Müsəlləyə çıxmaq nədir və bu necə olmalıdır?

Müsəlləyə çıxmaq nədir və bu necə olmalıdır?

Son günlər koronavirus bəlasından qurtulmaq üçün insanların sosial şəbəkə və vatshap üzərindən müsəlləyə çağrılması haqda elanlara tez-tez rast gəlirəm. Mənə bu barədə suallar da gəlir ki, müsəlləyə çıxmaq nədir və necə edilsə ALLAH dərgahında qəbul edilər?

Öncə qeyd edim ki, müsəlləyə çıxmaq - hansısa bir bəlanın, sıxıntının aradan qaldırılması üçün insanların toplum halda, hündür yerdən ALLAHA dua etməsinə deyilir.

Bildiyiniz kimi, övliyalar tarixinə dair xeyli kitabların müəllifiyəm. Həyatını araşdırdığım övliyaların müsəlləyə çıxmaq faktları çox olmuşdur və yazdığım kitabar bu cür əhvalatlarla zəngindir (şahidlərin dilindən yazmışam). ALLAH dostlarının təcrübəsindən çıxış edərək bu istiqamətdə bəzi tövsiyyələr vermək istərdim.

Tarixən insanlar müsəlləyə çıxarkən, mərasimə rəhbərlik etməyi bir övliyadan (Bu zümrəyə aiddir: kəramət sahibləri - syyidlər, ALLAH dostları - hansı ki, onların duasıyla hansısa xəstə şəfa tapıb, müşkül iş həll olub.) xahiş edərmişlər. Onlar xalqın xahişini nəzərə alıb, vaxt təyin edərmişlər ki, filan gün, filan saatda camaat filan yerə toplaşsın, müsəlləyə çıxacağıq. Adətən seçilən yer ya hansısa bir övliyanın ziyarətgah olan məzari-şərifi, ya da hündür bir təpə, dağ seçilərmiş (məkan pak olsun deyə).

Kəramət sahibləri bu mərasimi yerinə yetirməzdən öncə insanlara elan edərmişlər ki, həmin yerə gələndə imkanlı şəxslər özləriylə qurban gətirsinlər (yaxud bir neçə nəfər toplaşıb bir qurban alarmışlar). Dua etməzdən öncə gətirilən qurban(lar) kəsilib, kənddəki başsız ailələrə, kasıblara, xəstələrə pay çıxılarmış. Ondan sonra kəramətli şəxs bəlanın götürülməsi (yaxd, yağış yağması, müşkül işin həll olması) üçün ALLAHA dua edərmiş, toplaşanlar da Amin deyərmişlər. Rəbbim edilən o xeyirxah əməl (yetimlərin, kasıbların sevindirilməsi) xatirinə həmin duanı qəbul edərmiş. Bu şəkildə müsəlləyə çıxaraq, bəlalardan qurtuluş barədə yaxın tariximizdən mənə yüzlərlə fakt məlumdur (yaşlı şahidlər danışıblar).

Bu təcrübədən çıxış edərək, koronavirus bəlasının götürülməsinə görə müsəlləyə çıxmaq istəyənlər özləriylə qurban götürsünlər və kəsdikləri qurbanı öncə başçısını itirmiş ailələrə və kasıblara bölüşdürsünlər. Sonra dua etsinlər.

Hazırkı durumdan tezliklə çıxmamız üçün hər kənddə, şəhərdə bu cür qurbanların kəsilməsi son dərəcə vacibdir!!! Kəndlərdə hamı pul qoyub bir baş erkək dana alıb kənd adından kəsə bilərlər. Bir kənddən ən azı 40 nəfər pul qoyub, qurban kəsərsə ALLAH həmin kəndi bəladan hifz edər.

Kimsə görsə ki, kəndində buna məhəl qoyan yoxdur, onda özü fərdi qaydada bir qurban kəsib, dediyim kateqoriyadan olan insanları sevindirdikdən sonra dua edərsə, ALLAH onun ailəsini gələn bəlalardan qoruyar. Əgər şəxsin bir qurbana da gücü çatmırsa, onda iki yetim uşağı bir dəfə doyuzdurduqdan sonra belə dua edə bilər: Ya Rəbbim! Mən gücüm, imkanım daxilində bu iki yetimin qəlbini sevindirdim. Sən də məni və övladlarımı bu bəladan qoruyaraq, məni sevindir. Sən buna qadirsən, qüdrət sahibisən!

Soruşacaqsız ki, qurban olmasa, nəsə verilməsə, dua qəbul olmazmı? Xeyr! Çünki, Rəbbim bu barədə belə buyurur: Sizin gözəl sözlərinizi (dualarınızı, namazlarınızı) Allah dərgahına gözəl əməllriniz (!) qaldırar.

Və yaxud bir ayədə buyurur: Biz sizin gözəl sözlərinizi eşidir, gözəl əməllərinizi isə qəbul (!) edirik!

Odur ki, müsəlləyə çıxarkən, çalışın mərasimə rəhbərliyi çox namaz qılana yox, çox yaxşılıq edənə tapşırasınız. Bu mərasimdə ərəbcə nəsə deməyə heç bir ehtiyac yoxdur, bacarırsızsa iki rükət namaz qılın, bacarmırsınızsa elə öz dilinizdə deyin ki, Ya Rəbbim Sənin rizanı qazanmaq üçün, bu qurbanı kəsdik, yaxud bu yaxşılığı etdik, bunu bizdən qəbul elə və bu gözəl əməlimiz xatirinə gələn bəlalardan bizi hifs elə. Biz sənə sığınırıq, Sənə pənah gətiririk, günahlarımızı bağışla və bu kəndin əhalisini (yaxud mənim ailəmi) bu bəladan qoru.

(Dünya üçün dua etmək sizlik deyil, çünki, siz öz ailənizə və yaxud kəndinizə cavabdehsiz. Qurbana kim şərikdirsə, savabından ancaq onlar faydalana bilər).

ALLAH kəsdiyiniz qurbanları, etdyiniz yaxşılıqları qəbul etsin və sizləri bu bəladan hifs etsin. Amin.

Söz ardı: yeri gəlmişkən qeyd edim ki, bu sətirlərin müəllifinin dünyaya gəlişi də ağsaqqalların Üveys Əl-Qərani (Veyis Baba) ziyarətgahında müsəlləyə çıxması ilə bağlı olub. Orada keçirilən mərasimdən sonra ailədə qızlardan sonra bir oğlan doğulub.

Allahın aciz və fəqir qulu: Dr. Paşa Yaqub

Mənbə: moderator.az