Karantin söhbətləri: yol xatirələri, fərqlərimiz və ya sadecə 21 yaş - RƏHİM QƏDİROV YAZIR

Karantin söhbətləri: yol xatirələri, fərqlərimiz və ya sadecə 21 yaş - RƏHİM QƏDİROV YAZIR

Saat 05:00. Qış fəsli. Həvəslə yuxudan qalxıb hazırlaşmağa başlayırdım. Yəqin ki, indi 5 təhsil günündən sonra tələbə yoldaşlarım özlərinə nəfis yuxunu hədiyyə etmişdilər. Məni isə yollar gözləyirdi. O yollar ki, səhər saat 06:00-da Nərimanov metrosunun önündə başlayacaq Şahdağa və ya Tufandağa gedəcək (hara göndərilməyimdən asılıdır) və geri dönəcəkdi. Yollar hər zaman maraqlıdır ancaq 40-45 nəfər müxtəlif psixologiyalı insanın istəklərini qarşılayıb bəzi hallarda eqolarını doydurmasan və ya sadə dillə desək xidmət göstərməsən. Onların müxtəlif istəkləri olur, məsələn avtobusda oturacaq davaları, havanın tempraturu, musiqinin səsi, avtobusun sürəti və ağla gəlməyən yüzlərlə digər məsələ sən isə ümumi vəziyyəti tənzimləməyə çalışırsan. Bu sənin peşə tələbindir. Ya həqiqətən işini peşəkarlıqla görüb qrupu “əlinə alırsan” ya da sadecə alınmır və qrup səni “əlində oynadır”.

Söhbət Azərbaycandaxili turlarda bələdçi işindən gedir. Hərkəsə yaxşı məlumdur ki, yerli turistlərlə işə heç vaxt peşəkar bələdçilər cəlb olunmurdu, bu proses baha başa gəlirdi. Bu kimi turlarda gənc bələdçinin əsas işi insanları toplayıb avtobusa yerləşdirmək, yol boyu bəsit oyunlarla əylənmək və geri gətirmək idi. Bəzi hallarda əlavə olaraq şəkillərini də çəkmək tapşırılırdı.

Tələbə üçün bu ideal iş idi. Həm gəzirdin, həm yeni insanlarla tanış olurdun həm də təcrübə qazanırdın. Onda 21 yaşım var idi və bu işi olduqca həvəslə görürdüm. Hər kəslə bir-bir maraqlanır, arzularını yerinə yetirməyə çalışır, hətta ilk vaxtlarda səhər yeməyinə oturmur, turistlərimin gözlərinə baxıb istəklərini anlamağa çalışırdım. Getdiyimiz turizm obyektinə çatandan sonra isə sıxlıq içindən onlara lazım olan giriş biletlərini almaq və ya hansınınsa kiçik problemlərdə köməyinə yetmək özümü qəhrəman kimi hiss etdirirdi.

21 yaşlı insan həvəsi və səbri nə qədərdirsə bir o qədər də insanlara xidmət etmək mənim üçün zövq verirdi. Hərdən “limon çox nazik doğranıb, daha qalın doğranmışını gətirsinlər” kimi absurd tələbələr məni yorurdu ancaq bircə şey düşünürdüm, turistdirlər və bu turə gəlmək üçün pul ödəyiblər. Demək ki, istəkləri normaldır və mən bu istəkləri əlimdən gələn qədər yerinə yetirməliyəm. Beləcə həftəsonları bir-birini əvəz edir, hər yeni tur bir yeni xatirənin başlanğıcı olurdu...

Ancaq indi o yaşı çoxdan keçmişəm. Yəqin indi o istəklər qarşısında heç 10 km yol gedə bilmərəm, səbrim çatmaz. Getsəm belə, əvvəlki kimi peşəkar, həvəsli xidmət göstərə bilmərəm deyib, söhbətimi yekunlaşdırdım.

Bu zaman dinləyicilərdən biri yerindən “Bəs, necə olur qardaş Türkiyədə həm turlarda, həm də otellərdə sizin danışdığınız həvəslə 50-55 yaşındaki insanlar bizə xidmət göstərir və hətta çox müxtəlif, özümüzə də bəzən gülməli gələn istəklərimizi yerinə yetirirlər?” sualını verdi.

Bu həqiqətdir, öz-özümə düşündüm və eyni etməyə başladım.

Mənə görə, peşəkar və yorulmadan xidmət göstərmək qabiliyyəti özü bir fitri istedaddır və bu onlarda ən üstün səviyyədədir.

İkinci məsələ isə Türkiyədə 1980-lərdə, daha dəqiq desək 1985-ci ildə turizm bumunun yaşanmasıyla əlaqədardır. O zaman ilk dəfə Türkiyəyə 2 milyon turist gəlir və bundan sonra Türkiyə hökuməti turizm sənayesinə daha çox önəm verməyə və yeni kadrlar yetişdirməyə başlayır. Peşə məktəbləri açılır və xidmət sektorunun bütün tərəfləri gənclərə öyrədilir. Həmin 50-55 yaşlı, bizə yorulmadan, sevgi və həvəslə xidmət göstərən insanlar bu illərin yetirmələridir. Onlar 21 yaş həvəsinə, 55 yaş təcrübəsinə malikdirlər.

Davamı olacaq...

Mənbə: turizmplus.az