Koronavirus, bulvar, bir də tənha musiqiçi

Ariz ABDULƏLİYEV
Bu günlərdə - lap qəqiq desəm, karantindən bir gün əvvəl - gecə saatlarında Xəzər sahilində, tamamilə romantik sakitliyə qərq olmuş bulvarda gəzintidə idim. Təxminən saat 22-23 radələrində ixtiyar yaşlı, qoca bir musiqiçinin dəniz kənarındakı daş oturacaqların birində oturub, qara çantasından klarnet çıxartdığını gördüm. Tofiq Quliyevin "Onu bağışlamaq olarmı" filminə bəstələdiyi "Qəmgin mahnı"nı çalmağa başladı.

Yaxınlaşıb dinlədikcə qeyri-ixtiyari mahnının sözlərini xatırladım: "Mən xoş gün görmədim, bil ki dünyada...", "Ah gəlir ilk bahar, qaynayır sular...", "Hər gülün rəngini, salıram yada, ağlaya-ağlaya qaranlıqda mən".... "Xoşdur bu dünyada bəxtiyar olmaq..." "Ürəyimdə şirin, ən xoş arzular... Dilimdən düşməyir sevgi nəğməsi..."

Maraq məni bürüdü. Dünya-aləmin olum-ölüm qarşısında çabaladığı bir vaxta bu qoca musiqiqiçi bulvarda tək-tənha, heç nə olmamış kimi, sakitcə oturub musiqi ifa edir? Axı yaşlı insanların gəzintiyə çıxması tövsiyə olunmur. Həm yaşı, həm immunetin zəifliyi haqqında həkim söhbətlərini, həm də koronavirus təhlükəsini nəzərə alıb, qoca musiqiçi ilə söhbətə başladım. Söhbətimiz çox qısa oldu.

Salamlaşdıq. Ona korovirusu xatırlatdım.

Məlum oldu ki, virus haqqında heç də lazımi qədər məlumata malik deyilmiş. (Kim bilir bəlkə heç televizoru da yoxdu). Hətta "koronavirus" sözünü nə isə bir musiqi nümunəsi kimi də başa düşdü deyəsən, sakitcə "mən elə musiqi tanımıram" dedi. Onu da dedi ki, heç kimi yoxdur və tək yaşayır, gözü çox zəif görür. Parklarda, küçələrdə klarnet çalmaqla "çörək pulu" qazanır.

Dünya koronavuris pandemiyası ilə ölüm-dirim savaşında ikən bulvarda çalınan "Qəmgin mahnı" insanın bu təhlükə qarşısındakı acizliyindən doğan qəmli etirafımı? Bəlkə də koronavorusun caynağında dünyasını dəyişənlərin xatirəsinə həzin bir nəğmədir bu...

Bulvarda romantik bir gecədir. Dəniz ləpələrinin ay işığına qərq olunmuş həzin nəğməsi. Bakının ələ düşməyən tam sakitliyi içində uyuyan yaz bulvarı. Bir də tənha və ixtiyar bir musiqiçinin (deyəsən koronavirus pandemiyasına həsr elədiyi) kədərli, lirik "Qəmgin mahnı"sı.

Eh... Bu qoca musiqiçi də koronovuris deyilən dəhşətli bəlaya belə meydan oxuyur....

Dünyamız nə qədər böyük və nə qədər kiçik imiş.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Rəqqasə: "Kişilər, min oyundan çıxıb, xanımlarınızı aldatmayın" FOTOSESSİYA

SONRAKI XƏBƏR

AzTV-nin sabiq baş redaktoru dünyasını dəyişdi