Novruzda hoppanmadığımız tonqala indi düşməyək – Aqil Bəkir yazı

“– Nə yazım? İrandan yazım? Yoxsa Osmanlıdan? Yoxsa Rusiyadan yazım, yox qoy öz əhvalımızdan yazım. Yaxşı öz əhvalımızdan nə yazım? Cəhalət…”

Bu cümlə Üzeyir Hacıbəyovun “Yazı yazanın yazı yazmaqdan qabaq fikri” adlı felyetonundandır. Yüz il bundan əvvələ aid olan bu sözləri yazan Hacıbəyov o ümidlə yazırdı ki, bəlkə xalq oyana və millət ola. Millət olduq.

Amma cəhalətə, müəyyən mənada, qalib gələ bilmədik. Bəzən “dəyər” dedik, bəzən “mentalitet”, bəzən də “ürəyim belə istəyir”.

Nəticə etibarilə, cəhalət başqa adlarla təzahür etdi, yayıldıqca yayıldı.

Bu gün isə cəhalətin yayılma sürətini keçən başqa bir bəla ilə qarşı-qarşıyayıq. Mikroskopik bir varlıqla – virusla.

Nə oduğunu anlamadan bir anda bütün dünyanı cənginə alan və insanın çarəsizliyini üzünə-üzünə vuran bu koronavirus o “mübarək” qədəmlərini Azərbaycana da qoydu.

Azərbaycana gəlməmişdən əvvəl Avropaya baş çəkən bu “bazar malı” ölkəmizdə digər dövlətlərin artıq bəlasını çəkdiyi biganəliklə qarşılandı. Həm də elə bir biganəlik ki, nəticəsini təsəvvür belə etmək insanı vahimələndirir.

Təəssüf ki, alınan qərarları vecinə almayan və qadağalara məhəl qoymayan insanlar atdıqları hər addımın onlara çox pis şəkildə geri dönəcəyini təsəvvür etmirlər və ya etmək istəmirlər. Ancaq bilmək lazımdır ki, bu, oyun-oyuncaq deyil. Bu məsələ ümumdünya xarakteri daşıyır və heç kəs özünü bu dünyadan kənarda zənn etməsin.

İstədiyi yar idi, yetirdi pərvərdigar

Koronavirusun dünyadan ilk səs-sədaları gəlməyə başlayanda Üzeyir Hacıbəyovun yazdığı o cəhalət meydanında əlində qamçı və at belində olan şəxslər bir ağızdan başladılar deməyə ki, qardaş, Azərbaycan da bu dünyanın bir parçasıdır və niyə bizdə o “əjdahadan” yoxdur?! Daha doğrusu, dediklərinə görə var idi, amma dövlət gizlədirdi.

Sonra nə oldu? Sonra o oldu ki, virus təşrif buyurdu ölkəmizə və daha sonra “bizdə niyə yoxdur?” deyənlər bu səfər də ortalığa atıldılar ki, dövlət niyə nəzarət etmir? İndi deyin, bu necə bir düşüncədir? Yəni “şap” eləsəm də, “şup” eləsəm də, yenə günahkar mənəm və sən paki-müqəddəssən. İşin də odur ki, 32 hərfdən ibarət əlifbanı “26-ya” sığışdırdığın klaviaturanla 1-2 “like” qazanasan, söhbət edəndə hamı səni təsdiqləsin.

Və indi dövlət lazımi qərarları alır (ki bu qərarlardan bəzilərini gecikmiş hesab etmək olar) və vətəndaş olaraq, hər şeydən əvvəl yaşama haqqı olan bir insan olaraq mənim və sənin vəzifən də bu qərarlara uymaqdır, əməl etməkdir. Amma sən nə edirsən? Ambulansda şəhərə adam daşıyırsan, maşının “baqaj”ında şəhərə gəlməyə cəhd edirsən və hətta polisə rüşvət belə təkif etməkdən çəkinmirsən. Amma düşünmürsən ki, bu qədər həngamə nəyə lazımdır və kimin üçündür. Vallah, bütün bunlar bizim üçündür. Hamımızın sağlamlığı üçün.

Harada birlik, orada dirilik

Əbəs yerə Üzeyir Hacıbəyovla başlamadım. Onun millət amalını və milli birlik düşüncəsini bu gün özümüzdə təcəssüm etdirməyin vaxtıdır. Həm də elə gözəl vaxtıdır ki…

O ki qaldı, “Novruzda hoppandığımız tonqala indi düşməyək” məsələsinə, məncə, hər kəs nə demək istədiyimi anladı.

Gəlin, məsuliyyətli davranaq və dövlətin qabaqlayıcı tədbirlərinin qarşısında əngələ çevrilməyək.

Və sonda unutmayın: “Özünə olan zülmü rəf və dəf etməyə heç bir qüdrət yoxdur”.

www.yenicag.az

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

Jennifer Lopezin libası və ayaqqabısı neçiyədir? FOTOLAR

SONRAKI XƏBƏR

Ermənistanda boks yığmasının üzvü və nazirlik əməkdaşı koronavirusa yoluxdu