Uyuyan şəhər...

Uyuyan şəhər...

Səssizlik: bəzən bir dünyanı hopdurar öz bətnində. Oğrun-oğrun pıçıldayar qulağına. Dodaqlarını belə xəfifcə tərpədər ətrafa yayılan səsdən ehtiyat etdiyindən. Bu səssizlik bir şəhəri öz dalğasında sürükləyər ucsuz-bucaqsız məcralara...

Balasının yüyrüyünü silkələyən ananın astaca dediyi laylanın sehri kimi ovsunlayar bu şəhəri səssizliyi. Çoxdandır yuxusuz qalan küçələrinsə yuxusu daş kimi olar. Hər daşın sakitlikdən tapdığı hüzur isə zamanı belə saxlayıb dinclik gətirər varlığına. Bax, belə keçirər istirahətini yuxulu şəhər. Onun qaranlığı insanları vahiməyə salar deyə onları da qovar küçlərindən. Hər kəs öz guşəsinə çəkilib səssiz filmin bir parçası olar. Arxa küçələrində necə kövrək səhnələrin oynandığı filmin hər epizodu cəmi bir dəfə çəkilər. Hər qəhrəmanın səssiz oyununda bir roman mövzu olacaq qədər böyük faciələr canlanar. Kitablardan oxumağa belə ürək etmədiyimiz səhnələri yaşayar o şəhərin insanları.

Son zamanlar dünyamızda tüğyan edən hadisələr insanlarda qeyri-ixtiyari bir vahimə oyadır. Hər kəsin üzündən oxunan qorxu vəziyyəti aşkar edir əslində. Dünyanın sənaye mərkəzi hesab edilən şəhərlər belə bu gün solğun boyalarla bəzənir. O şəhərlərdə günəş belə daha küskün parıldayır. İnsanların durmadan kəşf etmək istəyi ilə qət etdikləri yeni yerlər və şəhərlər belə tənhalığa tərk edilir yavaş-yavaş. Bəlkə bu sözümlə çoxları razılaşmayacaq, amma məncə, yaradanaın acığı tutur bizlərə. Sonsuz həddə çatan hər şeyi bilmək və öyrənmək istəyimizlə məhv edirik həyatımızı. Düşünmürük ki, biz həyatın hər üzünü tanımağa çalışdıqca gözəlliklər bizdən uzaq qaçır. Yaşadığımız bu aləmin ən böyük özəlliyi sirlərdən yoğrulmasıdır. Bizim isə maraqlarımız sərhəd tanımır. Dünyanın hər qanununa müdaxilə etmək üçün çalışırıq: özümüzdən başqa hər kəsi ikrah hədəfinə tuş edərək. Müvəqqəti həzzin süni işıqları ilə ətrafımızda olanların gözünü kor etməyə çalışır və bu əməlimizi misilsiz bir uğur hesab edirik. Müqəddəs kitabların, tarixi məkan və abidələrin şifrəli məlumat daşıyıcılarını tədqiq etmək üçün səfərbər oluruq. Bu məlumatlardan özümüz üçün bir tanınmaq vasitəsi yaradırıq. Ən önəmli mövzumuz sosial şəbəkələrdə trend olan paylaşımlar, xarici ölkələrə səyahət paketləri və maraqlı məkanlarda çəkilən selfilər. Bu günün vəziyyəti isə gündəlik vərdişlərimizin nə qədər mənasız olduğunu göstərir. Çünki sayılan və sayılmayan adətlərin heç biri bu gün işimizə yaramır. Nə gedəcək yerimiz var, nə şəkil çəkdirəcək mənzərəmiz. Əvəzində isə insanlıq duyğumuz qabarıb. Dünyanın başqa bir bucağında yaşayan dili, dini, irqi ayrı olan insanlar üçün belə narahat oluruq. Çoxdandır unudulan dəyərlərimiz xatırlanır. Əslində Yaradanın bizə sınaq deyə əmanət etdiyi həyatın ən güclü sınağını yaşayırıq bu günlərdə. Söhbət edə biləcəyimiz yeganə mövzu insan həyatıdır. Bir çox cəhətlərimizin belə boğazdan yuxarı, yəni süni və göstərməlik olmağa doğru getdiyi dünyamıza belə bir sınaq mütləq lazımimiş deməli.

Bu fikirlərim səni tənqidə yönləndirməsin, əziz oxucu. Elə anlaşılmasın ki, mən öz yaxamı kənara çəkirəm. Yox, qətiyyən belə deyil. Mən də bu cəmiyyətin bir üzvü olub o axınla üzürəm. Amma bu, yanlışları görməyimə mane olmur. Bu yaxınlarda bir kitabda oxumuşdum, cəmiyyəti bürüyən xəstəliyin nəticəsində kor olan insanlardan söhbət açılırdı o ədəbi əsərdə. Oxuduqlarıma çox da inanmamışdım. Çünki məcazi məna yükü ilə silahlandırılan hadisədə insanlığa məsaj verildiyini hiss etmişdim. O zaman heç vaxt düşünməzdim ki, böyük şəhərlərin gur işıqları sönə bilər. İşdən sonraki saatlarını əyləncə mərkəzlərində keçirən insalara evlərini belə tərk etməyə icazə verilməz. Həyat əhəmiyyətli müəssisələrin işçiləri də üzərində icazə vərəqi gəzdirər. Demək, həyat sandığımız qədər mənasız deyil. Daxilində yaşadığımız şəhərin küçələri belə göz yaşı axıda bilir. Zamanında qayğısına qalmadığımız küçələrin hər guşəsi üçün belə darıxa bilərik.

Uyuyan şəhər də yuxudan oyanacaq. Bizim yoxluğumuzu hiss edən kimi axtaracaq öz sakinlərini. Ən azı ona görə ki, o bizim kimi laqeyd deyil. Bu gün çəkildiyi sakitlik aləmində belə bizi düşünür. Gəlin, biz də dünyamızı az da olsa qorumağı öyrənək. Çünki o hamımızın evimizdi. Evin isə işıqları gur olanda aləm nura qərq olur.

Rəfiqə RAFİQQIZI

Mənbə: olaylar.az