"Tərki-dünyalıq movzulu yazılarım bəzən qınaq obyekti olur, amma..."

"Tərki-dünyalıq movzulu yazılarım bəzən qınaq obyekti olur, amma..."

Aprelin 3-ü çağdaş ədəbiyyatımızın tanınmış nümayəndəsi, şair, tərcüməçi Zakir Fəxrinin doğum günüdür. Onunla əlaqə saxlayıb, həm ad gününü təbrik etdik, həm də bu gərgin dönəmlə, yaradıcılığa, ədəbiyyata münasibətilə bağlı fikirlərini öyrəndik:

- Zakir bəy, pandemiya və karantin günlərində doğum gününüzü necə qeyd etmək fikrindəsiniz?

- Təşəkkür edirəm, təbrik üçün. Amma həqiqətən, doğum günlərinə heç aludə deyiləm. İnandırım sizi, ad günü yadıma da düşmür. Ancaq dostlar zəng vuranda bilirəm ki, hə, ad günüm imiş. Mənim ən böyük ad günüm o vaxt olar ki, torpaqlarımız azad olunsun, Qarabağ qaytarılsın.

- Pandemiya, COVID-19 virusu və mənəviyyatdakı viruslar... Hansını daha təhlükəli hesab edirsiz?

- Toplumu, cəmiyyəti yaşadan dəyərlərdir. Son zamanlarda əsl dəyərlər məhv olub. Bütün bu şoular, bəsit verilişlər insanları yormuşdu. Virtual dünya, smartfonlar, sosial şəbəkələr insanlara mənfi təsir göstərir, məncə. Əslində, bu sadaladıqlarım özlüyündə yaxşı şeylərdir, amma müsbət cəhətdən yanaşa, düzgün istifadə edə bilmirik. Yaradıcı düşüncə yox, fikir yox...

Hazırda təhsil onlayn sistemə keçib, məktəblər bağlanıb. Məncə, canlı dərslə onlayn dərs arasında çox böyük fərq var. Ənənəvi üsulda tədrisin yerini heç cür verə bilməz.

Bir məsələ də var ki, koronavirus dünyanı silkələdi. Dünya çox bəsitləşib, ruha qida verən çox az şeylər qalıb. Həmişə deyirəm, həyat təkcə atılıb-düşməkdən ibarət deyil. Mənəvi tərəfləri də diqqətdə saxlamaq lazımdır. Düşünürəm ki, dünyanı cənginə alan bu virus o “viruslar”ı da məhv edəcək.

- Şair olmaqla yanaşı, həm də tərcüməçisiniz. Azərbaycanda tərcümə problemilə bağlı nə düşünürsüz?

- Dünya ədəbiyyatında bəyəndiyım, anladığım, ruhuma yaxın şairlərin şeirlərindən bir neçəsini seçib dilimizə çevirirəm... Sətri tərcümədən (orijinaldan) poetik tərcüməyə... Sözbəsöz çevirəndə heç bir məna, anlam olmur – yəqin mənimlə razılaşarlar... Bizdəki qəm-qüssə, kədər anlayışı avopalılarda tam başqadır...

Azərbaycan Dövlət Tərcümə Mərkəzində sistemli şəkildə, çox peşəkar səviyyədə dəyərli əsərlər tərcümə edilir. Tərcümə qohumbazlıq, tanışlıq qəbul etmir, əsas sözü mətn deyir.

- Yaradıcılığınız daha çox irfani notlar üzərinə qurulub. İstərdim bir az da bundan danışaq.

- Tərki-dünyalı mövzulu yazılarım bəzən qınaq obyekti olur, amma mən dünyanı bu cür görür, bu cür qəbul edirəm. Hazırda görünən odur ki, həqiqətən də ədəbiyyat elə budur. Bunlar öncəgörənlik deyil, həqiqətdir. Dünyanı anlamaq, dərindən başa düşmək üçün sufiləri anlamalısan, onların elmini bilməlisən. Böyük sufi Əbu Hamid əl-Qəzalinin çox gözəl sözü var. Deyir, “Sənin olan yalnız gəmi qəzaya uğrayanda itirməyəcəyindir”. İnsan gec, ya tez o nöqtəyə çatır. Yazdıqlarımın hamısı yaşadıqlarımdır. Yaşamışam, hiss eləmişəm və öyrənmişəm.

- Gənc nəsildə keçmişi inkar meyilləri güclüdür. Bu haqda nə düşünürsünüz?

- O gənclərə sual vermək lazımdır ki, gələcək nə deməkdir? Yaşamadığımız günü necə dəyərləndirə bilərik? Fantastik əsər başqa şeydir. Arzular, xəyallar, qurama, fantaziya... Yazı yazanda keçmişə söykənirik. Keçmişi danmaq olmaz. Bu dəqiqə dünyada ən bahalı şey nədir? Klassik əşyalar, klassik əsərlər. Axı gələcək hələ gəlməyib ki, üzünü-gözünü görmüş olaq, dəyərləndirək... Sadəcə ehtimal edə bilərik... Əgər keçmiş önəmli deyilsə, niyə o qədər qiymətlidir? Bu özünü inkar etməkdir. Hissi, duyğusu olan, dünyanı anlayan adam keçmişi inkar etməz. Hərə öz məqamından aşağı yuvarlana bilər, amma ondan yuxarıya çıxa bilməz. Hər yazı yazan, sözə qısılmış insana hörmətim var, amma baxır qədərinə...

Dünyanın heç bir yerində bu qədər ağrılı həqiqət yoxdur. Görün, biz nə müsibət içərisindəyik ki, Sabir, Mirzə Cəlil yaradıcılığı bu gün də müasirdir, aktualdır. İndi gör, o kişilər nələr görüblər...

- Az qala hər qələm adamının özünə müəllim seçdiyi bir ədib olur. Sizdə bu kimdir?

- Məni heç kim ədəbiyyata gətirməyib, hamısı öz taleyim, öz yazımdır. Mən göylərə bağlı adamam. Bir dəfə uşaq ikən toyda Yaqub Məmmədova qulaq asırdım. Gördüm, ancaq Füzulidən oxuyur. Məndə elə qısqanclıq yarandı ki (gülür)... Beləcə, başladım yazmağa. Hərə bir bəhanəylə cızır ömür yolunu. Zərurət təsadüfdən də doğulur.

- “Nə üçün yazırıq?” sualına sizin cavabınız nədir?

- Niyə yazırıq, bilmirəm. Amma mən aya, ilə 20-30 şeir yazanları başa düşmürəm. Necə ola bilər, axı? Əksinə, bəzən 5 ildə 3 şeir yazırsan, ya yox. Şair var, 50 cildlik kitabı var, amma içində bir şeir tapmırsan.

 

- Texnologiyaya münasibətiniz necədir?

- Məhəmməd peyğəmbər deyib ki, elm Çində olsa da, ardınca gedin. Elm qüdrətli məfhumdur. Elmsiz dünya olmaz. Çox istərdim ki, Azərbaycanda kitaba, elmə qayıdış ola.

- Məşhur “Qalmaz belә, qalmaz dünya” şeiriniz və ona yazılmış mahnı çox məşhurdur. Onun maraqlı bir yaranma tarixçəsi var, yəqin ki......

- Musiqi 1990-cı ildə bəstəkar, tarixçi Rauf Məmmədov tərəfindən bəstələnib. Amma şeir daha əvvəl, təxminən 1980-ci ildə yazılıb.

Qarabağ hadisələrinin qızışan vaxtıydı, 20 Yanvar faciəsindən çox az vaxt keçmişdi. Bir gün kefsiz oturub əlyazmalarımı vərəqləyirdim. Rauf Məmmədov da gəlmişdi. Cızma-qaralamalardan birini görüb götürdü. Oxuyandan sonra məndən tam variantını istədi. O vaxt ağlıma heç nə gəlməmişdi, açığı. Heç mahnıdan da xəbər tutmamışdım. Sırf təsadüf nəticəsində söhbətlərin birində mahnının adını eşidib Zeynəb Xanlarovanın ifasında dinlədim.

Bir məsələni də deyim ki, mahnının sözlərində bəzi dəyişikliklər edilib. Çünki o vaxt hələ Sovet İmperiyasının tərkibindəydik. Senzura qılıncının dalı da kəsirdi, qabağı da. Hətta bəziləri hesab edir ki, bu, xalq mahnısıdır, folklor nümunəsidir. Bundan başqa, indi bəzi müğənnilər mahnını muğam hissəsini düz oxumurlar.

- Yaradıcılıqla bağlı nələrsə planlaşdırmısınız?

- Plan dövlətdə olar, insanda, yaradıcılıqda olmaz ki (gülür). Heç bilmirəm sabaha sağ çıxacam, yoxsa yox. Bir vərəqdi, bir də mən, görək, nə olacaq (yenə gülür).

- Maraqlı söhbət üçün təşəkkür edirəm, Zakir bəy! Qəzetimizin kollektivi adından bir daha sizi təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram!

- Çox sağ olun, var olun! Allah sizi də, qəzetinizi də virusdan qorusun (gülürük).

P.S. Zakir Fəxrinin sözügedən şeirini və ona bəstələnən mahnını Zeynəb Xanlarovanın ifasında təqdim edirik:

Qalmaz belә, qalmaz dünya.

Bığ yeri tәrlәyәn igid,

Girәvә hәrlәyәn igid,

İçindә çәrlәyәn igid,

Qalmaz belә, qalmaz dünya.

Sığınar bir xәlvәt döşә,

Qorxar baxtı bәndә düşә.

Boynunu bükmə, bənövşə,

Qalmaz belә, qalmaz dünya.

Könül verməzlər şər vaxtı

Arxanca bir qərib baxtı...

Qara qızın qara baxtı

Qalmaz belə, qalmaz dünya.

Övladların çıxdı naşı,

Qəm yükünü özün daşı,

Axma, anamın göz yaşı,

Qalmaz belə, qalmaz dünya.(525.az)

Mənbə: moderator.az