"Heç kim bu virusdan sığortalanmayıb" - Mənsum İbrahimov

"Heç kim bu virusdan sığortalanmayıb" - Mənsum İbrahimov

"Hamı bir nəfər kimi qaydalara əməl etməlidir"

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Respublikada sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir. Artıq ölkəmiz xüsusi karantin şəraitindədir. İnsanlar evdən çıxmayaraq sağlamlıqlarını qorumağa çalışır. Zəruri hallar istisna olmaqla əhalinin evdən çıxması məhdudlaşdırılıb. Beləliklə də qayda pozuntularını qarşısının alınması mümkün olacaq.

Polis işçiləri küçələrdə təbliğatlar apararaq əhalini evdən çıxmamağa, sağlamlıqlarını qorumağa səsləyir. Bütün bunlar ölkəmizin koronavirus infeksiyasınının öhdəsindən tezliklə gələ bilməsi naminədir. Qəbul olunan qərarlar Azərbaycan xalqının sağlam gələcəyi üçündür. Vətəndaşlarımız da həmin qanunlara əməl edərək bu mübarizəyə dəstək olmalıdır. Unutmayaq ki, üz- üzə olduğumuz təhlükə dünyanın ən inkişaf etmiş ölkələrinin də qarşısında çarəsiz qaldığı koronavirus pandemiyasıdır. Həmin infeksiyadır ki, tənəffüs yolları ilə orqanizmə daxil olaraq ağ ciyərlərə təsir göstərir. Onu da qeyd edək ki, hələ bu xəstəliyə qarşı dərman kəşf edilməyib.

Hər birimiz infeksiyanın nəticələrini nəzərə alaraq özümüzü və ailəmizi qorumalıyıq. Xalq xəbər portalları vasitəsilə qəbul olunan qərarlardan, həkimlərin məsləhətlərindən məlumatlanaraq koronavirus pandemiyasına qarşı mübarizə aparmalıdır. Bu yolda yazıçıların, ziyalıların, incəsənət xadimlərinin tövsiyələri də böyük əhəmiyyət kəsb edir.

"Sherg.az" olaraq məsləhətlərini öyrənmək üçün tanınmış xanəndə, xalq artisti Mənsum İbrahimov ilə əlaqə saxladıq:

-Koronavirus təhlükəsi ilə bağlı xalqa müraciətiniz...

-Tək biz deyil, bütün dünya koronavius problemi ilə üz- üzədir. Mübarizəyə davam edir. Dövlətimiz sağ olsun. Vaxtında qabaqlayıcı addımlar atdı. Düşünürəm ki , xalqımız qərarlara əməl etməlidir.

-Qayda pozuntularına necə reaksiya verirsiniz?

-Bəzi insanlar qanunlara riayət etmirlər. Fikirləşmirlər ki, təkcə öz sağlamlıqlarını deyil, həm də sevdiklərini təhlükəyə atırlar. Heç kim sığortalanmayıb. Hamı bir nəfər kimi qaydalara əməl etməlidir.

-Artıq evdən çıxmağa məhdudiyyətlər gəldi...

- Operativ Qərargahın yeni qərarından məlumatım var. Çox düzgündür. Bəzən məcburən evdən çıxıram. Baxıram ki, şəhərdə xeyli sayda maşınlar, insanlar var. Qərarlardan sonra küçələrdə elə də sıxlıq yoxdur. Amma tam şəkildə təcrid olunmalıdır. O zaman fəlakətin qarşısını almaq mümkün olacaq. İtaliyanların, ispanların taleyi ilə üzləşməmək üçün bunlar vacibdir. Allah göstərməsin!

-Eyni fəlakəti yaşamamaq üçün nə etməliyik?

-Hamı dövlətlə əlbir olmalıdır. Həmrəy olmalıyıq. Birlikdə bu problemin qarşısını almalıyıq. Hamıya cansağlığı arzu edirəm. Hər kəs özünü qorusun.

-Sizcə bütün vətəndaşlar koronavius pandemiyasının ciddiliyinə vara biləcəkmi?

-Bəzən görürəm deyirlər ki, "Qorxmuram". Amma hamı qorxmalıdır, qorunmalıdır. Bu zaman qarşısını ala bilərik. Məsələn küçəyə çıxırlar. Bəlkə də yoluxurlar sonra gəlib evdə ailələrinin də sağlamlıqlarına təsir edirlər. Məsələ çox ciddidir.

-Evdə işləriniz davam edirmi?

-Əlbəttə, məsələn online konsertim olacaq. Mədəniyyət nazirliyi tərəfindən həyata keçiriləcək. Mədəniyyət kanalında da yayımlanacaq. Elə sabah saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində tamaşaçısız konsertim baş tutacaq. Mədəniyyət kanalının efirində də canlı şəkildə yayımlanacaq. Eyni zamanda Instagram səhifəmizdə də canlı yayımlarımız olur. Ayın 6-da isə Azərbaycan televiziyası ilə evdə konsertim keçiriləcək. Aprelin 9-da Mədəniyyət Nazirliyinin layihəsi ilə internet üzərindən konsert verəcəm.

-Türkiyəli məşhurlar karantin günlərində maddi cəhətdən çətinliklər çəkən ailələrə kömək edəcək. Koronavirusla mübarizəyə dəstək fonduna vəsait köçürmüş bir sənətkar olaraq bu tipli yardımlar edəcəksinizmi?

- Çox gözəl işlərdir. Çətin anlarda hamı bir birinə dəstək olmalıdır. İmkanlı sənətkarlarımız, iş adamları maddi cəhətdən problemləri olan insanlara kömək etməlidir. Deməyə ehtiyac yoxdur. Amma qohumlarımın əksəriyyəti məcburi köçkündür. Təkcə indi yox, həmişə bacardığım qədər yardım etmişəm. Hər birimizin borcudur. Kimin imkanı varsa qonşusunda , ətrafında olan kasıb ailələrə kömək etməlidir. Prezidentimizin təşəbbüsü ilə yaradılan Koronaviusla mübarizəyə dəstək fonduna birinci mən dəstək oldum. İnstagram səhifəmdə paylaşdığım videoda çağırış etdim. 1000 AZN dəyərində vəsait köçürdüm. Təbii ki, rəqəm önəmli deyil. Əsas həmrəy olmaqdı. Hətta 1 AZN köçürən də oldu. Söhbət burda birlikdən gedir.

-Son olaraq xalqa dəstək mesajınız...

- Qədim mədəniyyətə malik millətik. Düşünürəm ki, problemin öhdəsindən bir şəkildə gələcəyik.

Mənbə: sherg.az