Koronavirusdan ölən məşhurların sayı artır...

Koronavirusdan ölən məşhurların sayı artır...

Xəbər verdiyimiz kimi, ötən gün “Sergio Rossi” adlı lüks ayaqqabı markasının yaradıcısı, məşhur italiyalı dizayner Sergio Rossi koronavirusdan ölüb

Məlumata görə, 84 yaşlı dizayner İtaliyanın Çezena şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. İtaliyalı dizaynerə koronavirusa yoluxma diaqnozu bir neçə gün öncə qoyulub və o, xəstəxanaya yerləşdirilib.

S. Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, dünyasını dəyişib. Xatırladaq ki, dizayner 1951-ci ildə qadın ayaqqabı markası "Sergio Rossi" ni yaratdıqdan sonra məşhurluq qazanıb.

Qeyd edək ki, dünyada koronavirusdan dünyasını dəyişən məşhurların da sayı artmaqdadır. Onların arasında Türkiyə sənətçisi də var.

Belə ki, bir neçə gün öncə “Kurtlar Vadisi Pusu” serialında canlandırdığı Ordinaryuis obrazı ilə məşhurlaşan aktyor Tarhan Kaya da koronavirusdan vəfat edib. Türkiyə mətbuatının yazdığına görə, aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya gedib. Xəstəxanada müalicə alan kino ulduzu daha sonra reanimasiyaya yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq, Tarhan Kayanın həyatını xilas etmək mümkün olmayıb. Aktyorun oğlu Teo atasının koronavirus infeksiyasından vəfat etdiyini açıqlayıb.
Tarhan Kayanın ailə üvlərinə də COVID-19 testi edilib, ancaq heç birinin infeksiyaya yoluxmadığı üzə çıxıb. Onun Fransa vətəndaşı olan keçmiş həyat yoldaşı xaricdə olduğu üçün yas mərasiminə qatıla bilməyib. Xatırladaq ki, aktyor sonuncu dəfə “Halka” serialında rol almışdı.

Əfsanəvi “I Love Rock`n`Roll” mahnısının müəllifi və ifaçısı, müğənni Alan Merrill koronavirusdan ölən məşhurlar sırasındadır.

Koronavirusa yoluxan ifaçı bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Sənətçinin qızı Laura Merrill bu haqda bildirib: “Koronavirus atamı məndən aldı. Onunla vidalaşmağa mənə, sadəcə, iki dəqiqə verdilər”.

Məşhur aktyor Mark Blum da koronavirusdan dünyasını dəyişib. 69 yaşlı aktyorda koronavirus aşkar ediləndən bir neçə gün sonra xəstəxanada keçinib. Xatırladaq ki, Mark “Desperately Seeking Susan” (“Çılğın Madonna”) və “Timsah Dandi” filmlərində oynadığı rolları ilə məşhurlaşıb. Xüsusən də Madonna ilə tərəf-müqabili olduğu “Çılğın Madonna” filmindəki obrazı ilə yadda qalan Mark son olaraq “Succession”, “Mozart in the Jungle” seriallarında rol alıb.

Bir neçə gün öncə məşhur cazmen Emmanuel Njoke Dibanqo Fransada koronavirusdan vəfat edib. Xatırladaq ki, saksafon ifaçısı Dibanqonun 86 yaşı var idi və Afrika caz üslubunda ifa edirdi.

Digər məşhur cazmen Ellis Marsalis də aprelin bir neçə gün öncə 85 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib. Marsalis uzun illər Yeni Orleanda yaşayıb və caz musiqinin inkişafı üçün çalışıb. (musavat.com)

pia.az

Mənbə: pia.az