Koronavirusun Azərbaycanda həyatı iflic edə bilmədiyinə daha bir sübut - teatrlar da onlayn fəaliyyətə başlayıb

Koronavirusun Azərbaycanda həyatı iflic edə bilmədiyinə daha bir sübut - teatrlar da onlayn fəaliyyətə başlayıb

Zülfiyyə Eldarqızı: “Bu gün teatrlarımızın onlayn fəaliyyətə keçməsi, tamaşalarını onlayn şəkildə təqdim etməsi koronavirusla mübarizə dövründə vətəndaşlarımıza, dövlətin həyata keçirdiyi saysız tədbirə böyük bir dəstəkdir”

Ölkəmizdə mövcud olan karantin rejimi ilə əlaqədar olaraq, bir sıra sahələrdə olduğu kimi, mədəniyyət müəssisələri də müvəqqəti olaraq qapadılıb. Bu gün paytaxtda və bölgələrdəki bütün teatrların səhnədə fəaliyyətini dayandırmasına baxmayaraq, teatrların kollektivləri onlayn tamaşalarla tamaşaçıların görüşünə gəlirlər.

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə mart ayının sonundan etibarən onlayn tamaşalar göstərilir. Nazirlikdən aldığımız məlumata görə, həm paytaxtda, həm bölgələrdə fəaliyyət göstərən teatrlar web saytlar, “YouTube” kanalı, sosial şəbəkələr vasitəsilə tamaşaların nümayişini həyata keçirirlər. Bir sıra teatrların saytlarında virtual repertuar formalaşdırılıb. Bu repertuara müxtəlif yaş kateqoriyasına aid tamaşalar yerləşdirilib. Qeyd edək ki, onlayn tamaşalara baxış ödənişsizdir.

“Virus dövründə həyata keçirilən bu işlər göstərdi ki, heç bir xəstəlik, problem Azərbaycan insanının həyatını iflic edə bilməz”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, teatrlar həmişə xalqımızın çətin, sınaq günlərində öz maraqlı repertuarları ilə tamaşaçıların görüşünə gəliblər. Z.Eldarqızının vurğuladığına görə, bütün teatrlar sosial izolyasiyanın, “Evdə qal” layihəsinin tələblərinə uyğun fəaliyyətini qurub. “Əlbəttə ki, bu gün çox çətin günlər yaşayırıq. Hətta deyərdim ki, koronavirusla mübarizə xalqımızın növbəti sınaqlarından biridir. Teatrlar da bu ağır günlərdə xalqımıza, dövlətimizə dəstək olurlar. Sosial izolyasiya dövründə insanlar evdə qalırlar və həmin insanların mədəniyyət nümunələri, o cümlədən də kino və tamaşalarla təmin edilməsi zərurətə çevrilib. Mən özüm neçə vaxtdır evdəyəm və demək olar ki, hər gün teatrlarımızın müxtəlif maraqlı tamaşalarına baxıram, onlar arasında klassik tamaşalar da var. İnanın ki, bu tamaşalar çox maraqlıdır. Böyük sənətkarlarımızın rol aldığı tamaşaların da onlayn təqdimatı həm indi həyatda olmayan o sənətkarların gənclərə tanıdılmasında, həm tamaşalarımızın təbliğində, həm də tamaşaçıların bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Hesab edirəm ki, karantin dövründə teatrlarımızın onlayn fəaliyyət göstərməsi və bu şəkildə tamaşaçılar qarşısına çıxması özü bir yeni təcrübədir. Bu təcrübə həm teatrlar, həm də tamaşaçılar üçün yeni bədii-estetik hadisə sayılır. Bu gün teatrlarımızın onlayn fəaliyyətə keçməsi, tamaşalarını onlayn şəkildə təqdim etməsi koronavirusla mübarizə dövründə vətəndaşlarımıza, dövlətin həyata keçirdiyi saysız tədbirə böyük bir dəstəkdir. Yəni teatrların binaları müvəqqəti olaraq bağlansa da, teatrların kollektivləri öz fəaliyyətlərini dayandırmayıblar. Virus dövründə həyata keçirilən bu işlər göstərdi ki, heç bir xəstəlik, problem Azərbaycan insanının həyatını iflic edə bilməz. Çünki xalq olaraq, dövlət olaraq, bu bəlaya qarşı birgə mübarizə aparmağı bacarırıq”.

Z.Eldarqızı, həmçinin, qeyd etdi ki, bu gün bütün dünya koronavirusdan can qurtarmaq üçün sosial təcridə üstünlük verir və xarici ölkələrdə də teatrlar, başqa mədəniyyət qurumları onlayn şəkildə fəaliyyət göstərirlər.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com