Xalq artisti Prezidentlə dialoqundan danışdı: “Məndən həmin uşağı soruşdu”

Xalq artisti Prezidentlə dialoqundan danışdı: “Məndən həmin uşağı soruşdu”

Dünən Ağdamımızda belə bir mərkəzin açılması mədəniyyət tariximizə qızıl hərflərlə yazıldı. Cənab Prezidentimizin də səhnəyə çıxaraq sənətçilərlə səmimi görüşü əlbəttə ki, bizim üçün qürur hissi oldu.

Bunu "Unikal"a açıqlamasında Xalq artisti Mənsum İbrahimov Ağdamda Muğam Mərkəzinin açılışı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Xalq artisti səhnədə ölkə lideri ilə qısa söhbətininin təfərrüatlarını da açıqlayıb: "Cənab Prezident xanəndələrlə görüşəndən sonra mənə dedi ki, bu uşaq kimdir, hardandır? Dedim 9 yaşı var və ağdamlıdır. Sonra həmin məlumatı Mehriban xanıma dedi.
Daha sonra mən Cənab Prezidentə xatırlatdım ki, Siz 2018-ci ildə Quzanlıda Muğam Mərkəzinin açılışında görüş zamanı bizə dediniz: Çox yaxınlarda Ağdamımızın mərkəzində bunun daha möhtəşəmini tikəcəyik. Və O da bu sözə gülümsəyərək cavab verdi: Bəli, Mən bunu xatırlayıram.
Mən bu sözü təsadüfən deməmişdim. Biz 30 il bu günü gözləmişik. Bu gün onu göstərir ki, həmin söz gerçəkləşdi".
Mənsum İbrahimov həmçinin bildirib ki, yeni Muğam Müsabiqəsinin bir günü çox güman ki, həmin Muğam Mərkəzində keçiriləcək: "Həmin balaca uşaq – Əhəd əslən Ağdamın Sarıcalı kəndindəndir. Digər oğlan uşağı Şuşadandır, qızımız Türrə isə İsmayıllı rayonundandır. Amma hər üçü Ağdamın Gülablı uşaq musiqi məktəbinin şagirdləridir. Biz həmin uşaqları tapdıq. Həmin balaca xanəndəni (Əhəd – red.) isə Muğam Müsabiqəsinin uşaq qrupuna seçmişik".

Mənbə: www.bakupost.az