Karantindən çıxan seriallar

Amma yeni mövsümə hamısı çıxmaya bilər
Karantin günlərində serialların çəkilişləri dayandırılıb. Amma buna baxmayaraq, trelekanllarda serialların yayımı davam edir. Bu seriyalar öncədən çəkilənlərdir ki, artıq onlar da bitir. Belə olduğu halda, görəsən seriallar hansı templə davam edəcək? Yarımçıq qalan seriallar mövsümü bitirəcək, yoxsa karantin günlərindən sonra çəkilişlər davam edəcək? Bu suallara cavab tapmaq üçün serialların rejissorları ilə əlaqə saxladıq. Onların bəzisi artıq çəkilişlərə başladıqlarını bildirsələr də, müəyyən bir qismi yeni mövsümdən davam edəcəklərini dedilər.
"Xəzər” telekanalında yayımlanan "Ata ocağı” serialının rejissoru Rüfət Şahbazovun sözlərinə görə, artıq serialın çəkilişləri başlayıb: "Karantin qaydalarına əməl edərək sosial məsafəni qorumağa çalışırıq. Çəkilişlərdə spirtdən, maskadan istifadə edib, yaranan təhlükəni kənarlaşdırırıq. Çəkiliş prosesində parklardan və insanların çox toplaşdığı məkanlardan istifadə etmirik. Aktyorların dialoqlarında bacardığımız qədər ünsiyyəti uzaq məsafədən çəkməyə çalışırıq. Hələ ki, çəkilişlərimiz davam edir. Yeni mövsümlə bağlı dəqiq bir məlumat yoxdur. Hazırda "Ata ocağı” serialının böyük tamaşaçı kütləsi var və reytinqlərdə ön sıradadır. Seriala böyük diqqət və marağın şahidi olduq. Kollektivimizdə peşəkar komanda, xalq artistlərimiz var. "Ata ocağı” tamaşaçı sevgisi qazanıb. Belə ki, serialda, hekayə getdikcə daha da maraqlı xətt üzrə davam edir. Hekayədə bir neçə ailə varsa, hadisələr fərqli istiqamətdə davam edir və o hekayənin uzun müddət davamı ola bilər. Biz bir neçə ailənin başına gələn hadisələri çəkirik. Buna görə də serialın davametmə ehtimalı da var, yekunlaşmaq ehtimalı da. Bu, televiziya layihəsidir və hər şey təşkilatçılardan asılıdır”.

Rejissora reytinqli serialı yekunlaşdırmağın risk olduğunu və yeni seriala başladıqda isə bu riskin daha da artdığını söylədikdə, bildirdi ki, ssenari və çəkiliş prosesi maraqlı olduqda, heç bir riskdən söhbət gedə bilməz: "Biz "Bir ailəm var” serialını çəkəndə deyirdilər ki, bu serialın finalı olsa, digər serialınız bu qədər reytinq toplamayacaq. Ondan sonra çəkdiyimiz "Cehizsiz gəlinlər” serialı ilk yayımlandığı andan o reytinqi toplamağı bacardıq. Bu serial da bitəndə dedilər ki, tutmuş serialı mövsüm sonu niyə bitirirsiniz? Sonra eyni komanda ilə "Ata ocağı”na başladıq. Bu da əvvəlki serialı üstələdi. Açığı, mən bu serialın gələn mövsüm də davam etməsini istəyirəm. Ölkənin ən keyfiyyətli və uzunmüddətli seriallarından biridir. Bir çox tamaşaçılar serialın qısa hissəsinə baxırlar və bunun davamlı olmasını istəyirlər. Biz pandemiya dövründə serialı dayandırmadıq və yayımı davam etdi. İnsanlar daha çox pis xəbərlər almasınlar, neqativə köklənməsinlər deyə, serialın ssenarisinə gündəmlə bağlı heç nə əlavə etmədik. Tamaşaçılar hər axşam xəbərlərdən sonra "Ata ocağı”nı gözləyirdilər. Karantin günlərində izləyicilərimizin sayı daha da artdı. Serialda virusla bağlı heç nə işləmədik. Normal həyata davam etdik ki, tamaşaçılar virus-pandemiya kimi gündəlik eşitdikləri neqativ xəbərlərdən uzaq olsunlar”.

ARB telekanalında yayımlanan "Baldız” serialının rejissoru Əziz Şahbazov bildirdi ki, pandemiya ilə əlaqədar olaraq serial çəkilişlərini dayandırsalar da, son bir neçə gündə çəkilişlərə başlayıblar: "Artıq karantin rejimi yumşaldıqdan sonra çəkilişləri davam etdirməyə başladıq. İyunun sonlarında mövsüm sonuna çıxmağı planlaşdırırıq. Yeni mövsümdən serialın davam edəcəyi dəqiq deyil. Hazırda isə gigiyenik qaydalara əməl edərək, qanunlar çərçivəsində serial çəkilişlərini davam etdiririk. Karantin günlərində serialımız yayımlandı və biz işimizi yarımçıq saxlamamaq üçün yenidən fəaliyyətə başladıq”.

ARB telekanalında yayımlanan "Uçurum” serialının quruluşçu rejissoru Vüsal Məmmədov məlumat verdi ki, serialın çəkilişləri artıq bitib: "Karantin günlərində çəkilişləri artıq bitirmişdik. Baxmayaraq ki serialın yayımı efirdə davam edirdi, biz planlaşdırmanı öncədən etmişdik. Artıq "Uçurum” serialı sezon finalına çıxıb. Serialın reytinqi yaxşı olduğundan, davamı gözlənilir. Ancaq yeni mövsümdə necə olacağı barədə heç bir məlumatımız yoxdur”.
Göründüyü kimi, serialların yeni mövsümdə hansı şəkildə davam edəcəyi heç yaradıcı heyətin özünə də tam olaraq bəlli deyil. Hansısa serial davam edəcək, hansısa yox. Davam edənlər üçün "seyrə davam” deyək, etməyənlərin yerini isə başqa serialla doldurmaq çətin olmaz, güman ki...

Xəyalə Rəis

 

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

Tələbədən LİDERƏ: “Təhsil haqqımın ödənilməsində göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm”

SONRAKI XƏBƏR

Çimərlik mövsümünə az qaldı - Konkret tələblər müəyyənləşməyib