bəstəkarların ilham mənbəyi olmağa da layiq görülmürdü. Bəstəkarlar ilhamı hələ ki, başqa şeylərdən, amma əsasən o zamanlar hələ də aktuallığını saxlamaqda olan ilahi mövzulardan alırdı. Fəqət artıq o dövrün sonları idi; Bach, yaradıcılığının əsas leytmotivi ilahi mövzulardan ibarət olan sonuncu böyük bəstəkardı.

Bach’ın o illərdəki yaradıcılığı ilə bağlı təsəvvür oyatmaq üçün elə həmin şikayət etdiyi 1729-cu ildə əsas kilsə mərasimlərindən biri – İsanın çarmıxa çəkildiyi günün xatırlandığı, apreldə keçirilən Böyük Cümə günü üçün hazırladığı “Mattaya görə Əzablar” (Matteus Passion) əsərinin final xoruna (əsərin özü bütövlükdə iki saatdan çox davam edir) tamaşa edə bilərik. Nəzərə almaq lazımdır ki, bu XVIII əsrin əvvəlində, Almaniyanın şərqində bir növ “şəbih mərasimi” üçün nəzərdə tutulmuş musiqi idi.

 

Əlbəttə, eyni dövrdə yaşayan italyan bəstəkarı, kilsə karyerasını yarımçıq qoymuş və bəlkə həm də buna görə dinləyiciləri müstəsna həyəcanlandıran musiqisini şeytanla əlbir yazdığı şayiələri dolaşan A. Vivaldinin yaradıcılığında “İlin fəsilləri” adlı konsert silsiləsi mövcuddur; amma bu hələ təbiətin vəsfi deyil, uzağı konstatasiyasıdır. Əslində Vivaldinin əsas məqsədi müasir dillə desək sadəcə konseptuallıq idi; böyük sənətkar eyni uğurla “Həftənin günləri”, ya da “İlin ayları” adlı konseptual silsilə də yarada bilərdi.

Amma artıq dünya dəyişir, elmi yeniliklər bir-birini əvəzlədikcə əvvəllər insan həyatının mənası hesab olunan, eyni zamanda beşikdən qəbr evinəcən onu idarə edən xristianlıq öz mötəbərliyini itirir və dövrün azman fikir adamları, məsələn Voltaire (Volter) tərəfindən lağ obyektinə çevrilirdi. Həyatın mənşəyi barədə mülahizələr göylərdən yerə enir, təbiətin əvvəllər bilinməyən qanunları kəşf olunur, həmçinin insanın təbiətlə üzviliyinin əvvəl düşünüləndən daha dərin olduğu müşahidə edilirdi. 17-ci əsrin ikinci yarısında Britaniya adalarından başlayaraq tədricən kontinentə yayılan bu elm və fikir hərəkatını sonradan Maarifçilik dövrü adlandırcaqdılar. Beləliklə Maarifçilik dövrü Avropa intellektuallarının təbiətə münasibətini də dəyişir, ona yeni gözlə baxmağa səsləyirdi.

Bu dövr özü heç başa çatmamış, əsasən incəsənət və fəlsəfə sahələrində başqa bir fikir dalğası Romantizm başlayır. Bu dalğanın fikir adamları artıq Maarifçilik dövrünün elmi söhbətlərindən, abstrakt təriflərindən bezmiş kimi görünür və çıxış yolunu..yenə də təbiətdə görür. Voltaire’in gənc həmkarı fransız mütəfəkkir Russeau (Russo) insanı təbiətə, eyni zamanda həm də öz təbiətinə qayıtmağa səsləyir. Ümumiyyətlə XVIII əsr boyu Avropa intellektualları arasında deizmə (Tanrının dünyanı yaradıb, sonradan müdaxilə etməməsi), və panteizmə (içi insan qarışıq təbiətin özünün bütövlükdə yardıcı qüvvə, Tanrı hesab olunması) meyl artırdı.

Əsrin sonlarına doğru bu trendlər Avropanın almandilli ölkələrində də özünə yer etməyə başlayır: təbiət özü bir obraz, diqqətə layiq məfhum kimi şair Göte’nin, Natural fəlsəfənin böyük xadimlərindən Schelling’in, o cümlədən başqa sənət və fikir adamlarının yaradıcılığının ana xətlərindən birinə çevrilir. Mövzuya laqeyd qalmayanlardan biri də, indi yaşadığımız bu keşməkeşli ildə 250 illiyi bütün planet boyu qeyd edilməsi planlaşdırılan Ludvig van Beethoven idi.

O, təbiətə laqeyd, onun özündə müqəddəs və cəlbedici heç nə görməyən Bach’ın vəfatından 20 il sonra, özü də Almaniyanın o biri başında – qərbində, holland əsilli ailədə doğulmuşdu. Qərb fikir və mədəniyyət tarixinə böyük təsirləri olmuş, Maarifçilik dövrünün nəticəsi sayılan 1789-cu il Böyük Fransız İnqilabı ilkin gənclik illərinə təsadüf edən Beethoven artıq yeni dünyanın adamı idi. Onun yaradıcılığı əsasən Klassisizmə, Maarifçilik dövrünün ərsəyə gətirdiyi – nəzəriyyə və abstraktlığın hələ də ağır basdığı üsluba aid olsa da, yetkin yaşlarından başlayaraq özündə Romantizm dalğasının təsirini də göstərir. Bəstəkarlıq texnikalarına müstəsna yeniliklər gətirən, eyni zamanda həm abstrakt formaları sındıran, həm də yeni abstraksiyalar yaradan Beetoven nəinki təbiətə laqeyd deyildi və bir çox əsərində ya ondan ilhamlanmış, ya da əsas musiqi obrazlarının arasında istifadə etmişdi; onun həyatı boyu yazdığı 9 simfoniyadan biri – 6-cı Simfoniyası bütövlükdə təbiətin təsviri və vəsfinə həsr olunmuşdu.

Müəllif bu əsərində klassik simfoniyanın həm dörd hissəli formasından ilk dəfə olaraq imtina edərək hissələrin sayını beşə çatdırır, həm də əvvəllər özündə məzmun olaraq əsasən musiqi abstraktlığı və şərtilikləri ehtiva edən, buna görə də sadəcə sıra sayı ilə adlandırılan hissələrə proqramlı adlar verir:

I – Kəndə yetişməyin oyatdığı sevinc hissləri;

II – Çay kənarında səhnə;

III – Kəndlilərin şən yığıncağı;

IV – Şimşək. Tufan;

V – Çoban mahnısı. Tufan sonrası şükranlıq.

Simfoniyanın Youtube’da tapdığım ən yaxşı canlı ifalarından birini diqqətinizə təqdim edirəm:

 

Digər sənət növü olan rəssamlıqda da təbiətin yenidən qiymətləndirilməsi Maarifçilik dövrünə, amma onun lap əvvəllərinə təsadüf edir. Qotik dövrdən XVII əsrin sonuna qədər olan Avropa rəssamlıq tarixində Giotto’dan Rembrandt’a, Van Eick’dən Caravaggio’ya qədər heç bir rəssamın yaradıcılığında təbiət baş qəhrəmanlardan biri kimi təqdim olunmur. Onların qəhrəmanları dini müqəddəslər, mif qəhrəmanları və yuxarı cəmiyyətin üzvləridir. Əgər dahi Rafael hansısa tablosunda qəhrəman kimi bir ağacı ya bir mənzərəni seçsə idi bu ən azından böyük anlaşılmazlıqla qarşılanardı; hesab olunardı ki, böyük rəssam mənasız işlərlə məşğul olmağa başlayıb. Yalnız fransız rəssamı Claude Lorrain’in (1600-1682) mənzərə rəsmlərindən, ələlxüsus təbiətin vəsf edilərək təqdimatından sonra Avropa rəssamlığında təbiət mövzusu önə çıxmağa başlayır. Əlbəttə, dini və mifik mövzular onun yaradıcılığında nominal da olsa mövcud idi, amma tutaq ki, aşağıda nəzər yetirəcəyimiz tabloda rahatlıqla sezmək olur ki, rəssamın əsas qəhrəmanı insanlar və ya onların etdiyi deyil, təbiət özüdür.

Claude Lorrain “Misirə qaçış zamanı istirahət”

Böyük sənətşünas Ernst Gombrich özünün “İncəsənət tarixçəsi” (The Story of Art) kitabında Lorrain’in mənzərələrinin avropalıların düşüncəsində necə dəyişiklik etdiyini göstərmək üçün o dövrdə zadəganların, xüsusilə də ingilis zadəganlarının təbiətdə istirahət etməyə gedərkən məhz onun tablolarına uyğun mənzərəli ərazilər axtardıqlarını misal gətirir. Bununla da yetinməyən zadəganlar əvvəlcə öz malikanələrinin böyük həyətlərini, daha sonralar isə parkları o üslubda dizayn etməyə başlayıb. Bu üslub parkçılıq sənətində Mənzərəli İngilis Bağı (və ya İngilis parkı) adı qazanaraq özündən əvvəl yaranmış Fransız Formal Bağına rəqib olmuşdur. Əgər bu iki üslubu müqayisə etsək fransız üslubu ərazinin həndəsi xətlərdən istifadə ilə bölünməsi və bitkilərin müəyyən formalara salınması ilə bilikli insanın təbiət üzərində hökmranlığını simvolizə edirsə, ingilis üslubunda təbiətə xas qeyri-proporsionallıq, eniş-yoxuşlar saxlanılaraq, sadəcə səliqəyə salınmaqla dizayn edilir.

Mənbə: azlogos.eu