İftixar Piriyev: İnsanlıq əleyhinə cinayətlər dayanmayana qədər “Ölüm həsrəti” pyesi aktuallığını qoruyacaq

İftixar Piriyev: İnsanlıq əleyhinə cinayətlər dayanmayana qədər “Ölüm həsrəti” pyesi aktuallığını qoruyacaq

Bakı, 7 aprel, AZƏRTAC

Dünyanı bürüyən koronavirus (COVID-19) təhlükəsi ilə mübarizədə Azərbaycan da bütün zəruri tədbirləri görür. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında təşkil olunmuş Operativ Qərərgahın tapşırıq və tövsiyələrinə, “Evdə qal, sağlam ol” prinsiplərinə əməl olunur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mövcud karantin vəziyyətində insanların asudə vaxtlarının təşkili üçün kreativ layihələr gerçəkləşdirir.

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da bu layihə çərçivəsində “Evdə qal, tamaşa izlə” devizi altında sosial şəbəkə üzərindən aprelin 1-dən tamaşaçılarla virtual görüşə start verib. İlk gündən maraqlı repertuarı ilə diqqət cəlb edən sənət ocağı tamaşaçıların xahişi ilə bir neçə tamaşanı yenidən təqdim etməyə başlayıb.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Evdə qal, tamaşa izlə” devizi ilə teatrsevərlərin virtual görüşləri çərçivəsində aprelin 3-də Bakı vaxtı ilə saat 12:00-da və 19:00-da yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşasını nümayiş edib.

İnsanlıq əleyhinə cinayətlər dayanmayana qədər “Ölüm həsrəti” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın aktual olacağını diqqətə çatdıran C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev AZƏRTAC-a açıqlamasında deyib: "Sürətlə dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyası ölkələri çənginə alıb. Mövzunun daha bir aktuallığı ondan ibarətdir ki, “Ölüm həsrəti” pyesində tamaşaçılara çatdırılır ki, erməni cəlladlar qorxunc xəstəlikləri Azərbaycanda yaymaq üçün əsirlərimizi məqsədli şəkildə infeksiyaya yoluxdurublar. Digər bir tərəfdən “Ölüm həsrəti” tamaşası və müəllifi olduğum “Soyqırımı tarixinin dastanı” tamaşası saxta “erməni soyqırımı” iddiasına ən tutarlı cavabdır. Ona görə də qərara almışıq ki, hər iki tamaşa - aprelin 24-də saat 12:00-da “Soyqırımı tarixin dastanı”, saat 19:00-da “Ölüm həsrəti” tamaşaları yenidən tamaşaçıların ixtiyarına verilsin.

Tamaşalar Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Facebook” səhifəsində (https://www.facebook.com/irevanteatri/) canlı yayım vasitəsilə nümayiş olunacaq".

Mənbə: azertag.az