Sualtı rəsm sərgisində iştirak edən ilk azərbaycanlı qadın rəssam

Sualtı rəsm sərgisində iştirak edən ilk azərbaycanlı qadın rəssam

Bu barədə eşidəndə nə qədər çox qürur duyduq, iftixar hissi keçirdiksə, bir o qədər də təəccübləndik. Əksər insanların, xüsusilə də qadınların sudan qorxduqları halda, bu zərif xanımın dənizin altında rəsm çəkməsinə, həqiqətən, təəccüblənməmək mümkün deyil. Lakin Azərbaycan qadınlarının zərifliyi ilə yanaşı, cəsurluğunu da xatırlayanda bunu təbii qəbul etdik. Həmin cəsur qadın Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Dövlət Universitetinin müəllimi Həbibə Allahverdiyevadır. Özünəməxsus çalarlarla rənglər dünyası yaradan bu xanım rəssamın bir-birindən fərqli, gözoxşayan əsərlərindən ibarət ilk sərgiləri təhsil aldığı və bu gün çalışdığı Naxçıvan Dövlət Universitetində 2002-ci və 2008-ci illərdə təşkil olunub. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Payız düşüncələri”, 2017-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərdə zamanın təcəssümü” və Bakı şəhərində “Nuh yurdunun rəngləri” adlı iki sərgisi açılıb. Kim deyərdi ki, dünyanın min bir rəngini fırçasına həmdəm edib 100-dən artıq sənət əsəri yaradan bu qadının Ağ dənizlə Egey dənizinin birləşdiyi yerdə suüstü və sualtı gözəllikləri əks etdirən sonuncu 4 əsəri fərqli bir sərgini bəzəyəcək və onun adını dünyada su altında rəsm çəkən ilk qadınlardan biri – Naxçıvandan olan azərbaycanlı qadın kimi həm də rəssamlıq tarixinin səhifələrinə yazacaqdı? Yaşadıqlarımız alın yazımızdır. Həbibə xanımın Türkiyə Respublikasının Muğla vilayətinin Fəthiyə əyalətində keçirilən “Dənizlərimiz və rənglərimiz” adlı beynəlxalq sualtı rəsm sərgisində Azərbaycandan yeganə qadın kimi iştirakı da onun taleyinə başlıca sənət uğuru kimi yazıldı. Aprelin 27-dən mayın 3-dək davam edən tədbirdə 13 rəssam iştirak edib.

Sərgidə Türkiyə ilə yanaşı, Gürcüstan və Azərbaycan rəssamları da təmsil olunublar. Azərbaycandan Ramiz Abbasov Bakı şəhərindən, Həbibə Allahverdiyeva, Həbib Allahverdiyev, Murad Nurlu və Arzu Novruzov isə Naxçıvandan sərgiyə qatılıblar. Türkiyəli rəssam Minə Sarmışın təşkil etdiyi və dənizin altında ilk dəfə rəsm çəkən 85 yaşlı rəssam Ekmel Totrakanın köməkliyi ilə reallaşan bu tədbirin məqsədi dənizlərdən daha səmərəli istifadə edilməsinin, ekoloji təmizliyin və burada yaşayan canlıların qorunmasının əhəmiyyətini, suların altında heyranedici mənzərələrin olmasını rəssam fırçasının “dili” ilə bəşəriyyətə çatdırmaq olub. Tədbirdə iştirak edən 13 rəssamdan 9-u dənizin dibinə enə bilib və bu fərqli aləmin gözəlliklərini su altında rəsm çəkmək üçün yağlı boya ilə xüsusi toxunmuş kətan üzərinə köçürüblər. Bu tədbirdən Həbibə Allahverdiyevanın hansı təəssüratlarla qayıtdığını öyrənmək məqsədilə onunla görüşdük. Rəssama ilk sualım onun suyun altına necə enməsi ilə bağlı oldu. Həbibə xanım dedi: – Bu, həqiqətən, dənizsiz bir yerdə doğulub­-böyüyən adam üçün çox çətin idi. Bizə əvvəlcə 3-4 günlük təlimlər keçdilər. Hər rəssam üçün ayrılmış bir dalğıc onu dənizin dibinə endirdi, burada nə edəcəyini, suda danışmaq mümkün olmadığı üçün istəyini işarələr vasitəsilə necə bildirəcəyini öyrətdilər. Əslində, dənizə enməyə qorxanlar su üzərində – gəmidə rəsm çəkə bilərdilər. Azərbaycanlı rəssamların hamısı suya endilər. Düzü, əvvəlcə çox qorxurdum, suya enmək fikrində deyildim. Lakin dənizin dibindəki gözəllikləri görmək istəyi məndə xüsusi maraq yaratmışdı. Ona görə də özümdə cəsarət taparaq “bunu hökmən etməliyəm”, – dedim. Dənizin dibinə enəndə gördüyüm mənzərələr qorxularımı tamamilə yox etdi. Elə bir əsrarəngiz aləmə düşmüşdüm ki, ancaq onu görür, düşünür və kətana köçürmək istəyirdim. Həbibə xanımdan dənizin dibindəki bitki və canlı aləmi barədə soruşduqda o, həqiqətən, təbiətin bizlərə verilən bir xəzinə olduğunu bildirdi. Torpağın üzərində bir aləmin, dənizin dibində isə başqa bir aləmin olduğunu vurğulayaraq burada insanın fərqli duyğular yaşadığını qeyd etdi: – Məsələn, dənizə enərkən günəş şüaları ilə suların yaratdığı əsrarəngiz rəng məni valeh etdi, ilk dəfə idi belə gözəl bir rəng görürdüm. Burada qayalıqlar, yaşıllıqlar, möcüzəli dəniz canlıları, rəngbərəng balıqlar sənə əlinlə toxunacaq qədər yaxın idi. O təbiətin özü vadar edir ki, onu olduğu kimi kətana köçürərək insanlara göstərəsən. Bəli, Həbibə xanım qarşılaşacağı bütün çətinliklərə rəğmən yüz qadından birinin edə biləcəyi cəsurluqla dənizin dibinə enərək dənizin üstündə və altında bir-birindən gözəl mənzərələrin əks olunduğu 4 yeni əsərini elə dənizin altında təşkil olunan sərgidə nümayiş etdirib. Və bununla da, həyatında böyük bir uğura imza atıb. O, bu barədə belə deyir: – Dənizin altında rəsm çəkmək məndə nə qədər fərqli hisslər yaratdısa, əsərlərimi burada sərgiləməklə başqa bir duyğu yaşadım. Bu, mənim suyun altında mübarizəmin qələbəsi idi. Əsərlərində Vətənimizin təbiəti ilə yanaşı, tarixini, mədəniyyətini, etnoqrafiyasını rənglərin harmoniyası ilə təsvir edən bu xanımın ürəyi Vətən sevgisi ilə doludur. Möhtəşəm dənizin, qorxulu, hələ tamamilə isinməyən suyunun üşüdücü təsiri altında yaratdığı təbiət mənzərəsində yer alan kiçik bir balığın üzərinə üçrəngli bayrağımızı işləməsi bir rəssamın yox, bir vətəndaşın Vətəninə böyük sevgisinin təcəssümüdür. Həbibə Allahverdiyevanın dedik­ləri: – Bizi qoynunda əzizləyərək böyüdən, doğmalığı, gözəlliyi ilə ruhumuzda yaşayan Vətən ən gözəl bir tablo kimi, harada oluruqsa, olaq, qəlbimizdə, gözlərimiz önündədir. Dünyanın istənilən yerində qazandığımız uğurlarla qayıdıb sevincimizi Vətəndə bölüşmək istəyirik. Bu gün Həbibə xanım da bu böyük uğurunun sevincini burada öz doğmaları ilə bölüşməkdədir. Biz də onu təbrik edir, yaradıcılığında yeni uğurlar arzulayırıq.

Mənbə: www.ens.az