Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfələr vermiş insan - Vilayət Hacıyev - 70

Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfələr vermiş insan  - Vilayət Hacıyev - 70

Bu gün Azərbaycan müasir tərcüməçilik məktəbinin yaradıcılarından olan, böyük filoloq, tərcüməçi alim, professor Vilayət Hacıyevin 70 yaşı tamam olur.

1950-ci il aprelin 1-də Azərbaycan ədəbiyyatının, poeziyasının Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı kimi görkəmli şəxsiyyətlər yetişdirmiş Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur.

Ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə şərəfli müəllim peşəsindən başlayan V.Hacıyev taleyini pedaqoji fəaliyyətə həsr etməklə yarım əsrə yaxındır ki, Azərbaycan Dillər Universitetində yorulmadan çalışır. İstər Universitetin Tərcümə fakültəsinin dekanı, istərsə də Avstriya Kitabxanasının elmi rəhbəri, dosenti vəzifələrində işlədiyi müddətdə V.Hacıyev daim bilik və bacarığı ilə fərqlənmiş, müəllim-tələbə kollektivinin sevimlisinə çevrilmişdir.

Hələ tələbəlik illərindən tərcümə işinə böyük maraq göstərən Vilayət Hacıyev o dövrdən bədii tərcümə fəaliyyəti ilə yaxından məşğul olmuş, almancadan Azərbaycan dilinə və əksinə müxtəlif müəllifləri orijinaldan dilimizə tərcümələr etmişdir.

Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq V.Hacıyevin tərcümələri Azərbaycan mətbuatında, o cümlədən geniş tirajla yayımlanan və çoxsaylı oxucu auditoriyası olan "Azərbaycan", "Ulduz", "Xəzər" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət" qəzetində yayımlanır. Azərbaycan oxucuları məhz onun tərcümələri sayəsində V.Borxert, Z.Lents, Henrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələri ilə tanış olmuşlar.

Müxtəlif antologiya və toplularda çap olunan tərçümələrindən əlavə o, həmçinin bir çox tərcümə kitablarının müəllifi və ya həmmüəllifidir.

Onun xidmətləri daim lazımınca qiymətləndirilmiş, Frans Kafkanın "Məhkəmə" romanını Azərbaycan dilinə mükəmməl tərcümə etdiyinə görə 2012-ci ildə "Ən yaxşı tərcümə əsərinə" görə Tofiq Bayram mükafatına layiq görülmşdür.

V.Hacıyev həmçinin, Avstriya Federal Prezidenti Avstriyanın federal Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç" ordeni ilə təltif olunmuşdur.

Uzun illərdən bəridir ki, ölkəmizdə almandilli ədəbiyyatın Azərbaycan oxucularına çatdırılmasında tərcüməçi kimi böyük xidmətləri olan, hamımızın sevimlisi Vilayət müəllimi əlamətdar yubileyi münasibətilə Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrası adından təbrik edir, ona uzun ömür möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının kollektivi

Mənbə: moderator.az