“İki ay öncə öpüşüb, maç-maç, quc-quc edirdik, amma indi...” -Xalq artistiylə “Evdə qal” söhbəti...

“İki ay öncə öpüşüb, maç-maç, quc-quc edirdik, amma indi...” -Xalq artistiylə “Evdə qal” söhbəti...

Moderator.az Xalq artisti Cavan Zeynallı ilə karantin rejimiylə bağlı mini-müsahibəni təqdim edir:

- Cavan müəllim, karantin rejimini necə keçirirsiniz?

- İlk üç günü çətin oldu sonra isə öyrəşdim. Ümumiyyətlə, hər gün evdən çıxıb işlərimin dalıyca gedirdim və bu karantin elan edilən günə qədər belə olub. Özüm piyada gəzməyə üstünlük verirdim ki, ayaqlarım işləsin. İndi də binanın qarşısına çıxıb bir az gəzirik.

- Heç düşünürsünüzmü ki, insanlar hansı günahının cəzasını çəkir?

- Bu haqda çox fikirləşirəm. Baxıram ki, qonşularım bir-biriylə söhbət edəndə iki metr məsafə saxlayırlar. Hansı ki, iki ay öncə öpüşürdük, maç-maç, quc-quc edirdik, amma indi uzaqdan salamlaşırıq, gülümsəyirik. İnsanlar indi məni görəndə gülümsəyirlər. Bütün dünyada insanlar ev dustağı olub və bu da Allahla əlaqəli bir şeydir. İnsanların çoxunu var-dövlət çox qudurtmuşdu. Müğənnilər bahalı avtomobillərini, villalarını televiziyada reklam edirdilər. Gənclərimiz yollarda qaydaları pozurdular, yol polisləri ilə mübahisə edirdilər. Mənim üçün belə şeylər qəribə gəlir, insan sadə olmalıdır. Nə olsun ki, sənin avtomobilin var. İndi elə gənc müğənnilər var ki, o qədər şöhrətpərəstdirlər ki, məttəl qalırsan, amma söhbət edəndə görürsən ki, heç not bilmir. Allah özü də görür ki, insanlar yolunu azıb. Əvvəllər insanlar bir-birinin evinə gedərdi, məhlələrdə oturub söhbət edərdik. İndi insanlar girib evlərinə internetdə qurdalanırlar.

- Karantin rejimi elan edilsə də, insanlarımızın böyük əksəriyyəti qaydalara riayət etmir. O insanlara sözünüz varmı?

- Bir ziyalı kimi bu adamlara demək istəyirəm ki, dövlətin qanunlarına hörmətlə yanaşsınlar. Qaydanı pozan adamların əksəriyyəti cərimə olunurlar, amma görürsən ki, buna yenə məhəl qoyan yoxdur. Hər bir insanın içində bir məsuliyyət olmalıdır. Qaydalara əməl etməyən insanları görəndə təəssüflənirəm.

- Cavan müəllim, karantin rejimindən sonra hansı planlarınız var?

- Baxaq görək necə edirik. O qədər işlərim var ki, yarımçıq qalıb. Amma elə olur ki, yoruluram, televiziyalara tez-tez dəvətlər olur gedə bilmirəm. Məni televiziyaya dəvət etməyəndə sevinirəm. İndi bu gənclərimizə lazımdır, onların enrjisi var, gəzirlər.

- Koronavirusla Mübarizə Fonduna keçmiş məmurların az məbləğdə pul köçürməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Sizcə bu nə qədər doğru idi?

- İndi adamlar cürbəcürdür. Adam var pulu var, amma xəsisdi, pulu çıxanda canı çıxır. Bu da bir xəstəlikdi. Baxırsan ki, yaxşı imkanı var, amma deyir ki, vallah kreditlərim var. İnsanın gərək ürəyi təmiz olsun, belə olan adam əliaçıq olur və lazım olanda da kimsəsizlərə yardım edir. O qədər yalan şaiyələr yayırlar ki, adam yaxşılıq etməyə də qorxur. Allah bunların hamısını görür və belə bir vaxtda hamını sınaqdan keçirir.

Vasif Əlihüseyn

 

Mənbə: moderator.az