FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər

FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər

Bakının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən tutmuş, “Alov qüllələri”nə qədər görməli və tarixi məkanları ilə tanışlıq

Son dərəcə gözəl Bakı şəhəri İranın şimal qonşusu olan Azərbaycanın paytaxtıdır. Bu iki ölkə arasında mədəni yaxınlıq, çox sayda oxşarlıq var. Bakı ümumilikdə Qafqaz bölgəsinin ən sıx və ən populyar şəhəridir. O, həm də Təbrizlə qardaşlaşmış şəhərdir. Bu gün Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində, restoranlarında “Təbriz” adına rast gəlinir. Bu iki şəhərin hər biri sərhədin iki tərəfində Azərbaycanın əsas şəhəridir. Bundan başqa, hər iki şəhər enişli-yoxuşlu tarixə malikdir.

Bakıda ilk diqqəti cəlb edən şübhəsiz ki, onun ecazkar memarlığıdır: ənənəvi Qafqaz memarlığı, Sovet hakimiyyəti dövrünə aid binalar, Dubay və Honkonq tikililərini xatırladan müasir göydələnlər, Avropasayağı daş səkilərdən ibarət kompozisiya. Bütün bunlar şəhərdə turistləri valeh edən xoş atmosfer yaradır. Şəhərin görməli yerlərini gəzmək marağındasınızsa, Bakıda gəzintidən həqiqətən zövq alacaqsınız. Üstəlik, bu şəhərin görməli yerləri az deyil. Bu siyahıya yəqin ki, İçərişəhər başçılıq edir. Söhbət paytaxtın qədim qala divarları ilə əhatəyə alınmış hissəsindən gedir. O, bu üzdən İçərişəhər adlanır. İçərişəhər UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb. Hər il oraya minlərlə turist baş çəkir. İçərişəhəri Bakının döyünən qəlbi adlandırmaq tam yerinə düşər. Tarixi Şirvanşahlar sarayı, Qız qalası kimi vacib görməli yerlər məhz orada yerləşir.

İçərişəhər turu

İçərişəhərə ekskursiya Qafqazın keçmişinə səyahət qədər maraqlıdır. Şəhərin bu hissəsi 12-ci əsrə aiddir. Binaların daş memarlığı, dar küçələr, ənənəvi restoranlar, suvenir dükanları, hər tərəfdə səslənən Azərbaycanın xalq musiqiləri unudulmaz Bakı turu üçün olduqca xoş başlanğıcdır. İçərişəhəri ziyarət pulsuzdur. Şirvanşahlar sarayı və Qız qalasını görmək üçün isə bilet almalısınız.

Qız qalası

Qız qalası Bakının ən qədim, ən önəmli abidələrindən biridir. Bır sıra arxeoloqlar tarixi faktlara əsaslanaraq, qalanın dördüncü əsrə aid olduğuna inanır. Maraqlıdır ki, qala vaxtilə Zərdüşt məbədi olub. Zərdüştiliyin köklərinin İrana gedib çıxması iranlılar üçün Qız qalasını daha da maraqlı edir.

Bu tikili turistik cazibəsilə yanaşı, Bakının ən vacib milli-mədəni sərvətlərindən sayılır. Qalanın niyə Qız qalası adlandığına gəlincə, bu qaqda çoxlu əfsanələr var. Onlardan ən gözəli və ən əsası od mələyinin qızı haqqında olandır. Bu ölkənin insanları inanır ki, şeytan heç vaxt buraya təsir edə bilməyib və bilməz.

Qız qalası Bakı tarixinin və keçmişinin ən vacib rəmzidir. Onun hündürlüyü 29 metrdir. Qalanın zirvəsindən Bakının və Xəzər dənizinin gözəl mənzərəsini seyr etmək mümkündür.

Şirvanşahlar sarayı

Şirvanşahlar sarayı təkcə Bakının deyil, bütünlükdə Azərbaycanın ən vacib, ən böyük və ən qədim tarixi abidələrindən biridir. Bu gözəl sarayın memarlığı Şirvan-Abşeron memarlığına əsaslanır. O, Bakının tarixi hissəsində yerləşir. 1964-cü ildə tarixi abidələr siyahısına salınmış sarayda təmir-bərpa işləri də aparılıb.

Qeyd etmək lazımdır ki, burada maraqlı məqam təkcə sarayı ziyarətlə bitmir. Saray ətrafında bir çox mağaza fəaliyyət göstərir ki, elə onları dolaşmağın özü böyük əyləncədir. Üstəlik, onları gəzmək üçün pul ödəməyə də ehtiyac yoxdur. Amma saraya daxil olmaq üçün böyüklər 2 manat ödəməlidir.

Bu sarayın əksi Azərbaycanın 10 manatlıq əskinasının üzərinə də həkk olunub. Şirvanşahların Azərbaycana hökmranlıq etdiyi dövründən qalmış bu saray haqqında maraqlı məlumatlar var. Sarayın oymaları, daş tağları, səkkizguşəli günbəzə malik divanxana və s. son dərəcə maraqlıdır. Bundan başqa, saraya qadınları, kişiləri və işçilər üçün girişlər ayrı imiş. Əgər Şirvanşahlar sarayı haqda daha çox məlumat əldə etmək istəyirsinizsə, bunun üçün ingilis dilində danışan bələdçiyə müraciət edə bilərsiniz. Sadəcə, bu xidmət ödənişlidir.

Demək olar ki, hər şəhərdə onun döyünən ürəyi sayılan canlı, izdihamlı küçələr olur. Turistlər asudə vaxtlarının bir hissəsini bu küçələrdə keçirməyi, bununla da şəhərin atmosferinə düşməyi xoşlayır. Bakıda bu, Nizami küçəsidir. Yerli sakinlər bu küçəni çox sevir, onunla öyünür. Turistlər üçün isə bura İstanbulun İstiqlal prospektini xatırladır. Daş səkili bu küçənin ətrafı göz oxşayan mağaza, kafe və restoranlarla doludur. Burada həyat gecə-gündüz qaynayır. Nizami küçəsində gəzməkdən yorulmayacaqsınız. Gecə gəzintisini də unutmayın.

Bakı bulvarı və Fəvvarələr meydanı

Həm Azərbaycanın, həm də Qafqazın ən böyük liman şəhəri olan Bakı bizim də yaxından tanıdığımız Xəzər dənizinin sahilində yerləşir. Bu dəniz biz iranlılar üçün xatirələrlə doludur. Bakıya səfər zamanı bu gözəlliyi də görürük.

Bakının əsas küçələrindən biri məhz Xəzər dənizi sahili boyunca uzanan ucsuz-bucaqsız bulvardır. Daş səkiləri olan bulvar müxtəlif cazibədar kafeləri, rahat yaşıllıqları və s. ilə istər şəhər əhalisi, istərsə də turistlərin ən çox toplaşdığı məkandır. Bakının ən görməli məkanlarından olan bu gözəl dənizkənarı bulvarda gəzinti biz iranlılarda fərqli hisslər yaradır.

Bulvarda gəzinti zamanı icarəyə velosiped də götürə bilərsiniz. Şəhərin bir çox əsas obyekti, o cümlədən Bakı Biznes Mərkəzi, “Park Bulvar” Ticarət Mərkəzi, Muğam Mərkəzi və s. də bulvarda yerləşir.

Bakının əsas əyləncə məkanlarından olan Fəvvarələr meydanı isə daha çox restoranları, açıq havadakı kafelərilə tanınır. Gecələr buradakı işıqlı fəvvarələr heyrətamiz görüntü yaradır. Gün boyu Bakını gəzdikdən sonra gecə saatlarında bu meydanda dincələ, Azərbaycan kababından ləzzət ala, ətrafdakı mağazalara, dükanlara baş çəkə, sonda isə çay dəstgahına qonaq ola bilərsiniz.

Səfərə uşaqlarınızla getmisinizsə, Fəvvarələr meydanı onlar üçün də əyləncə məkanıdır.

Yeri gəlmişkən, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu meydana çox yaxın yerləşir. Muzey binasının fasadı gözəl heykəllərlə bəzədilib. Bu, foto çəkmək həvəskarları üçün əladır.

Milli Azərbaycan Tarixi Muzeyi

Yollandığınız şəhərin muzeylərini gəzməyi, şəhərin tarixi və mədəniyyətilə tanış olmağı sevirsinizsə, Bakıdan əliboş qayıtmayacaqsınız. Bu şəhərin görməli yerlərindən biri də Milli Azərbaycan Tarix Muzeyidir. Bu bina vaxtilə ölkədə bir neçə məktəb və qəzet açmış, tarixə xüsusi marağı olmuş azərbaycanlı kapitalist Zeynalabdin Tağıyevin malikanəsi olub. Muzey isə 1920-ci ildə yaradılıb. O, Azərbaycan tarixinin qədim, orta əsrlər və müasir dövrlərinə həsr olunmuş bir neçə qalereyadan ibarətdir. Bu qalereyaların dizaynı da özünəməxsus gözəlliyə malikdir.

Azərbaycan Milli Xalça Muzeyi

Azərbaycan, xüsusən də Təbriz xalçalarının şöhrəti haqqında yəqin ki, çoxunuz eşitmisiniz. Azərbaycan bu gözəl, gözoxşayan sənət növünə də muzey həsr edib. Muzey binasının dizaynı bükülmüş xalça formasındadır. Muzey 2014-cü ilədək başqa məkanda yerləşirdi. O, yeni binaya təxminən 5 il əvvəl köçürülüb.

Bu gün muzeydə mindən çox xalça saxlanır. Onların motivləri, rəmzlərinin tarixçəsi, növləri haqda daha ətraflı məlumat almaq istəyirsinizsə, müəyyən ödəniş etməklə bələdçi tuta bilərsiniz.

İran və Azərbaycan xalqlarının mədəniyyəti çox bənzərdir. Bu da təəccüblü deyil, çünki vaxtilə onlar vahid dövlətin tərkibində olublar. Odur ki, xalçaçılıq sənəti İran xalqı kimi, azərbaycanlılar arasında də məşhurdur. Əlbətdə ki, Azərbaycanda toxunan xalçaların dizaynı İran xalçalarının dizaynından bir qədər fərqlənir. Hər halda, Azərbaycanın gözəl və kreativ xalçaları ilə tanışlıq maraqlıdır.

Ümumilikdə muzeydə bəzilərinin yaşı 50-dən çox olan 5 minə yaxın xalça var. Buranı tam ziyarət etmək üçün 2-3 saata qədər vaxt lazımdır. Bakı Xalça Muzeyinə giriş böyüklər üçün 7 manat, 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. Xalça Muzeyi şübhəsiz ki, Bakının ən görməli yerlərindəndir.

Murad darvazası

Şəhərin şərq qapısı hesab olunan Murad darvazası Bakının ən yaxşı görməli yerlərindən biri və tarixi abidədir. Memarlıq və bəzək baxımından bu gözəl qapı insanı həyəcanlandırır. Ancaq bu, aysberqin yalnız görünən hissəsidir. Darvazanın arxasındakı tarixi hekayəni öyrəndikdən sonra onunla daha çox maraqlanacaqsınız.

Yəqin ki, tarixdən İranın XVI əsrdə Bakını ələ keçirdiyi haqda oxumusunuz. Başqa versiyaya görə, o dövərdə Rusiya ilə Osmanlı da bölgəyə iddia etdiyindən, İran, Rusiya və Osmanlı imperiyası arasında müharibə olub. Nəhayət, türk sultanı III Sultan Murad bölgəni öz nəzarətinə götürüb. Sultan III Muradın adı Murad darvazasının üzərinə böyük hərflərlə bu səbəbdən yazılıb.

Bir sözlə, Bakıya səyahət zamanı bu gözəl abidəyə mütləq baş çəkin.

Funikulyor

Bakıda mütləq baş çəkməli olduğunuz yerlərdən biri də funikulyordur. O, Bakı şəhərində quraşdırılmış ilk və yeganə belə qatardır. İstismara 1960-cı ildə, Sovet hakimiyyəti dövründə verilib. Ona minmək baha deyil. Funikulyorun uzunluğu cəmi 455 metrdir və bunun üçün 1 dollardan da az gediş haqqı ödəmək lazımdır. Onunla hərəkətdə olarkən şəhərin gözəl mənzərəsini yüksəklikdən seyr etmək olur. Qatarın yerinə eyni məsafəni 200 pilləli yolla da gedə bilərsiniz. Lakin yolu qatarla getmək daha yaxşıdır. Bu qatara minmək səyahətinizin unudulmaz xatirəsinə çevrilə bilər.

“Şeytan çarxı”

Bakıdakı “Şeytan çarxı” sizə Londonun mərkəzindəki nəhəg attraksionu xatırladacaq. Olduqca böyük karusel Bakı bulvarında, dənizin sahilində yerləşir. Ona minməyi səfər proqramınıza mütləq daxil edin. “Şeytan çarxı”nın hündürlüyü təxminən 60 metrdir. Onun 30 böyük kabinəsi var. Hər kabinə 8 nəfərlikdir. 2019-cu ildə açılmış bu attraksion tamamilə təhlükəsizdir. O, 1 dövrəni yarım saata tamamlayır. Attraksiondan istifadə böyüklər üçün cəmi 5 manat, uşaqlar üçün 3 manatdır.

Miniatür Kitab Muzeyi

Dünyanın ilk miniatür kitab muzeyi də Azərbaycanda – Bakıdadır. 2002-ci ildən fəaliyyət göstərən muzeydə ölçüsü 2x2 millimetr olan kitab belə, var. Ümumilikdə orada 6500-dən çox kitab yer alır. Kolleksiya 64 fərqli ölkəyə aiddir. Muzey bazar ertəsi istisna olmaqla, hər gün saat 11:00-dan 17:00-dək açıqdır. O, Bakının ən çox ziyarət edilən yerlərindəndir. Muzeyə giriş pulsuzdur.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Adından göründüyü kimi, muzeydə müxtəlif şairlərin, xüsusən də Nizami Gəncəvinin əsərləri saxlanılır. Buradakı ən mühüm əsərlərdən biri Nizami Gəncəvinin 1413-cü ilə aid “İskəndərnamə” əsərinin əlyazmasıdır. Belə unikal əlyazmaları görmək insanı həqiqətən ilhamlandırır.

Muzey 2500 kvadratmetrlik binada yerləşir və bu bina Bakının ən yaxşı konstruksiyalarından sayılır. Bəziləri bir vaxtlar mehmanxana kimi fəaliyyət göstərmiş bu binanı Bakının görməli yerlərindən sayır.

Beləliklə, muzeyə müraciət etməklə, “bir güllə ilə iki dovşan vurmaq” olar. Digər turistik məkanlardan fərqli olaraq, bu muzeyə giriş bir qədər bahadır – 10 manat.

Dünyanın ən hündür ikinci bayrağı Bakıdadır

Dünyanın ən hündür ikinci bayrağı Bakıdadır. Onun dalğalandığı Bayraq Meydanı şəhərin ən görməli yerlərindən biridir. Buradakı bayraq dirəyi 162 metr hündürlükdədir. Təsəvvür edin ki, bu işin arxasında dəqiq mühəndislik olmasaydı, onun aşma ehtimalı nə qədər yüksək olardı?

Bayraq meydanının dizaynı amerikalı dizayner Devid Çember tərəfindən hazırlanıb. O, 2007-ci ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında inşa edilib. Bayraq aydın görünə bilməsi üçün 35x70 metr ölçüsündədir.

Qeyd edək ki, dünyanın ən hündür bayrağı Tacikistandadır və onun da layihəsi Devid Çember tərəfindən hazırlanıb.

Azərbaycanın milli təqvimində 9 noyabrın Bayraq Günüdür. Bu gözəl meydanı ziyarət pulsuzdur.

Filarmoniya

Bakı Filarmoniyası şəhərin ən gözəl, görməli yerlərindən biridir. Bu gözəl binanın təxminən 100 yaşı var. Bakı elitası 1910-cu ildə bir araya gələrək, konsert binasının inşasına qərar verir. Bakı Filarmoniyasının layihələndirməsi Qavril Ter-Mikelova həvalə olunur. Dövrün əksər layihələri kimi, Bakı Filarmoniyasının da xarici görünüşü Ronesans memarlığını xatırladır. Binanın interyerinə diqqətlə baxsanız, onun dövrünün alman üslubunda olduğunu görəcəksiniz.

Bakıya səyahət zamanı alınsa, Filarmoniyada konsert proqramı izləyin. Bu, səfərinizə həqiqətən unudulmaz xatirə əlavə edəcək. 100 yaşlı binanı görmək, orada klassik musiqi dinləmək İranda yaşaya biləcəyiniz təcrübə deyil.

Atəşgah məbədi

Qeyd etdiyimiz kimi, İranda kök salmış zərdüşt dini Azərbaycana və Bakıya da gedib çatmışdı. Bu səbəbdən Bakı ətrafında müxtəlif atəşgah məbədlərinə rast gəlmək mümkündür.

Atəşgah məbədi Bakının turistik məkanlarından daha biridir. O, şəhərdən təxminən 30 kilometr aralıda, Suraxanı rayonu ərazisində yerləşir. Məbəd XVIII əsrdə inşa edilib. Bakı İpək Yolunun üzərində yerləşdiyindən, o zaman çox hindu buradan keçirmiş. Məlum olduğu kimi, Atəşgah məbədi hindular üçün çox müqəddəsdir.

Bəlkə də məbədin Bakıdan nisbətən uzaq olması oraya gedişi çətinləşdirir. Buna baxmayaraq, bu möhtəşəm görməli məkana baş çəkməyə dəyər.

Fəxri Xiyaban

Bakıdakı Fəxri Xiyaban haqqında kifayət qədər məlumatı olmayan bir çox turist orada sadəcə, məşhur azərbaycanlıların heykəlinin ucaldıldığını düşünür. Amma əslində, bura həmin məşhurların dəfn edildiyi ərazidir. Fəxri Xiyaban 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Bu günədək orada Azərbaycanın 240-dan çox görkəmli şəxsiyyəti dəfn edilib.

Bəlkə də bir qəbiristanlığın Bakının görməli yerinə necə çevrildiyini təsəvvür etmirsiniz. Amma bu, belədir. Burada dəfn olunmuş hər şəxsin məzarı üzərində onun heykəli qoyulub.

Heydər məscidi

Heydər məscidi Qafqazın ən böyük məscididir. 12 min kvadratmetr sahəsi olan məsciddə 14 min nəfər eyni anda ibadət edə bilir. Maraqlıdır ki, dünyanın sənaye üsulu ilə tikilmiş ən böyük xalçası da bu məscidə salınıb.

Məscidin açılışını 2014-cü ildə ölkə prezidenti İlham Əliyevlə xanımı Mehriban Əliyeva ediblər. O, Azərbaycanın mərhum prezidentinin şərəfinə adlandırılıb. Bu gün Heydər məscidi Bakının görməli yerlərindən sayıla bilər.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, burada şiələrlə sünnilər birlikdə namaz qılır.

Teleqüllə

Bakıdakı televiziya ötürücü mərkəzinin qülləsi də gözəl məkanlardandır. 310 metrlik qüllə 1996-cı ildə tikilib. Tehrandakı Milad Qülləsi kimi, 62 mərtəbəli qüllənin zirvəsində dövr edən gözəl restoran var. 175 metr hündürlükdə yerləşən restoranda nahar və ya şam etmək səyahətinizin unudulmaz anlarından olacaq. Lakin orada qiymətlər çox yüksəkdir.

Qüllədən bütün şəhəri ayağınızın altındaymış kimi görəcəksiniz. Turistlər Bakının gözəl işıqlandırılmasından zövq almaq üçün restoranda adətən şam yeməyinə üstünlük verir. Oradan şəhərin hər yeri görünür.

“Kiçik Venesiya”

Təbii ki, Avropaya səyahət, su üzərində salınmış Venesiya şəhərinin gözəlliyini görmək çox baha başa gəlir. Bu səbəbdən bu əfsanəvi, romantik şəhəri çox az adam yaxından görə bilir. Əvəzində, Azərbaycanda, Bakı bənzər təcrübəni yaşaya bilərsiniz. Şəhərin əsas parklarından olan Bakı bulvarında 10 min kvadrat metr ərazidə “Kiçik Venesiya” şəhərciyi salınıb. Burada 5 manat ödəməklə Venesiya qayıqlarına oxşar qayıqla gəzmək imkanınız var. Ərazinin romantik Venesiya şəhərinə oxşaması üçün çox iş görülüb. Qayıqlar 4 nəfərlikdir. Odur ki, buranı ailənizlə gəzə bilərsiniz.

Təzəpir məscidi

Təzəpir məscidi Bakının görməli məkanlarından biridir. Bu məscidə baş çəkməklə, fərqli ölkələrin memarlıq sənətilə tanış olacaqsınız. Məscidin inaşasına 1905-ci ildə başlanılıb. Onu tikmək qərarı Bakının xeyriyyəçilərindən olmuş Nabat xanıma aiddir. Lakin o, məscidin tikintisi gedən zaman dünyasını dəyişib. Bir müddətdən sonra inşa işlərini Nabat xanımın oğlu öz üzərinə götürüb. Tikinti işləri 1914-cü ildə başa çatdırılıb.

Təəssüf ki, 1917-ci ilin Oktyabr inqilabından sonra məscid 30 ilə yaxın bağlı qalıb. Bu gün isə o, həm də turistik məkana çevrilib. Xüsusilə gecə saatlarında o, dekorativ işıqlar sayəsində almaz kimi parlayır.

İsmailiyyə sarayı

Adına görə, bu sarayın inşasının İsmailiyyə dövrünə təsadüf etdiyini düşünə bilərsiniz. Lakin belə deyil. Azərbaycanın məşhur və zəngin insanlarından olmuş Musa Nağıyev bu sarayın tikintisinə 1908-ci ildə qərar verib. Tikinti işləri təxminən 5 il çəkib və 1913-cü ildə başa çatıb. Budan 5 il sonra isə ermənilər Bakını işğal edib. Nəticədə bu saray qarət edilib və yandırılıb. Bina təxminən 5 il atılmış vəziyyətdə qalıb. Nəhayət, Ter Sarkisev 1932-ci ildə sarayın bərpasını öz üzərinə götürüb.

Bu gen binanın memarlığı, həmçinin daxili görənlərə zövq verir.

Səadət sarayı

Saray 1910-cu illərin əvvəllərində inşa olunub. Azərbaycanın zəngin insanlarından olmuş Murtaza Muxtarov onu ikinci həyat yoldaşına sürpriz hədiyyə kimi tikdirib. Cütlük 1920-ci ilədək bu dəbdəbəli sarayda yaşayıb. Muxtarovun xanımı Parisdə olarkən buna bənzər bina görüb və həyat yoldaşına orada yaşayan insanların “nə qədər xoşbəxt olduqları” haqda düşüncələrini çatdırıb. Bundan təsirlənən Muxtarov sarayın eynisini Bakıda ucaltmaq qərarına gəlib.

Bu gün Səadət sarayı həm də Nikah sarayı kimi tanınır. Sarayının interyeri olduqca romantic, bir qədər də kədərlidir. Onu mütləq ziyarət edin. Səadət sarayını Bakının görməli yerlərindən hesab etmək olar.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Filarmoniya ilə yanaşı, Bakıda opera və balet teatrı tamaşaları üçün daha bir bina var. Bu gözəl binanın memarlığı imperiya dövrünə aiddir. Qara-sarı rənglərdən ibarət fasada malik bina 1911-ci ildə Milov qardaşları, eləcə də bir sıra azərbaycanlı xeyriyyəçilər tərəfindən inşa edilib. Bina tarix boyu müxtəlif məqsədlər üçün istifadə edilib. 1985-ci ildə isə o, şübhəli şəkildə yanıb. Lakin sonradan o, Bakının xeyriyyəçiləri tərəfindən yenidən əvvəlki görkəminə qaytarılıb. Bu gün şəhərin ən görkəmli yerlərindən sayılan bina turistlər arasında çox populyardır. Onun memarlıq üslubu və daxili dekorasiyası hər kəsin diqqətini cəlb edir. Odur ki, Bakıya səfəriniz zamanı bu füsunkar və gözəl məkana mütləq baş çəkin.

Heydər Əliyev Mərkəzi

Azərbaycan paytaxtının görməli yerləri arasında məşhur dizayner Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzi də var. Göz oxşayan dalğavari konstruksiyası ilə bu heyrətamiz ağ bina həqiqətən unikal görünüşə malikdir. O, ölkənin keçmiş prezidenti Heydər Əliyevin adını daşıyır. Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərən bu binada mərhum prezidentə məxsus olmuş aksesuarlar, avtomobillər sərgilənir. Bundan başqa, Mərkəzdə müxtəlif konsertlər, incəsənət və mədəniyyət tədbirləri də keçirilir.

“Alov qüllələri”

Müasir Bakının daha bir rəmzi fasadı şüşə olan 3 mavi göydələndir. Bu möhtəşəm nəhəng göydələnlərin hündürlüyü təxminən 190 metrdir. Onları şəhərin demək olar ki, hər yerindən görmək mümkündür. Göydələnlər alovdan ilhamlanaraq layihələndirilib və gün batar-batmaz, nəhəng alov şəhərin qaranlığına işıq saçır.

Mənbə: worldmedia.az