Əbdürrəhim bəy Haqverdiyev –150

Əbdürrəhim bəy Haqverdiyev –150

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.Bu münasibətlə Prezident İlham Əliyev bu il yanvarın 31-də sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır”. Bu sərəncamda yubileylə bağlı tədbirlər planının hazırlanması müvafiq qurumlara həvalə olunmuşdur.

Onu da qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək.

UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində təşkilatın 2020-2021-ci illər üzrə yubileylər siyahısı təsdiq edilib.

Təşkilatın dəyərlərini, mədəni müxtəlifliyini və universallığını əks etdirməsi, ölkəsinin hüdudlarından kənarda tanınması və regional əhəmiyyət kəsb etməsi kimi meyarlarına cavab verdiyi üçün Azərbaycanın tanınmış dramaturqu, rejissoru və ictimai xadimi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi də UNESKO-nun Yubileylər siyahısına daxil edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESKO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin birgə hazırladığı sənəd təşkilatın katibliyi tərəfindən müsbət qiymətləndirilərək təsdiq olunub.

Azərbaycan ədəbiyyatının, milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olan Ə.Haqverdiyevin dram əsərləri uzun illərdir ki, teatrlarımızın repertuarında əhəmiyyətli yer tutur.

Onun "Yeyəsən qaz ətini, görəsən ləzzətini" və "Dağılan tifaq" kimi əsərləri azərbyacanın bütün teatrlarında uğurla tamaşaya qoyulmuş və bu gün də repertuarda əsas yer tutmaqdadır.

Milli teatrımızın inkişafında Ə. Haqverdiyevin xidmətlərindən biri 1902-ci ildə Ağdam Dövlət Dram Teatrı onun təşkilatçılığı ilə yaradılmasındadır..Yerli ziyalıların da yaxından köməkliyi sayəsində teatr 1904-cü ildə ilk tamaşalarını-M.F.Axundovun”Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.B.Haqverdiyevin ”Dağılan tifaq” əsərlərini hazırlamışdır. Sonrakı illərdə ictimai əsaslarla fəaliyyət göstərən teatr 1937-ci ildən Dövlət Dram Teatrı olaraq bir çox maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısında uğurlu çıxışlar etmişdir.1949-cu ildə ölkənin bir çox başqa teatrları kimi Ağdam Dövlət Dram Teatrının da fəaliyyəti dayandırılmışdır.1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə bu sənət ocağı Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı kimi öz fəaliyyətini bərpa etmişdir.

Onun əsərləri əsasında filmlər də çəkilib. 1963-cüildə “Marallarım” ekranlaşdırılıb. 1983-cü ildə isə “Evlənmək istəyirəm” filmi onun iki hekayəsi əsasında lentə alınıb. 1993-cüildə isə Ə.Haqverdiyevin əsəri əsasında “Ac həriflər” tammetrajlı film-tamaşası ekranlaşdırılıb. Anarın “Uzun ömrün akkordları” filmində Ə.Haqverdiyevin obrazı yaradılmışdır.

Hazırda Ə.Haqverdiyevinəsərləri tədqiq olunur, onun haqqında monoqrafiyalar, kitablar yazılır, dram əsərləri tamaşaya hazırlanır.

Bir məsələni də qed edək ki, AZƏRTAC-ın verdiyi məlumata görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncamı ilə əlaqədar il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com