Karantin bu adamlar üçün fürsətdir

Karantin bu adamlar üçün fürsətdir

Karantin günləri yaradıcı adamlar üçün fürsətdir, amma bu cür həyəcan dolu, ölüm xəbərləri aldığımız günlərdə bədii əsər yaratmaq adama çətin görünür. Baxmayaraq ki, Çexov "6 nömrəli palata” əsərini karantin günlərində yazmışdır. Bəlkə, bu, mənim üçün qeyri-adi gələ bilər.

Bu günlərdə bəşəriyyət böyük sualın cavabını tapmaqla gününü keçirir. Bu bəla nə zaman bitəcək? Yaxud da ölənlərin sayı artacaqmı?

Ədəbiyyat belə günlərdə daha lazımlı olur insanlar üçün. Bütün günü panika ilə, eyni şeyi düşünməklə evdə var-gəl etməkdənsə, götür bir kitab oxu. İndi deyəcəksiniz, ac adamlar var, kitabı neyləsinlər?

Son vaxtlar xalqımızın bu qədər həmrəy olduğunu görməmişdim. Ehtiyacı olan ailələrə köməklik edilir, dəstək olunur. Bütün bunlar sevindiricidir. Çörəyin insanları bir-birinə yaxınlaşdırması. Müharibə ilə hazırkı durumumuzda bənzərliklər çoxdur. Fərq budu ki, indi bioloji müharibə gedir.

Karantin günlərində Əli Kərimin, Nazim Hikmətin şeirləri ilə günlərimi keçirdirəm. Onların nəğmələri bu ağır günlərdə işıq seli yayır. Bu günlər həm də Dino Busattinin "Tatar Çölü” romanını xatırladır. Əsərdəki amansız insan taleləri, zaman beynimin, düşüncələrimin küçələrində dolaşır. Həyat boyu gözləyirik, ümid edirik və ölürük.

Gözləmək, ümid etmək günü-gündən boz həyatımızı daha da mənasızlaşdırır. Həyatımız əsərdəki Bastiani qalası kimidir. Hamımız ora həbs olunmuşuq. Heç nəyi dəyişmək istəmirik. İndi də elə deyilikmi? Hamımız evlərimizdə həbs olunmuşuq.

Yazıçılar Birliyi belə günlərdə hekayə müsabiqəsi elan etdi. Bəzi yazarlar bu təşəbbüsü tənqid elədi. Mənə görəsə, heç də pis addım deyil. Əksinə yaradıcı adamlar üçün hekayə yazmaq və pul qazanmaq şansıdır. Zatən bizim ən asan tənqid elədiyimiz yerdir AYB. İnanıram ki, bu müsabiqə ədəbi mühitdə canlanma yaradacaq.

Karantin günlərində ədəbiyyatla qalın, oxuduğunuz əsərlər haqda fikirlər yazın, paylaşın...

Mənbə: lent.az