İSMAYIL İMANZADƏ
***
Çoxları yaxşı bilir ki, bəşər övladı ən çətin günlərdə belə, bir tikə ümidə söykənməklə dərdin-ələmin fövqündə dayanmağı və nicar yolunu axtarıb tapmağı bacarıb.
İnşallah, gec-tez yenə də belə olacaqdır. Dünyamızın, uca millətimizin üzləşdiyi bu ağır günlərdə hamılıqla həmrəylik nümayiş etdirməli, yaşamaq həvəsi öləziməkdə olan insanlara arxa-dayaq olmalıyıq. Müdriklər demişkən, paylandıqca azalan dərdlərimizin üstünə, bölündükcə çoxalan sevinc hissimizi məlhəm kimi yaxmalıyıq.
Doğulduğumuz andan gözlə-qaş arasında “yuva” quran ölümdən-ölüm mələyindən qorxub-çəkinməyə dəyməz. Təki bizim yaşıl yarpaqlarımız olan övladlarımız “ömür budağından” vaxtsız-vədəsiz saralıb düşməsinlər. Var olun, dostlar, Ulu Tanrı xalqımızdan mərhəmət işığını əsirgəməsin!
MƏLƏKDİR GƏLƏN
Tanrıdan yoxsa əlac,
Dərddən ha gizlən, ha qaç.
Qollarını geniş aç -
Arzu-diləkdir gələn.
Hər saralan dən deyil,
Bəxt adam sevən deyil.
Bəlkə heç kəfən deyil -
Bəlkə bələkdir gələn?
Sel gəlsə, demə arx var,
Təpədən qabaq dağ var.
Hələ yağışa çox var -
Hələ küləkdir gələn.
Gedənlər dönməz geri,
Bu bir ilahi sirri.
Ölümün üstə yeri -
Qorxma, mələkdir gələn...
2001
***
NECƏ DEYİM
Mənmi suçlu, sənmi haqlı,
Bu sual bir az maraqlı.
Hardaydın sevgi soraqlı
Evimiz tikilən vaxtı?
Nəyin əskik idi, nəyin,
Sızladımı heç ürəyin?
Qeyb oldun gülün-çiçəyin
Seçilib əkilən vaxtı.
Rəngi solanda üzümün,
Qar yağdı üstə izimin.
Gəlib çıxmadın, gözümün
Yollara dikilən vaxtı.
Dilimdən düşmədi adın,
Nəyə gərəkmiş inadın?
Sütunum-tağım olmadın,
Belimin bükülən vaxtı.
Sən idin arzum-diləyim,
Dilimdən düşmür gileyim.
Bilmirəm sənə nə deyim,
Dişimin tökülən vaxtı?..
İtən səsim-ünüm idi,
Dərd “uzunum-enim” idi.
Mənim ölən günüm idi,
Sən qeybə çəkilən vaxtı...
18.01.2018
***
SÖZÜN SÖZ YOLU VAR
Torpağın da, daşın da
Dörd yanı, yüz səmti var.
Düşünən bir başın da -
Öz yolu, öz səmti var.
Rəngi bilinmir səsin,
Dili yüyrəkdir pisin.
Acı tüstünün-hisin -
Ocaqda köz səmti var.
Dağın yamacı-yalı
Zirvə nə çəkir, - halı.
Əyrinin əyri yolu -
Düzünsə düz səmti var.
Rəngsiz aləmdir yuxu,
Məst edir acı, toxu...
Kim dana bilər axı -
Sevginin göz səmti var...
Dinməz ötüb getmir ha,
Hər yetən dərk etmir ha...
Əbədidir - itmir ha -
Sözün də söz səmti var.
26.03.2020
Mingəçevir şəhəri
Mənbə: www.mia.az