Əli Rza: “Sadəcə yolumu azmışdım”

Əli Rza: “Sadəcə yolumu azmışdım”

Müsahibimiz son vaxtlar maraqlı fotoları ilə sosial şəbəkələrdə böyük diqqət çəkən gənc fotoqraf Əli Rzadır.

Əli, müsahibəyə hazırlaşanda işlərinizin böyük qismini diqqətlə gözdən keçirdim və qərara gəldim ki, sizə çox sual verməyim, fotolarınızdan aldığım təəssüratları, diqqətimi çəkən detalları sizinlə bölüşüm, onlarla bağlı söhbət eləyək. Amma əvvəlcə istəyərdim ki, özünüz barədə qısa məlumat verəsiniz.

Bakı Dövlət Universitetində fəlsəfə ixtisası üzrə təhsil alıram, virus imkan versə, bu il təhsilimi bitirməliyəm. Əslində mən Türkiyədə – Memar Sinan Universitetinin Fotoqrafiya bölümündə təhsil almaq istəyirdim. Amma iş elə gətirdi ki, burda qalası oldum və təhsil üçün fəlsəfə ixtisasını seçdim. Mənə görə, fotoqrafiya ilə fəlsəfə eyni istiqamətdir, ikisi də həyata qarşı müəyyən bir münasibəti əks etdirir.

Memar Sinanda fotoqrafiya üzrə oxumaq istəmisiniz, amma burda fəlsəfəni seçmisiniz. Niyə İncəsənət universiteti, operatorluq, rejissorluq fakultəsi yox, fəlsəfə? Sənət olaraq operatorluq fotoqrafiyaya daha yaxındır.

Birincisi, burda fotoqrafiya ilə bağlı normal təhsil verilmir. Daha doğrusu, ümumiyyətlə, yoxdur, İncəsənət universitetində sırf operatorluğu öyrədirlər. Mən isə sadəcə fotoqrafiya ilə məşğul olmaq istəyirəm. İkincisi isə, fikirləşdim ki, fotoqrafiya ilə artıq məşğul oluram, qoy təhsilimi başqa sahə üzrə alım, özümü təkmilləşdirim.

Bu mənada üçüncü qrupda mənə normal görünən fəlsəfə ixtisası oldu, həmin dövrdə bütün vaxtımı şəkil çəkməyə sərf elədiyimə görə imtahanlara normal hazırlaşa bilmirdim. Ancaq yenə də istədiyim ixtisasa qəbul olundum.

Fəlsəfə imtahanlarına hazırlaşmaq asan idi?

Bəzən hə, bəzən isə yox. Hərçənd bura gəlməzdən əvvəl dərslərin daha maraqlı keçəcəyini gözləyirdim, tam istədiyim formada olmadı. Amma müəllimlərimiz çox şey öyrətdilər bizə, çoxlu müzakirə, fikir mübadiləsi etdik. İxtisasda öyrəndiyim şeyləri, məndə yaranan fikirləri fotolarıma ötürməyə çalışdım. Fəlsəfə ixtisasının fotoqraflıq həyatımda önəmli rolu oldu.

Əli, fotolarınız ucbatından məndə barənizdə başqa təəssürat yaranmışdı. Yəni sizi bu qədər gənc təsəvvür eləmirdim. Fotolarda dərinlik, epiklik var. El dilində desək, həyat təcrübəsi, yaşanmışlıq duyğusu verir o fotolar. Odur ki, yaşınızı biləndə xeyli təəccübləndim.

22 yaşım var.

Adətən, heyran qaldığımız fotolarla bağlı təəssüratımızı “anı çox gözəl tutub” cümləsi ilə ifadə eləyirik. Ancaq sizin fotolar “anı tutmaq” yox, onu dəyişdiyiniz, bir andan başqasını yaratdığınız təəssüratı oyatdı. Elə bil reallığı sevmirsiniz.

Əslində sevmirəm deməzdim. Sadəcə reallığın içindəki qeyri-real şeyləri görməyə çalışıram.

Bəzi fotolarınızın mistik atmosferi var, bu, öz yerində. Ancaq mən daha çox impressionizmə yaxınlıq hiss elədim. Bu, artıq fotonun rəssamlıqla sintezi kimidir.

İmpressionizm, ən çox sevdiyim cərəyanlardandır. Bu cərəyanın nümayəndələrindən Klod Mone, Kamil Pisarro da ən çox sevdiyim rəssamlardır. Düzü, mən “anı tutmaq” ifadəsinə o qədər də inanmıram. Küçədə yeridiyimiz hər an hər şey ola bilər. Yəni an həmişə ordadır, küçənin bir yerində gizlənib. Fotoqraf sadəcə onu görməlidir. Ancaq bu o qədər də asan deyil. Çünki mənə görə, küçə canlı bir varlıqdır. İnsan kimi daimi inkişafda olan bir varlıq. Burada fotoqraf üçün mülkiyyət anlayışı yoxdur. O, istədiyini çəkə bilər. bilər. Azad və sərbəstdir. Bəzən istədiklərimiz bizi ən yaxşı kadra aparır, bəzən də ondan xeyli uzaqlaşdırır. Anı tutmaq məsələsi də belədir. Küçəyə çıxdığın andan etibarən hər şey kadra çevrilə bilər, sadəcə tərzlər fərqlidir. Küçəyə çıxanda dünyaya, insanlara qarşı münasibətin, dünyagörüşün necədirsə, fotoların da elə olacaq. Mistik bir şey yoxdur, məncə.

Belə çıxır ki, siz küçəyə çıxanda fikirləriniz hardasa göylərdə uçur.

Mən heç nə düşünmürəm. İstəsəm də, düşünə bilmirəm. Ən pis anımda da, ən yaxşı anımda da həmişə hisslərimi fotoyla ifadə etmək istəmişəm. Bu səbəbdən, küçəyə çıxanda qətiyyən başqa şey barədə düşünə bilmirəm. Bəzi adamlar fikirləşirlər ki, bu gün evə çörək almalıyam, axşam saat altıda görüşə getməliyəm. Mənim altıda görüşüm varsa, unuduram, nə vaxt çəkiliş bitsə, onda gedirəm.

Heç nə düşünmürəm, sadəcə foto.

 

“Kölgələr” silsiləsində kölgələr işığı vurğulayır. Necə deyim, elə bil işıqlı kölgələrdir. Bir də fotolardakı həndəsilik, iti bucaqların çoxluğu diqqətimi çəkdi.

Bununla bağlı həmişə işlətdiyim bir cümlə var, müəllifi Giorgio de Çiricodur. Deyir ki, günəşli bir gündə yeriyən adamın kölgəsi dünyadakı bütün dinlərdən daha çox sirr saxlayır. Kölgələr insan həyatı qədər maraqlıdır. Fotoqrafiya sənətində özünü təkmilləşdirmək istəyirsənsə, fikrimcə, sabit obyektlərdə işıq-kölgə üzərində işləmək vacibdir. Mən küçədə baş verən hadisəyə qarşı sürətli reaksiyamı, məhz, sabit obyektlər üzərində işləyərək qazanmışam, buna görə, kölgələrə marağım daha çoxdur. Sabit obyekt nədir? Məsələn, bir divar. Günün 24 saatı orda işıq dəyişir. Səhər başqa bir işıq olur, günorta başqa, axşam isə tamam başqa bir işıq. Bu tərz fotolar çəkə-çəkə kölgələrə marağım yaranıb. Belə kadrlar üzərində işləmək həm də gözün inkişafı üçün vacibdir. Tələsmirsən, rahat düşünürsən, kompozisiyanı qurursan və çəkirsən. Fotoaparatsız çölə çıxdığım günlərdə özümə tapşırıq verirəm ki, bu gün üçbucaq formalı kölgələr görəcəyəm. Çıxıram, şəhərdə onları axtarıram. Çəkmirəm, sadəcə axtarıram və baxıram. Bu beyin rahatlığınız və gələcəkdə bu işi davam etdirib-etdirməyəcəyinizlə bağlı vacib bir məsələdir. Mənə görə, kamera olmadan kadrı görməyən, ondan həzz almayan insan bu işi sona qədər davam etdirə bilməz. Kamerasız kəşf etdiyim əraziləri ağlımda saxlayıram, ertəsi gün eyni yerə gəlirəm və başlayıram araşdırmalarım üzrə işləməyə. Artıq harda nə olduğunu bilirəm. Bir insan diplom işinə necə hazırlaşırsa, mən də foto çəkməyə elə hazırlaşıram.

Demək, rakurslarınız buna görə dəqiqdir. Çünki spontan olmur, əvvəldən bilirsiniz, harda dayanmalısınız, hansı bucaqdan çəkməlisiniz.

Hərdən fors-major hallar olur. Məsələn, gəlib görürəm ki, dünən seçdiyim yerdə bu gün maşın dayanıb, bu, o deməkdir ki, artıq çəkə bilməyəcəyəm. Ya da çıxıram və tanımadığım bir yerdə fərqli işıq-kölgələr, maraqlı kadrlar görürəm və hər şey spontan alınır. İşıq dəyişməmiş kadra tez reaksiya verirəm. Küçə fotoqrafısınızsa, heç nə üçün əvvəlcədən tam hazırlaşa bilməzsiniz. Bayaq dedim, küçə insan kimi hər saniyə dəyişir. Sabit obyektlər üzərində işləyəcəyim günlərdə beynimdə müəyyən bir təsəvvür yaradıb ona uyğun şeylər çəkməyə çalışıram. Ancaq günlərimi çox bölmürəm. Bir gün ərzində müxtəlif janrlarda kadrlar çəkirəm.

Deyəsən, daha çox bədii fotolar çəkirsiniz. Məni gördüklərim arasında bircə “Sovetski” silsiləsi reportaj janrındaydı.

Kiçik reportajlarım olub, amma reportyor kimi işləmək fikrim yoxdur. “Sovetski” seriyasını işləyəndə bir ailə ilə tanış olmuşdum və onlar haqqında kiçik bir reportaj eləmişdim. Yəni, belə kiçik həcmli reportajlarım olur. Əslində “Tribuna” seriyasını da reportaj saymaq olar, çünki müəyyən bir hadisə ilə bağlı məlumat verir.

Məncə, “Tribuna” seriyası reportajdan çox, bədii fotoqrafiyaya aiddir, həddindən artıq impressivdir.

“Tribuna” mənim üçün çox dəyərli seriyadır. Özüm qatı futbol azarkeşiyəm. O layihəni işləyəndə azarkeşlərlə ortaq hissləri yaşayırdım deyə, hisslərimi fotolara tam ötürə bilirdim. Həm də məni çox səmimi qarşılamışdılar, istənilən yerdə istənilən kadrı rahat çəkirdim. Bu səmimiyyətin də mənə təsiri çox oldu. Çox rahat işləyirdim və bu özünü fotoda tam göstərirdi.

O azarkeşləri əvvəldən tanıyırdınız, yoxsa iş prosesində tanış oldunuz?

Hamısını iş prosesində tanımışam və indi hamısı ilə dostluğumuz davam edir.

Bütün hallarda insanların kameraya alışması müəyyən vaxt tələb edir. Sizdə bununla bağlı vəziyyət necəydi?

Azərbaycanda belə şeylərə ayıracaq vaxt olmur. Gedib deyirsən ki, bu işi görəcəyəm. “Gəl, çək”. Bitdi.

İnsanlar videokamera görəndə daha çox sıxılırlar, yoxsa fotokamera?

Kameranın arxasında dayanan adamdan asılıdır. Məsələn, mən “Tribuna” seriyasını çəkəndə hər kəs rahat idi. Amma Sovetskidə insanlar poz verirdilər. Mən bunu sevmirəm. Düzdür, hərdən portret çəkmək istəyəndə poz verdirdiyim insanlar olub, amma xoşladığım şey deyil. Azərbaycan xalqı küçədə kameralı adam görəndə fərqli reaksiyalar verir, “kruqa” almaq, hirslənmək, dava həddinə çatdırmaq – hər şey olur. Məsələn, Sovetskidə bunların, demək olar ki, hamısını yaşamışam. İznsiz çəkəndə, buna görə də, haqlı səbəblərdən problem yarananda üzr istəyirəm. Bunu eləməliyik, fotoqraf üzr istəməkdən qaçmamalıdır. Ancaq qarşımdakı insan təhqirə keçəndə özümü saxlaya bilmirəm. Ona görə, əvvəllər bir çox problemlər yaranırdı. Amma illər ötdükcə sən də tamam dəyişirsən, birtəhər dil tapıb işi həll eləyirsən. Hərçənd əsəblərimin tab gətirmədiyi zamanlar hələ də olur.

İnsanlardan danışmışkən, fikir verdim ki, fotolarınızda get-gedə insanlar azalır, sonuncularda isə demək olar ki, ya yoxdular, ya da siluetə, kölgəyə, detala çevriliblər. Elə bil hansı bir andasa personaj kimi insanlara qarşı marağınız itib.

Doğrudur. 2017-ci ildən sonra məndə insanlara qarşı münasibət dəyişib. İstər fotoda, istər öz həyatımda. Artıq maraqlı gəlmir. Mənim üçün insanlar həmişə ən üst səviyyə idi, dünyada onlardan vacib heç nə ola bilməzdi. Amma daha kadrlarımda onları görmək xoş gəlmir, yavaş-yavaş detala çevrilirlər. Bəzən olur ki, aylarla foto çəkirəm, ancaq insanları çəkmirəm – həmişə rənglər, illüziyalar. Əslində buna təkan verəcək çox ciddi bir səbəb yoxdur. Sadəcə personaj kimi artıq maraqlı deyillər.

Bəs illüziyalar sizi nə ilə cəlb eləyir? Fəlsəfə insanı daha çox gerçəkliyə meylləndirməli deyil?

Bu, insanın ətrafı necə dərk etməsi ilə bağlı bir məsələdir. Fəlsəfə məni həqiqətə yönəldə bilər, ancaq bir başqasını tamam başqa bir aləmə aparar. Niyə illüziyalar çəkirəm? Foto ətraf mühitə münasibətdir. Amma hər insan öz münasibətini göstərə bilmir, o anları görə bilmir. Bilmirəm, adına vergi, ya çox çalışmaq deyim, ancaq mən o anları görə bilirəm. Bəlkə də çox çalışmaqdandır, elə kadrlar üzərində çox işləmişəm. Gördükcə çəkirəm, çəkdikcə həvəsim daha da artır. Bu kadrlara maraq artdıqca insanlara marağım azalır. İllüziyalardan aldığım təəssüratı, həzzi insanlardan ala blmirəm.

Əli, bəzi fotolarınız mənə film kadrlarını xatırlatdı. Məsələn, bir fotonuzda reklam afişasındakı qadının gözünü göstərirsiniz və gözbəbəyində cızıqlar var. Luis Bunüelin “Əndəlus köpəyi” filmində məşhur bir kadr var – qadının gözünü ülgüclə kəsirlər. Filmlərə çox baxırsınız? Ya da belə soruşum: donmuş təsvirlərlə işləyən adamın hərəkətli təsvirlərə münasibəti necədir?

Kinoya münasibətim yaxşıdır, amma filmlərə çox baxmıram. Həyatımı bütünlüklə fotoqrafiyaya həsr elədiyimə görə, filmlərə vaxt qalmır. Yuxuya sərf elədiyim vaxta da heyfim gəlir. Həm şəxsi inkişaf, həm də fofoqraf olaraq gözün inkişafı üçün filmlərin təsiri böyükdür. Amma, düzünü desəm, mən kadrlarımı başqa fotoqrafların işlərinə, ya da filmlərdə gördüyüm təsvirlərə bənzətməyi xoşlamıram, gördüklərimi də bacardığım qədər unutmağa çalışıram. Çünki o işləri çəkən biriləri var artıq. Onların oxşarını çəkmək Əli Rzaya yaraşmaz.

Vaxtınız olanda ən çox necə filmlərə baxırsınız?

Düzü, sənət filmləri o qədər də cəlb eləmir, çox sıxıcı gəlir mənə. Marağımı cəlb eləməyən şeylərə vaxt ayırmağı xoşlamıram. Ən çox həyatda qalmaqdan, təbiət hadisələrindən bəhs eləyən filmlərə, bir də qorxu filmlərinə baxıram.

Filmlərdən danışmışkən, kitablar barədə də soruşum.

Əsasən, fotoqrafiya ilə bağlı kitablar oxuyuram. Doqquzuncu sinifə qədər qəsəbəmizin kitabxanasında bədii ədəbiyyat qoymamışdım. Yaşıma uyğun olan, olmayan – nə vardısa, hamısını oxumuşdum. Cek Londonun “Ağ diş”, “Martin İden”, bir də “Ağır əlcəklər” əsərlərini çox sevirəm. Martin İdendəki personajları real həyatda da görürük. Gözümüzdə böyütdüyümüz, oturub söhbət eləmək, əlaqə qurmaq istədiyimiz insanlar olur. Amma onlarla oturub danışmaq şansı yarananda məyusluq yaşayırıq. Bu halı özüm yaşamışam deyə Martin İden mənə çox doğma gəlir. 2014-2015-ci illərdə fotoqrafiyaya təzə gələndə fotoqraflar görürdüm, istəyirdim, onlarla əlaqəm olsun. Elə bilirdim, onlarla əlaqəm olsa, yaxşı fotolar çəkəcəyəm, onlarla oturub-dursam, söhbət, mübahisə eləsəm, mən də yüksələcəyəm, tanınacağam və s. Amma zamanla gördüm ki, istər fotoqrafiya, istər kino, ya da həyatın hansısa başqa bir sahəsi olur-olsun, uğur qazanmağın yeganə yolu, sözün əsl mənasında, canını ortaya qoymaqdır. Kofeşoplarda yaxşı söhbətlər gedə bilər, fotoqraflar sənə yaxşı məsləhətlər verə bilərlər, ancaq sənin özündə bu yoxdursa – yəni bu məqsəd – canını ortaya qoymayacaqsansa, heç nə alınmayacaq. Hər halda mən belə düşünürəm. Ona görə də, altı ildi fotoqrafiya ilə məşğulam və şəxsi həyat deyilən bir şey yoxdur.Yalnız foto.

Əli, altı il dediniz, 16 yaşınız varmış başlayanda. 16 yaşda, Qaradağda fotoqrafiyaya maraq necə yarandı?

Gülməli. Qohum toyunda bir fotoqraf görmüşdüm, çox maraqlı gəlmişdi mənə. Eşitmişdim ki, yaxşı pul alıb. Səkkizinci sinifdə oxuyurdum. Fikirləşdim ki, mən də belə başlayım, pul qazanaram. Yüksək sürəti sevirəm. Maşın almaq istəyirdim. İncəsənət barədə qətiyyən düşünmürdüm. O vaxtkı işlərimin indi çəkdiyim kadrlarla heç bir əlaqəsi yox idi. Çox bərbad, sözün əsl mənasında, bərbad fotolar çəkirdim.

Toylara da gedirdiniz?

Gülməli olan odur ki, toy fotoqrafiyası həvəsi ilə başlamışdım bu işlərə, amma altı ildə heç vaxt toy çəkməmişəm.

Bəs necə oldu ki, fotolarınız və arzularınız dəyişdi?

Ağır tənqid olundum. Yersiz tənqidlər demək daha doğru olar. Mən də bunu özüm üçün prinsipial məsələyə çevirdim.Həyatımı ancaq fotoqrafiyaya yönəltdim. İlk vaxtlar bunu prinsip üçün elədiyimi fikirləşirdim. Amma sonra gördüm ki, aid olduğum yerdəyəm və həzz alıram. Elə günlər olurdu ki, evdən çıxırdım, 24 saat dayanmadan foto çəkirdim. Bir dəfə o qədər yorulmuşdum ki, kameranı qucaqlayıb parkda yatmışdım. Hələ də istədiyim səviyyədə deyiləm, çünki bilirəm ki, daha yaxşısını bacararam. Amma atlı ilə baxanda – o səviyyədən bu səviyyəyə gəlməyim mənim üçün çox sevindirici haldır. Həqiqətən, bəzi bayağı fotoqraflardan heç bir fərqim yox idi. Ümumiyyətlə, bərbad bir mühitə düşmüşdüm, dərslərim pisləşmişdi, məktəbdə vəziyyət yaxşı deyildi, fotolar yaxşı alınmırdı. Nəsə eləməliydim.

Fotoqrafiyaya başlayanda pis bir mühitə düşmüşdünüz, yoxsa ondan əvvəl?

Ondan əvvəl. Səkkizinci sinifə qədər hər şey normal idi, sonra dəyişdim. Amma on-on birinci sinifdə əvvəlki vəziyyətimə qayıtdım. Həm dəsrlərimə, həm də fotoqrafiyaya olan münasibətim dəyişdi. Özüm tamam dəyişdim. Necə deyim? Yəqin, təməlimdə bu varmış, sadəcə yolumu azmışdım. Fotoqrafiya ilə məşğul olmağa başlayanda təzədən yoluma qayıtdım. Məktəbdə həmişə deyirdim ki, mən faydalı insan olmaq istəyirəm. Bunun həvəsiylə başladım işləməyə. İşlədim, işlədim, işlədim. Hələlik dünya səviyyəsində bir uğurum yoxdur, hətta Azərbaycanda da sərgilərdə ən az iştirak edən fotoqraflardan biriyəm. Fərdi sərgim olmayıb. Amma belə bir fikrim var.

Fotolarınızı beynəlxalq müsabiqələrə göndərirsiniz?

Hələ özümü buna hazır hiss etmirəm. Dünya səviyyəsinə çıxmaq üçün daha çox işləmək lazımdır.

Sınaq kimi başlamaq olar.

Yox, mən özümü hazır hiss edəndə fotomu göndərib birbaşa qalib olmaq arzusundayam.

Əli, “facebook”da belə bir cümlə yazmışdınız: “gələcək üçün yeganə ümidim, sığınacağım fotoqrafiyadır”.

Həyatımın ən pis dövründə də, ən yaxşı dövründə də həmişə fotoaparatımla olmuşam, özümü bu şəkildə rahatlaşdırmışam. Nəsə bir problem yaşayanda fotodan başqa heç nə sakitləşdirmir məni. Ona görə də, həyatda qalmaqdan ötrü – fiziki demirəm, mənəvi olaraq həyatda qala bilməkdən ötrü foto, mənim üçün çox vacibdir. Düz altı il hər şeyi atıb sırf fotoyla məşğul olanda, həqiqətən, varın-yoxun o olur. Ancaq bu ətrafıma münasibətə qətiyyən təsir etmir. Mən ailəni də, dostları da həmişə fotoqrafiyadan üstün tutmuşam. Amma günün birində əlimə foto ilə bağlı yaxşı bir imkan düşsə, sonu ölüm belə olsa, bundan maksimum yararlanmağa çalışacağam.

Üslubunu özünüzə yaxın bildiyiniz, işlərini daimi izlədiyiniz fotoqraflar varmı? Əcnəbilərdən, bizimkilərdən…

Bizimkilərdən işlərini bəyəndiyim fotoqraflar çoxdur, amma özümə nümunə olaraq götürdüyüm yoxdur. Nə bizdə, nə də xaricdə. Ancaq, demək olar ki, hər gün məşhur olan və olmayan fotoqrafların arxivlərini araşdırıram, işlərinə baxıram. Bizdə janrlı fotoqrafiyanın çərçivəsi dardır. Balaca ölkəyik, müəyyən müddətdən sonra bir janrda işləməkdən yorulur adam. Ona görə, mən konkret bir janrda işləmirəm – təbiəti də çəkirəm, street-art da var, reportaj da olur. Odur ki, hər fotoqrafın işində özümə yaxın olan bir şey tapıram. Məsələn, Jozef Koudelkanın “Praqa baharı” silsiləsinə baxanda öz “Sovetski” silsiləmi xatırlayıram. İkisi arasında istər kadr, istərsə də məna baxımından böyük fərq var, ancaq onun fotoları ilə özümünkülər arasında bir oxşarlıq axtarıram. Ernst Haasın, Saul Leyterin, Joel Meyeroviçin işlərini çox bəyənirəm, əsl ustaddılar. Amma yenə deyirəm: əgər bir fotoqraf inkişaf eləmək istəyirsə, başqalarını nümunə götürməməlidir, yeganə nümunəsi öz düşüncələri, öz əzmi olmalıdır.

Fotoların altında yazılan şərhlərin bəzilərində sizi fotoşopdan istifadədə ittiham eləyirdilər. Mən onları yazan adamları başa düşürəm. Çünki bəzi fotolar – məsələn, qum təpələri, dəniz, illüziya silsilələri- həddindən artıq qeyri-real təsir bağışlayır. Fotolarınızı korreksiya eləyirsiniz, ya da nə qədər eləyirsiniz?

Yox, fotoşopdan istifadə eləyə bilmirəm. Bunu burdan bildirim. Mən həm bədii, həm də sənədli seriyalar çəkirəm. İstifadə elədiyim yeganə proqram “lightroom”dur. O da bütün fotoqrafların istifadə elədiyi bir proqramdır. Sənədli fotoqrafiyada rəng dəyişmək, təsviri redaktə etmək olmaz. Qalan janrlarda isə, fikrimcə, bu, artıq zövq məsələsidir. Hər halda mən fotolarımda dəyişiklik etmirəm. Maksimum dərəcədə və hətta ondan da artıq təbiiliyi qorumağa çalışıram.

Statuslarınızdan anladığım qədərilə, yoluxma təhlükəsinə baxmayaraq, son bir neçə günə – karantin qaydaları sərtləşdirilənə qədər küçələrdə olmusunuz, fotolar çəkmisiniz, elə son günlər də fürsət yaranan kimi çıxırsınız. Çəkinmirsiniz?

Sosial məsuliyyət anlayışı baxımından etdiklərim düz olmaya bilər. Özüm yoluxa bilərəm, kimisə yoluxdura bilərəm. Virus demir ki, sən fotoqrafsan, işini görürsən, səni yoluxdurmayacam. Odur ki, qaydalara əməl eləyirəm, çölə çıxanda bacardığım qədər kənar şeylərə toxunmamağa çalışıram, əlcək, maska taxıram. Problem ondadır ki, mən foto çəkməyəndə dayana, evdə otura bilmirəm. Digər tərəfdən də, fövqəladə hal elan olunması ehtimalı var, onda heç çölə çıxa bilməyəcəyik. Odur ki, nə qədər imkan varsa, dəyərləndirməyə çalışdım. Həm də gərgin şəraitdə olub o halı yaşamaq, özümü sınamaq istəyirdim. İstəyirdim, görüm, belə vəziyyətlərdə işləyə bilərəmmi? Təhlükə, risk ehtimalını unudub nəsə çəkə bilirəm, ya yox? Yoxsa qorxu içimdən çıxmayacaq?

Ancaq həmişəki kimi beynim sıfırlandı, sadəcə çəkdim. Daha estetik kadrların alınmasına mane olan insanlar da yox idi. İnsan olanda da elə bir anda keçir ki, kadr tamamlanır. Məsələn, son çəkdiym fotodakı yolu həmişə boş görmək istəmişəm: yol boş olsun və ordan bir adam keçsin. Ancaq həmişə maşınlar olub yolda. Sonuncu dəfə isə yol bomboş idi və birdən bir adam keçdi. Fotoqraflar belə şeyləri nəzərə almalıdılar. Şəhər boşdur, maraqlı kadrlar tapmaq üçün imkanlar var.

Düzdür, artıq polislər çox mane olacaqlar və tam haqlarıdır.

 

İndi haqqında danışdığınız foto da kadrın dərinliyinə görə mənə kinonu xatırlatmışdı. Adətən, elə dərinlik lentə çəkilmiş filmlərdə olur. Sizin fotolarda dərinlik, ikili ekspozisiya, hətta kadrdaxili montaj da var. Bunlar intuitiv alınır, yoxsa oxuyub araşdırmısınız?

Əgər yaxşı fotoqraf olmaq istəyiriksə, mütləq bu işin tarixini də bilməliyik, nəzəriyyələrini də. Hərçənd küçədə bunların o qədər də faydası olmur. Necə deyim? Bu, fəlsəfədəki kimidir. Bir şeyi oxumaq kifayət deyil, onu dərk eləmək lazımdır. Fotoqrafiyada da kadrla bağlı çox şey oxuyub öyrənə bilərsən, müəyyən qaydalar var ki, onlara mütləq əməl eləmək lazımdır. Amma əsas məsələ küçədə baş verir, orda bitir.

Sifariş alırsınız?

Müəyyən bir dövr alırdım, ancaq sadəcə təklif olurdu. Sifarişlə çəkiliş etmirəm. Son vaxtlar isə heç sifariş almıram. Yəqin, çəkdiyim fotoların tərzi sifariş vermək istəyi yaratmır. Açığı, həmişə fikirləşmişəm ki, sifarişlə işləsəm, bu işin mistikası öləcək, indiki kimi uğurlu kadrlar çəkə bilməyəcəm. Bunu özümə bir totem kimi eləmişəm və maksimum dərəcədə sifarişlərdən qaçmağa çalışıram. Ancaq fors-major hallarda, təcili pul lazım olanda. Onda da toy-filan çəkmirəm. Məsələn, axırıncı dəfə idmanla bağlı bir reklam çəkilişi eləmişdim. Altı il ərzində fotoqrafiyadan qazandığım pul, təxminən, 200 manat olar, ya olmaz.

Yəni fotoqrafiya sizin qazanc mənbəyiniz deyil.

Universitetə daxil olanda atam demişdi ki, dərslərini oxu, fotoqrafiyaya marağın varsa, onunla məşğul ol. Bu sarıdan bəxtim gətirib, ailəm həmişə seçimlərimə hörmətlə yanaşıb. Orta təbəqə azərbaycanlı ailəsiyik və ailəm mümkün dərəcədə həm maddi, həm də mənəvi baxımdan mənə yardımçı olmağa çalışır. Buna görə də, altı il ərzində heç vaxt işləməmişəm, bütün xərcliyimi ailəm verib. Ona görə də, istəmədiyim şeyləri çəkmək məcburiyyətində qalmamışam.

Söhbətləşdi: Aygün Aslanlı

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

 

 

Mənbə: azlogos.eu