Koronavirus kabusu Allahdan gələn bəladırmı? MÜSAHİBƏ

Koronavirus kabusu Allahdan gələn bəladırmı? MÜSAHİBƏ

Hacı Ceyhun Şükürov: "Adətən belə bir vaxtda insanların inancı ilə əlaqədar bəzi "hərşeyşünaslar" meydana çıxıb ağıllarına gələni danışmağa başlayırlar"

"Bu bəladan az xəsarətlə çıxıb vətənimizi yenidən günəşli günlərə çıxardaq. Bu da bizim həmrəyliyimizdə, birliyimizdədir"

Hazırda bütün dünyanı aciz qoyan və hələ də ona qarşı tam mənada dərman peraparatı, yaxud vaksin tapılmayan koronavirusun bəzən Allahdan gələn bir bəla olduğu iddia edilir, yaxud qiyamət əlaməti xarakterizə edilir. Əsasən də, koronavirus səbəbindən müsəlmanların müqəddəs günlərindən sayılan cümə namazlarının qılınmaması, Həcc ziyarətlərinə məhdudiyyətlərin tətbiq edilməsi bu kimi iddiaların ortaya çıxmasına səbəb olub. Biz də bütün bunlara aydınlıq gətirmək üçün ilahiyyatçı Hacı Ceyhun Şükürovla söhbətləşdik.

-Hacı, bu gün dünyanı bürüyən koronavirusu bəlası ilə əlaqədar bir çox fikirlər, versiyalar səslənir. Biriləri bu işdə Amerikanı, digər qismi Çin ittiham edir. Bəzi şəxslər də var ki, bunun əslində Allah tərəfindən insanlara bir imtahan, bəla olduğunu iddia edir. Dini nöqteyi nəzərdən sonuncu versiya ilə razısınızmı?

-2019-cu ilin sonlarından ilk dəfə Çində meydana çıxan, sonradan bütün dünyanı ağuşuna alan Covid-19 virusu qısa müddət ərzində hər kəsi özündən bəhs etməyə məcbur etdi. İlk vaxtlar gah dedilər bu Amerkanın bioloji bir silahıdır. Biri dedi Çin Avropa və Amerika banklarındakı səhmləri almaq üçün bu plana əl atıb. Bir başqası deyir Amerika və Masonlar, dünyanı idarə edən ailələr yeni bir düzən, yeni dünya nizamı qururlar və.s. Hər halda bu virus hazırda bizə mətbuat vasitəsi ilə həkimlərin və digər tibb mütəxəssislərinin bildirməsinə görə respirator bir virusdur. İnsanın ilk öncə ağız və burun vasitəsilə nəfəs borusuna, oradan da ağciyərinə sirayət edib nəfəs darlığı, ciyərlərə su yığılması və. s ilə müşahidə olunur. Hər halda bu yolxucu virus hazırda dünyada pandemiya elan olunandan ciddi tədbirlər görülməkdədir. Əksər idarə və təşkilatlar, bir çox istehsal sahələrinin fəaliyyəti dayandırılıdı. Eyni zamanda bu virus özü ilə bərabər iqtisadi tənəzzül də gətirdi. Bir çoxları haqlı olaraq bunu Allahın bir sınağı, bir əzabı kimi də qiymətləndirirlər.Heç şübhəsiz bunu deməyə saysız səbəblər də vardır. Dünyada baş verən hadisələr, haqq və ədalətin ortadan qalxması, müharibələr, terror bəlası və s. kimi İnsanlığa zidd davranışların çoxalması, içkinin, zinanın, homoseksuallığın və s. kimi iyrənc halların adi bir hal kimi çoxalması bunu deməyə əsas verir.

-Hətta o da vurğulanır ki, dünya bu virus qarşısında aciz qaldığı üçün artıq qiyamət gününün yaxınlaşdığını deyə bilərik. Bəs, müqəddəs kitabımızda, dini hədislərdə qiyamət günün əlamətləri necə göstərilir. Həmin göstərilən məqamların bu gün cərəyan edən proseslərə uyğunluğu varmı?

-Adətən belə bir vaxtda insanların inancı ilə əlaqədar bəzi "hərşeyşünaslar" meydana çıxıb ağıllarına gələni danışmağa başlayırlar. Bu da təbiidir ki, dini maarifçilkdən uzaq olanlar yarımçıq molla və dindarlardan eşitdiklərini deməyə və ya yazmağa başlayırlar. Qiyamətin əlamətləri və ya onun baş verəcəyi ilə əlaqəli dini qaynaqlarda belə bir məlumat yoxdur. Düzdür, zalımın zülmünü durduran Allah hər zaman kiçik bir şey ilə tarix boyu insanlığa "dərs" vermişdir. İbrahimi oda atan Nəmrudu bir milçək ilə. Səmud qövmünü ildırım, Ad qövmünü külək, Nuh qövmünü su, Əbrəhənin qoşununu isə balaca əbabil quşları məhv etdi. Quran ayələrinə nəzər salsaq bu barədə çoxlu ayətlər görəcəyik..." "Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı məsəl çəkir. O diyara ruzi hər yerdən bol-bol gəlirdi. Lakin həmin diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü."(ən-Nəhl 112)

O ki qaldı Qiyamət gününün əlamətlərinə, qiyamət əlamətləri böyük və kiçik olaraq səciyyələndirilir. Kiçik əlamətlər bitdikdən sonra böyük əlamətlər gələcək ki, bu Qiyamətin qopmasını tezləşdirəcəkdir. İlk kiçik əlamət Məhəmməd Peyğəmbərin (Ss.a.s)gəlməsidir ki, bu barədə hədis qaynaqlarında bəhs edilir. Peyğəmbər (s.a.s)hədislərdə qeyd etdiyi kişik əlamət deyə bildiklərimizin əksəriyyəti artıq baş vermişdir. Misal üçün Hədislərdə bildirən fitnələrin baş verməsi , müsəlmanların özlərindən əvvəl gələn yahudi və xristianlara bənzəmələri, onların yoluna tabe olmaları, zülmün çoxalması, ölümün artması, xəstəliklərin çoxalması, zinanın və müsəlmanlar arasında içki içənlərin çoxalması, yalanın artması, yalançı Peyğəmbərlərin, özünü qadına bənzədən kişilərin çoxalması və.s kimi bir çoxları hazırda da günümüzdə şahid olduqlarımızdır.

-Artıq müqəddəs Məkkə də ziyarətə qapadılıb, cümə namazları qılınmır. Dəfn mərasimləri məhdudlaşdırılıb. Sizcə, bu insan oğluna bir mesaj, ismarıc deyilmi ki, uzun illər yol verdiyi hasızlıqlar, ədalətsizliklərə son qoysun?

-Pandemeya ilə əlaqədar olaraq hər kəs evdə qal sağlam ol şüarı altında evlərinə çəkilib. Bununla bağlı bütün məscidlər, ziyarətgahlar hamısı bağlıdır. Əlbəttə bu bizə Allahdan bir sınaq, bir mesajdır. Onsuz da insanlıq Allahın onu yaratma məqsəddindən kənara çıxıb özünü tanrı hesab etməyə, hər şeyin sahibi olmağa çalışandan bəri dünya nizamı pozulmuşdur. Pozulan nizamı bərpa etmək isə Allahın haram etdiyi, qadağan etdiyi ilə deyil, haqq-ədalət, Onun buyurduğu tərzdə mümkündür. İlahi mesajlar bizlərə Peyğəmbərlər vasitəsi ilə dəfələrlə gəlməsinə baxmayaraq, nankor təkəbbürlü insan həddini aşaraq azğın bir halda Rəbbnin qoyduğu nizamı hər bir vəchlə pozmağa davam edir. Əlbəttə Allah bu gedişə bir dur deyib mikroskopik bir virusla hamını evinə qapadıbdır. Bundan hər bir müsəlman özünə dərs çıxartmalıdır. Allaha qarşı naşükür, nankor olmamalı, hər bir halına şükür və həmd etməlidir. "..Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir".(İbrahim 7)

 

-Ümumiyyətlə, bir inanclı insan kimi prosesin sonunu necə görürsünüz. Koronavirus bəlasını aradan qaldırmaq mümkün olacaqmı, yoxsa bu virus insan oğlu ilə dünya durduqca yaşayacaq?

-Belə bir deyim var, pis günün ömrü az olar. Əlbəttə hər zülmət bir qaranlıq gecədən sonra aydın bir səhər açılır. Hər yoxuşun sonu bir düzdür, hər çətinlikdən sonra bir asanlıq olacaqdır. Hər kəsi təmkinli, səbirli olmağa dəvət edirəm. Baş verən bu hadisələrdən özlərinə dərs çıxartsınlar. Allaha qarşı gəlməkdən çəkinsinlər. Allahın qoyduğu nizamı pozmaqdan uzaq olsunlar. İnsanlıq naminə bütün zülmə son qoysunlar. Kütləvi qətliamlar, terror, bütün növ zülmdən əl çəksinlər. Bilsinlər ki, hər bir canlı sonda öləcəkdir. Mühim olan Allahın hüzuruna əliboş deyil, əli dolu getməkdir. Hər bir kəs etdiyi əməlinə görə Allaha cavab verəcəkdir. Böyük peşmançılıq günü gəlməmişdən bu dünyada səmimi peşmanlıq keçirib Allaha üz tutsunlar. Onun dinini həyatlarına yansıtsınlar. Çünki bu din bir həyat tərzidir. Allahın qanunlarını pozmadan yaşamaq, Allahın qadağanlarından çəkinib saleh işlərlə məşğul olmaq, kasıba əl tutub yetimin haqqını yeməmək, kimsəsizlərə sahib çıxmaq, bütün bunlar Allahın qoyduğu nizamdır. İlk öncə Allahı layiqincə tanıyıb Ona heç bir şeyi şərik qoşmayıb ibadət etməyi bilməliyik.

-Sizcə, bu bəla aradan qalxdıqdan sonra insanlar öz davranışları, hərəkətlərində artıq götür-qoy edəcək, əvvəlki kimi qeyri-insani hallara yol verməyəcəklər? Yoxsa bir müddət sonra yenidən insan oğlu öz çirkin əməllərini davam etdirəcək?

-Heç şübhəsiz ki, bir çox insan baş verənlərdən dərs çıxartsa da, bəziləri həyat öz normal axarına keçəndən sonra yenə də öz şirkin əməllərinə davam edəcəklər. Tarix boyu belə hallar hər zaman olmuşdur. Bu barədə Allah öz əzəmətli kitabında da qeyd edir: " Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur." (ən Nəhl 53-54)

-Konkret inanclı biri olaraq cəmiyyətimizə nə deyərdimiz, bu bəladan xilas olmaq üçün nələrə diqqət etməyi tövsiyə edərdiniz?

-Sonda da vətəndaşlarımızdan həkimlərimizin tövsiyələrinə, Operativ Qərargahın karantin qaydalarına ciddi şəkildə əməl etmələrini xahiş edirəm. Bu bəladan az xəsarətlə çıxıb vətənimizi yenidən günəşli günlərə çıxardaq. Bu da bizim həmrəyliyimizdə, birliyimizdədir.

Süleyman

Mənbə: olaylar.az