BƏNDƏNİN SƏDAQƏT ANDI: TÖVBƏ

BƏNDƏNİN SƏDAQƏT ANDI: TÖVBƏ

Vaqif Cəliloğlu,

Tex. elmləri üzrə fəlsəfə doktoru

Dönmək, əl çəkmək və peşiman olmaq mənasını verən tövbə, fərdin o ana qədər etdiyi pislikdən əl çəkməsi, peşiman olub bir də o işi görməməsi barədə verdiyi qəti qərardır. İslami əsaslardan biri olan tövbə, nəfs və şeytan şərindən Rəbb himayəsinə sığınmaq, maddi-mənəvi xətaları təhlil edib günahlardan xəcalət çəkməkdir. Cəmiyyəti təşkil edən fərdlərdən hər birinin bu qurum naminə pislikdən vaz keçib, yaradılışdan gətirdiyi saf fitrata dönməsi, şəxsiyyət, əsli və nəslini, şərəf və ləyaqətini qorumasıdır, tövbə. Mərifət və iman ilə başlayan bir nur, bəndənin fəzilət və sədaqət andı, millətin fəlakı və həlakına qarşı bir qalxandır, tövbə.

 

Tövbənin mahiyyəti

Yaradıldığı andan son nəfəsinə qədər ömür yolu keçən hər bir insan sözsüz ki, günah və xətalardan tam qaça bilmir. Bu məcburiyyət ilahi qanunlara görə də təbiidir. Günahdan uzaq olmaq mələklərə məxsus, günaha batmaq, üsyan etmək isə şeytanın peşəsidir. İnsan yaradılışdan həm də tələsən (Ənbiya 37), özünə zülm edən, nankor, sosial varlıq olmağına rəğmən şəxsi mənafeyini üstün tutan məxluq olduğu üçün onun bir əli şərə, digəri xeyrə uzanır. Və təəssüf ki, çox vaxt onun şərə aparan əli xeyrə aparandan daha uzun olur. Bu zaman ağıl, iradə, arzu, istək, şəhvət, qəzəb və digər dəyərlərlə təchiz olunan insan, niyyət və əməlləri ilə mələk səviyyəsinə qalxa da, şeytan və heyvani nəfsinin hiyləsinə tuş gəlib günah çuxuruna düşə də bilər.

Yaratdığı insana şah damarından da yaxın olan Rəbbimiz, xəlq etdiyi bəşərin bütün ömrünü itaət və ibadətdə keçirməsinin çox çətin, hətta qeyri-mümkün olduğunu bildiyi üçün (məgər Yaradan bilməzmi?!) buyurub: "Əgər Mən insanları günahlarına, etdikləri haqsızlığa görə cəzalandırmalı olsaydım, yer üzündə heç bir canlını sağ qoymazdım..." (Nəhl 61). Elə müqəddəs kitabımızda xüsusi olaraq "Tövbə" surəsinin yer alması, Peyğəmbər (ə)-nın: "Günahı olmayan heç bir insan yoxdur. Lakin günahkarların ən yaxşısı tövbə edənlərdir" kəlamı da, Rəbbin sözügedən (Nəhl 61) mərhəmətindən qaynaqlanır.Göründüyü kimi, günahlardan xali olmayan bəndə üçün tövbə, Allah rizasını qazanmaq uğrunda verilən ilahi bir şans, fürsət kimi hər kəsə vacibdir: "... Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız"!(Nur 31)

Xətasız qul olmaz

Günahlardan peşiman olmaq, tövbə və itaət etmək Adəm (ə) və ondan sonrakı insanların işidir. Tövbə mərifət (ağıl) və iman ilə başlayan bir nurdur. Günahların öldürücü zəhər olması məhz bu nur ilə bilinir. Zəhərdən çox udduğunu, ölümə yaxınlaşdığını hiss edən şəxs peşiman olur. Halbuki, bundan əvvəl o, oyun, əyləncə və qəflət içində idi. Belələri barədə Rəbbimiz buyurub: "Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!" - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin" (Munəfiqun 10). Ayədən məlum olur ki, tövbəyə aparan yollardan biri də Allah rizası üçün imkansızlara əl tutmaqdır.

Tövbə bir fəzilət andı, onda səbat (sözündən dönməmək, mətanət) isə bir igidlik və iradə işidir. Elə həmin səbəbdən əksər müfəssirlər hesab ediblər ki, tələb olunan səviyyədə tövbə edib səbat göstərənlər şəhidlik zirvəsinə qədər ucala bilirlər. Fəzilət və səbat sahibləri "xətasız qul olmaz" prinsipinə görə, xətasız olmaq barədə düşünməzlər. Onlar xəta və günahları azaltmaq yollarını arayarlar, nəfslərini iman və ağılla idarə edib, qəlblərini mənəvi çirklərdən təmizləməklə onu doğuluşdan verilən hala gətirmək üçün əzm göstərərlər. Və bununla da onlar Allahın bağışlayan, rəhm edən, mərhəmətli olduğunu bilib, tövbə etməklə Onun qulluğundakı sədaqətlərini sərgiləyərlər.

Yaşadığımız zamanın diqtəsini nəzərə alaraq bir məsələni də qeyd etmək istərdik. Hazırda biz elə bir dövr, toplum içində yaşayırıq ki, burada insanın gözünə, qulağına, nəfsinə tam hakim olması olduqca (çooox!) çətindir. Belə durumda lazım olan ən vacib iş mümkün dərəcədə günah zəmnindən - potensial günahdan uzaq olmaqdır. Buna İslamda "Səddi zərai" - pisliklərə aparan yolları bağlamaq, onlara sədd çəkmək deyilir. Bu nüansa toxunan Rəbbimiz Qurani-Kərimdə "zina etməyin" yox, "zinaya yaxınlaşmayın" əmrini verib. Digər ayədə "yetim haqqını yeməyin" yox, "yetim malına yaxınlaşmayın" buyurub. Sözügedən və onlara bənzər kəlamlarda qayə, insan təbiətində "səddi zərai"nin önəmini göstərməkdir. Çünki belə yanaşmalar insanı qəsdən günah etməkdən qoruya bilir.

Tövbənin qəbul şərtləri

"Ərşi-səmaya sığmaram, fəqət mömin bəndəmin qəlbində məskən salaram" Rəbb kəlamıdır. Deməli, insan qəlbinin mahiyyəti və təyinatını, bədən üzvləri və Allahla münasibətini, onu Allahdan ayıran səbəbləri bilsə, tövbəsinin qəbuluna şübhəsi olmaz. İnsan qəlbi doğuluşdan təmiz, ləkəsiz bir ayna kimidir. Günah işlədikcə həmin aynada qara ləkələr peyda olur. Bu zaman bəndə yaxşı bir iş görüb tövbə etməklə həmin ləkələri silə bilər. Təbir caizsə, çirkli paltar yuyucu maddə ilə təmizləndiyi kimi, qəlb də günahlardan yaxşı əməllərlə təmizlənir: "Hər pislikdən sonra bir yaxşılıq et ki, onu silsin" (həz.Məhəmməd).

Günah şeytanın hiyləsi olsa da, fəqət o insan əməli ilə həyata keçir. Həmin səbəbdən hər bir günah üçün tövbə etmək şərtdir. Çünki günahını tövbə etməyən yeni günah etmiş sayılır. Peyğəmbər (ə)-nin: "Hər kəs xəta edər, xəta edənlərin ən xeyirlisi tövbə edənidir" kəlamına görə, insan təbiətində onu günaha çəkə biləcək bir qisim duyğu və hisslər var ki, fərd onları düzgün istiqamətləndirməsə, günaha batar. Məs., insandakı qəzəb hissi hədəfə tuşlandığı təqdirdə (düşmənə qarşı) sahibinə qazilik və şəhidlik savabı gətirirsə, əks halda (xalqına), fərd günah qazanır. Əgər günah başqasının haqqına yönəlməyibsə, onda tövbənin qəbul şərtləri: a) pis işdən əl çəkmək; b) qəlbən peşiman olmaq (peşiman olmasa, qürur olub tövbəni pozar); c) o işi bir daha etməyəcəyinə qəti qərar verməkdən ibarətdir. Günah fərdə qarşı edilibsə, onda həmin şəxsdən halallıq almaq vacibdir. Çünki Allah haqqı tapdalanan bəndə bağışlayandan sonra bağışlayır. Burada incə bir məqamı xatırlatmaq məncə yerində olardı. Məlumdur ki, xristianlıqda günahların bağışlanması keşişlər tərəfindən həyata keçirilir. Kilsəyə gələn günahkar xristianı dinləyən keşiş müəyyən para aldıqdan sonra ona günahının bağışlandığını bəyan edir. Halbuki keşiş və ona müraciət edəndən hansının nə dərəcədə günahkar olduğunu yalnız Allah bilir.

Tövbə üçün günah ruhda bir iztirab şəklində duyulmalı, vicdanda pis əmələ qarşı bir diksinti, nifrət oyanmalıdır. Əgər insan ruhu, qəlbi vasitəsilə tövbə etmirsə, onun qüsul verib dediyi sözlər adi bir mərasim və yararsız ifadələrdir. İnsan bəzən tövbəni həqiqətən vicdandan gələn səmimi peşmançılıqla edir. Fəqət sonra iradə zəifliyindən həmin günaha yenidən mübtəla olur. Bu zaman o, dərhal yenidən tövbə etməlidir. Çünki tövbədə gecikmə, ruhun həmin nisbətdə korlanmasıdır. Yeri gəlmişkən, tövbənin dil və söylənməsi dilin sadəcə bu prosesdə iştirakçı kimi həssas məqamı - qəlbin halını tərcümə etməsi, anlatmasıdır.

Zəhər səhvən içilərkən belə, həlaka apardığı kimi, günah da səhvən və ya zərurətdən doğarsa, yenə də insanı zillətə salar. Lakin bu günahların tövbə ilə bağışlanacağı barədə Rəbbin vədi var. Əgər günah qabaqcadan planla, qəsdən edilirsə, o zaman əfv və məxfirət təminatı demək olar ki, yoxdur. Dünyəvi hüquqda olduğu kimi, dini hüquqda da (fiqh) bilərəkdən və ya səhvən edilən eyni günahın cəzası müxtəlifdir. Daşıdıqları isimlər naminə (Məhəmməd, Əli, Hüseyn, Ömər və s.) hətta özümüzü belə fəda edəcəyimiz münkirlər (haramxor və zülm edənlər), bəzən Firona rəhmət oxudacaq qədər vətən torpağına, xalq və onun sərvətinə, din və dövlətçilik əsaslarına təcavüz etdikdən sonra, məscidlərdə və hətta Kəbədə tövbə etmələrinə rəğmən, yenə də bu çirkaba qayıdırlarsa, onların tövbələrindən bir axsaq dişi keçinin asqırması daha əfzəldir. Məs., rüşvətlə vəzifəyə gəlməyi və verdiyini xalqdan almağı qabaqcadan planlaşdıran məmurun vəzifəyə gəldikdən sonra bu işi felən reallaşdırılması qəsdən edilən günahdır. Bilərəkdən başqasının haqqına təcavüz edərək maddi-mənəvi haramlara girmiş insanın tövbəsinin qəbul olunmasının şərtləri barədə həz. Əli buyurub: "Onlar: 1) keçmiş günahlardan peşiman olmalı; 2) heç vaxt o günahları təkrar etməməli; 3) məxluqatın haqqını özünə qaytarmalı; 4) vacib olan əmrləri yerinə yetirməli; 5) bədəndəki haramdan əmələ gəlmiş ət və yağı dərd və qəmlə əritməli, dərinin sümüyə yapışacağına qədər zəifləməli və sonra halal tikədən ətə-cana gəlməli; 6) günahdan aldığı əvvəlki zövq qədər ibadətdən ləzzət almalıdırlar. Yalnız bundan sonra Allahdan günahların örtülməsini diləmək olar".

Böyük və kiçik günahlar

Bütün günahlar dünya ilə yaxınlıq, müxtəlif vasitələrlə ondan çox şey almaq zəminində yaranır. Bu zaman dünya cənnət kimi, Allahu-Təaləyə aparan yol isə zindan kimi olar. Lakin insan qəlbində mələklərə xas elə cövhər var ki, o, günahlardan xəcalət çəkməklə bəndəni rahat buraxmır. Bu, Allahı özündə sakin etmək istəyən qəlbdir.

Əksər İslam alimlərinə görə, günahlar böyük və kiçik olmaqla iki qismə bölünür. Qəzzali (v.e.1111) hesab edib ki, 17 böyük günah var. Onların dördü qəlblədir: küfz; kiçik olsa belə günaha davam etmək; Allahu-Təalənin rəhmətindən ümidini üzmək; "Onun qəzəbindən uzağam" əqidəsində olmaq. Dördü dil ilədir: yalan yerə şahidlik etmək; təmiz insana zina damğası vurmaq; nəyəsə nail olmaq naminə yalan yerə and içmək; söz ilə sehrbazlıq etmək. Üçü mədə ilə əlaqəlidir: sərxoş edən içki içmək; yetim malını yemək; faiz, sələmlə məşğul olmaq. İkisi cinsiyyət orqanı ilədir: zina və livata. İkisi əl ilədir: adam öldürmək və oğurluq etmək. Biri ayaqla əlaqəlidir. Bu, müharibədə düşmən qarşısından qaçmaqdır. Məs., biz müsəlmanın iki, on müsəlmanın iyirmi kafirdən qaçması kimi (bax: Ənfəl 66). Əgər döyüşdə bu nisbət çox olarsa, qaçmaq caizdir (icazə veriləndir). Biri də bədən üzvləri ilə valideynə qarşı çıxmaqdır. Qeyd edək ki, imam Qəzzalinin bu təsnifatında təəccüb doğuran cəhət siyahidə həsəd, qeybət, intihar kimi böyük günahların yer almamasıdır.

Üləmaya görə, kiçik günahların əfv edilməsi daha çox ümid ediləndir. Lakin bəzi səbəblərdən kiçik günahlar böyük günaha çevrilə də bilər. Məs., kiçik günahda davamlı olmaq, onu əhəmiyyətsiz hesab etmək. Bu zaman bəndə su damcılarının sal qayaları parçalaya biləcəyinə inanmadığı kimi, kiçik günahlara da əhəmiyyət vermir. Günahı qənimət, fürsət bilmək və onunla öyünmək də böyük günahlara şərait yaradır. Məs., "mən filənkəsi aldadıb pulunu aldım; onu xəcalətli etdim, utandırdım" kimi ifadə və davranışlar.

"Cəhənnəmdəkilərin çoxunun fəryadı tövbəni təxir etdikləri üçündür" hədisinə görə, günah, zülm etmiş bəndə tövbəsini təxirə salmamalıdır. Günah edilən kimi dərhal tövbə etməlidir. Çünki heç kim ölüm mələyinin sinəsinə nə vaxt çökəcəyini bilmir. Əgər Allahın seçdiyi və təminatı altında olan Peyğəmbər (ə): "Mən gündə yetmiş dəfə tövbə və istixfar (bağışlanma diləmək - V.C) edirəm" - deyibsə, onda bizə düşən vəzifə və borc da günahlarla dolu müasir dünyada ən azı gündə bir dəfə özümüzə hesabat vermək, gündəlik əməllərimizi təhlil edərək nəticə çıxarmaq və tövbə etməkdir. Əslində

"Hünərim çox olub özüm biləni,

Günahım ondan da çox olub hələ...

Bircə bu günahım bağışlanacaq:

Neylədim - Vətəni sevmək naminə,

Ucaltmaq naminə elədim ancaq".

(Məmməd Araz)

etiraflarla adət və vərdişə çevrilən belə özünütəftişlər, nəinki imanın kamilləşməsi, qəlbin hüzünlü, vicdanın tətikdə olması, hətta bədən sağlamlığı, cəmiyyətin etibarlılığı və ailənin nizamı üçün əvəzedilməz müalicə üsuludur. Bu eyni zamanda növbələşməklə tövbələşən ayrı-ayrı fərd və qurumlardan ibarət saf bir xalq və ümmətin təşəkkül və həmrəyliyi deməkdir. At üstündə olan belə süvari - xalq hər işini Allah rizası naminə qurduğu üçün, düşmənləri onun üzəngisindən öpər, iman bayrağı isə həm dünya, həm də axirətdə şahlanar.

Müasir durum elədir ki, etdiyimiz və tezliklə hesaba çəkiləcəyimiz o qədər xəta, günah və zülmlərimiz var ki, onların bir qismindən hesaba çəkilməsək belə, qalanları əbədi həlak olmağımız üçün yetərlidir. Lakin Allah rəhmlidir. O, yalnız şirki bağışlamır. Günahlarımız nə qədər böyük və çox olsa da, Allahın mərhəməti daha genişdir. Bizim tövbəmiz Allaha dönmə, Rəbbin tövbəsi isə rəhmət qapısını yenidən açmaqla bizə dönməsidir. Bilməli ki, O, bizdən həqiqi tövbəni istəyir. İstəyir ki, bu fani və aldadıcı dünyada bəndəsinə göstərmədiyi Cəlal və Camalını baqi və həqiqi aləmdə - axirətdə göstərsin; qulunu şövqlə Onu həmd-səna etməsindən məmnun qalıb desin: "nihməl əabdu. innəhu əvvəbun" (nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi. (Sad 44). O ki, qaldı bizə, istədiyimiz tövbələrimizin qəbuludur. Əlbəttə, O vermək istəməsəydi, əvvəla istəməyi verməzdi. Madam ki, istəməyi verib və necə istəməyi də öyrədib, deməli, istədiyimizi də inşallah verəcəkdir.

İstədiyinin tövbəsini qəbul edəndir, Təvvabdır Allah.

Mənbə: paralel.az