Azərbaycanlı məşhurlardan imkansız ailələrə dəstək... - Sorğu

Azərbaycanlı məşhurlardan imkansız ailələrə dəstək... - Sorğu

Dünya ölkələrində və qardaş Türkiyədə bir çox məşhur koronavirusla mübarizə məqsədilə qəbul olunan karantin rejimi dövründə maddi cəhətdən problem yaşayan ailələrə dəstək məqsədi ilə kampaniyaya başlayıb.

Türkiyəli müğənni Haluk Ləvəntin rəhbərliyi ilə “Dayanışma günləri" kampaniyasına bir çox məşhur qoşulub.

Belə ki, müğənnilər Seda Sayan 500, Hande Yener 100, Gülben Ergen 50 kasıb ailəyə maddi yardım ediblər.

Bir neçə məşhur isə "Kirayə haqqı məndə" kampaniyasına qoşulub. Onlar karantin müddətində maddi problem yaşayan şəxslərin kirayə haqqını ödəməyə qərar veriblər.

Müğənni İdo Tatlıses aprel ayında 10 ailənin kirayə haqqını ödəyəcəyini bildirib.

Aktrisa Ezgi Mola və aktyor Tolgahan Sayışman isə mənzillərində yaşayan şəxslərdən kirayə haqqını almayacağını deyiblər.

Teleqraf.com məşhurlara "Karantin dövründə maddi vəziyyəti aşağı olan ailələrə yardım edirsinizmi? Ölkəmizdə yardım kampaniyası təşkil edilsə, dəstək olarsınızmı? sualı ilə müraciət edib.

Xalq artisti Röya Ayxanın mətbuat katibi:

"Xalq artisti Röya Ayxan bu günədək xeyriyyə mövzusunda nümunə olub. Bizim üçün hansısa bir şəxsin sosial rifahı aşağı olan vətəndaşlar barədə kampaniyaya başlaması alqışa layiqdir. Davamlı olsun! Biz də qoşularıq. Onsuz da, Röya Ayxan hər zaman bu cür xeyriyyə addımları atır. Onların çox cüzi hissəsi mətbuatda işıqlandırılıb. İşıqlandırılmağının da tərəfdarı deyilik. Ümid edirik ki, koronavirus epidemiyasına yoluxanların sayı azalacaq. Koronavirusla Mübarizəyə Dəstək Fonduna vətəndaş borcu olaraq müəyyən məbləğdə ianə təqdim edilib".

Müğənni Nura Suri:

"Müğənnilər yetərincə maddi dəstəyə ehtiyacı olan insanlara yardım edirlər. Mənim də maddi dəstək göstərdiyim bir neçə ailə var, bunu reklam etməliyəm? Fikirləşirəm ki, bütün normal insanlar bir-birinə yardım etməlidirlər.

İndi kömək etmək daha vacibdir.

Demək olar ki, xeyriyyəçiliklə 18 yaşımdan məşğul oluram. Sadəcə bunu reklam etmirəm, çünki bundan sui-istifadə edən insanlar da olur.

Yetərincə verilişlərə çıxanda da xəstə uşaqlara yardım edirəm. Tək mən yox, valideynlərim də kömək edirlər.

Yardım edən insan hər zaman edir. Xeyirxahlıq insanın içində olan bir xüsusiyyətdir. O ya var, ya yoxdur.

Öz yaşıma görə yetərincə işlər görmüşəm, şou-biznesdə olmayan vaxtlarda da.

Ailəli idim və həyat yoldaşımın imkanı olub, etmişəm. Uşaq evlərinin aylıq məhsulundan tutmuş, geyiminə qədər maşın-maşın alınıb və göndərilib. Özüm şəxsən gedib nəzarət etmişəm. İndi də imkanım nəyə çatır kömək edirəm".

Nura Suri onu da deyib ki, hazırkı vəziyyətdə müğənnilərdən yardım gözləmək düzgün deyil:

"Müğənnilərdən artıq şey gözləmək düzgün deyil. Mənim həyat yoldaşım da yoxdur. İşsiz oturmuşam və evimə qəpik gəlmir. Hələ bilinmir ki, bu karantin dövrü nə zamana qədər davam edəcək. Biz pulu necə qazanacağıq. Nə toylardan, nə tədbirlərdən, nə də reklamlardan pul qazanırıq. Camaat elə fikirləşir ki, müğənnilər çox pul qazanırlar. Mən öz qazancıma görə yenə də yardım edirəm.

Ömür boyu bütün qazancımı uşaqlarımın təhsilinə ayırmışam. Xaricdə iki uşaq oxutmuşam. Qardaşım "Azal"ın pilotudur, kapitandır. O öz maaşı ilə nə qədər ailələrə yardım edir. Bizdə ailəlikcə belədir. Axırıncı qəpiyimiz də olsa onu kiminləsə paylaşırıq. Bu gün bütün məşhurlar yetərincə yaxşılıq edirlər. Amma insanlar var ki, milyonlar qazanırlar, biznesmendirlər. Onlar üçün o məbləğ böyük deyil. Bizim etdiyimiz məbləği evimizə ayrılan büdcədən kəsirik. Bunu biznesmenlər, oliqarxlar etməlidirlər. Hazırda bir çox müğənnilərin aylıq krediti var, işi yoxdur. Onlar onu necə ödəyəcəklər?

Necə olacaq? Mənim firimcə böyük şirkətlər yardım etməlidirlər. "Azərişıq" və bir çox böyük şirkətlər bu haqda fikirləşməlidirlər".

Xalq artisti Nazpəri Dostəliyeva:

"Bu günlərdə bir-birimizə yardım etməsək, hansı həmrəylikdən, hansı insanlıqdan danışa bilərik? Bacardığım qədər aztəminatlı ailələrə yardım edirəm və problemlərini həll edirəm. Hazırda bu aksiyadan kənar qala bilərəm? Əlbəttə ki, yox".

Müğənni Zamiq Hüseynov:

"Daim maddi durumu yetərli olmayan ailələrə yardım edirəm. Amma bu məsələ ilə bağlı gündəmə gəlməyi sevmirəm.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 manat ianə etmişəm".

Əməkdar artist Ədalət Şükürov:

"Açığı deyim ki, karantindən öncə də yardım edirdim. Heç vaxt da bu haqda danışmıram. Bunu çəkim sosial şəbəkədə paylaşım və s. etmirəm, etmərəm də".

Əməkdar artist Elza Seyidcahan:

"Siz niyə türk müğənnilərini bizə nümunə göstərirsiniz? Onlar olan yerdən edirlər, biz olmayan yerdən. Biz də hər zaman maddi dəstək göstəririk. Məni sevən və hörmətimi qazanan bəzi iş adamları müraciət edirlər və biz birlikdə dəstək oluruq. Hətta adlarının çəkilməsini belə istəmirlər. Etdiklərimin sayı yadımdan çıxıb. Kimsəsiz qocalar, əlil ailələrinə daim maddi dəstək oluram. Qazandığımızın çoxunu onlarla bölürük".

Rəqqasə-aktrisa Oksana Rəsulova:

"Hazırda 17 gündür ki, ailəmlə rayondayam. Burada hər zaman bir neçə ailəyə maddi dəstək göstərmişəm və göstərirəm. Azərbaycanda da belə bir yardım kampaniyası olarsa, böyük məmumiyyətlə qoşularam. Niyə də yox".

Rəqqasə Fatimə Fətəliyeva:

"500-1000 ailəyə kömək edə bilməyəcəm. Yalandan deyə bilmərəm. Amma ehtiyacı olan, maddi vəziyyəti aşağı olan tanıdığım ailələrə kömək edirəm".

 

Mənbə: teleqraf.com