Qulu Məhərrəmli: "Televiziyalarda heç də hər şey qara deyil"

Qulu Məhərrəmli: "Televiziyalarda heç də hər şey qara deyil"

Qərargahın əsas işi statistikməlumatların verilməsidir. Peşəkar jurnalistlər isə bu məlumatlardan irəli gələn məsələləri qabartmalı, cəmiyyətə mesaj verməlidirlər

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Son günlər sosial şəbəkələrdə televiziyalarla bağlı tənqidi fikirlər səslənir. Səbəb isə televiziyalar vasitəsi ilə yayımlanan qorxulu filmlər, həmçinin verilişlərdə gərginliyi artıran mövzulardır. Cəmiyyətdə məlum səbəblərə görə zatən psixoloji gərginlik var.

Belə vəziyyətdə televiziyalar hansı addımlar atmalıdır?

Sputnik Azərbaycan bu suallara cavab tapmaq üçün media mütəxəssisi Qulu Məhərrəmliyə müraciət edib.

Q.Məhərrəmli deyir ki, bu günlər bütün televiziya, xüsusən büdcədən maliyyələşən televiziyalar proqram tərtibində çox diqqətli olmalıdır: "Filmlərin seçilməsi, verilişlərin rakursu və bunların hamısı ciddi diqqət mərkəzində olmalıdır. Televiziya niyə qorxulu, vahiməli filmlər seçir? Əlbəttə, birdən-birə bütün televiziyalar vahimə saçan filmlər göstərdikdə ümumi bir qorxu yaranır. Mənə elə gəlir ki, bunu nəzərə almaq lazımdır.

Ümumiyyətlə, çox incə, həssas proqram siyasətinə ehtiyac var. Proqram tərtibi və filmlərin seçilməsi hərtərəfli şəkildə ölçülüb-biçilməlidir. Xüsusən media fəallarından çox şey asılıdır. Yumorlu və zarafat xarakterli videomaterialların yayılmasına çox normal baxıram. Əhval-ruhiyyəni yüksəltmək lazımdır".

Ekspert televiziyalar, xəbər proqramları, analitik verilişlərin ön cəbhə olduğunu hesab edir: "Təkcə qərargahın məlumatları deyil, şəraitin özündən doğan bir sıra problemlər var ki, televiziyalar onu müstəqil şəkildə işıqlandırmalıdırlar. Qərargah hər şeyi nəzarətdə saxlamalı deyil. Onların əsas işi statistik məlumatların verilməsidir. Peşəkar jurnalistlər isə bu məlumatlardan irəli gələn məsələləri qabartmalı, cəmiyyətə mesaj verməlidirlər. Lazım gələrsə, bu işə ekspertlər cəlb olunmalıdır.

Hesab edirəm ki, televiziya daha çevik işləməlidir. İnsafən deyim ki, televiziyalarda heç də hər şey qara deyil. Reportyorlar çalışır, televiziya əməkdaşları fədakarlıq göstərirlər, müxtəlif maraqlı proqramlar var. Bu verilişlərdə əsas istiqamətlərə diqqət yetirilməlidir. Əvvəla, maarifləndirmə işi olmalıdır. İkincisi, məsələnin psixoloji tərəfinə diqqət yetirilməlidir: bu sırada təşviş yaradan materiallara ciddi nəzarət olunmalıdır. Nəhayət, evdə qalan insanların yaşayışı, həyatı, sosial problemləri diqqət mərkəzində olmalıdır. Bu istiqamətlər olduqda auditoriya da televiziyanı özünə daha yaxın hesab edir".

Mənbə: sputnik.az