“Yazıçı pullu adamlar tərəfindən istismar edilməməlidir” - Kənan Hacı

“Karantin günlərində depressiyanı qətiyyən özümə yaxın buraxmadım. Xeyli kitablar oxudum, filmlərə baxdım. Pandemiya və ədəbiyyat mövzusunda bir neçə esse yazdım. Mətbuatda dərc olunub. Yaxın bir dostumuzun romanının redaktəsiylə məşğul oldum. Darıxmağa bir dəqiqə belə vaxt olmadı. "Pandemiya ilinin şeiri"ni yazdım. "Ədəbiyyat qəzeti"ndə dərc olundu. Eyni zamanda, ədəbi esselərimdən ibarət bir kitab buraxdırmağı düşünürəm. Təəssüf ki, hələ buna imkan yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında yazıçı Kənan Hacı deyib. Yazıçının sözlərinə görə, hal-hazırda bir roman üzərində çalışır: “Tamamilə yeni mövzudur, bir az kütləvi oxucuya hesablanıb. Hansı istiqamətə gedib çıxacaq, hələ bilmirəm. Sağlıq olsun, bu yay bitirmək fikrim var. Yeni hekayələr kitabımı çapa hazırlayıram. Belə deyək, vaxtdan maksimum səmərəli istifadə etməyə çalışdım”.

 

Kənan Hacı ölkədəki kitab sənayesinin mövcud durumuna da toxunub. Yazıçının sözlərinə görə, kitab sənayesi bizim ən yaralı yerimizdir: “Bu barədə dəfələrlə danışmışıq, yazmışıq, təəssüf ki, heç bir irəliləyiş yoxdur. Yaxın qonşumuz olan Gürcüstanda iri şirkətlər illik gəlirlərinin 1 faizini ədəbiyyata, gənc yazarların kitablarının çapına ayırır. Nəticə göz qabağındadır, müasir gürcü yazıçılarının kitabları xarici ölkələrdə çap olunur. Bizdə bu sahə də monopoliyadadır. Gənc və istedadlı yazarların kitablarının çapı üçün lazımi maddi dəstək göstərilmir. Kitab marketinqi demək olar ki, yox dərəcəsindədir. Ona görə dünya ilə ayaqlaşa bilmirik, əlli il geridə qalmışıq”.

 

Nasirin sözlərinə görə, bu maneələr aşılmasa, heç bir irəliləyişdən söhbət gedə bilməz: “Yazıçıya normal qonorar ödənilməlidir ki, oturub əsərini yazsın. Yazıçı ədəbi qul kimi pullu adamlar tərəfindən istismar edilməməlidir. Bu, yazıçı üçün rəzalətdir. Öz imkanları hesabına xaricdə çap olunmaq gülüncdür. Nəşriyyat sənin əsərini müqavilə ilə çap etməlidir. Belə görünür, bu məsələlərin qaydasına düşməsi üçün hələ uzun bir zamana ehtiyac var”.

 

Tural Turan

Modern.az

ƏVVƏLKİ XƏBƏR

DÇ-2018-in qalibi qızıl medalını satdı – Bu qiymətə

SONRAKI XƏBƏR

Azərbaycan arxeologiya elminin görkəmli nümayəndəsi