Amil onları "manıs" adlandırdı, cavab verdilər — Hər "əsən küləyə" cavab versəydim... - YENİ QALMAQAL

Müğənni Amil Həsənoğlu skripka ifaçılarının mahnı oxumaqlarını tənqid edib.

“Ölkə.Az” xəbər verir ki, o, sosial şəbəkə hesabında bu haqda paylaşım edərək qeyd edib:

Sözüm, bəzi skripka ifaçılarınadır! Özünüzə “Maestro”, “Virtuoz” adı qoydunuz dinmədik, düşündük bəlkə özünüz bu adı qoyduğunuza görə xəcalət çəkərsiz. Amma görürəm, yox, sizdə o utanan sifət yoxdur. İndi başlamısınız “oxumağa”. Ayıbdır vallah. Sənəti bu qədər aşağılamaq olmaz. Efirlərdə bambılılıq edirsiz, atdanıb düşürsüz. İnanın, çox gülünc vəziyyətdəsiz. Dararam-diririm oxumaqla deyil! İfaçı, müğənni, musiqiçi adını bu qədər sizin kimilər ucuzIaşdırdı! Elə düz edib sizə “manıs” deyirlər! Hər şey toy musiqisiylə, 6/8 musiqilərlə bitmir bu həyatda!

Özünüzə və yaxınlarınıza hörmət qoyun! Sizinlə eyni səhnəni paylaşdığıma görə çox təəssüf edirəm, çox”.

“Ölkə.Az” məsələ ilə bağlı müğənnilik edən, səhnəmizin ən populyar skripka ifaçılarına müraciət edib. Əməkdar artist “Maestro” Ceyhun açıqlamasında bu cür söhbətlərə fikir vermədiyini bildirib:

“Mən bu barədə heç bir fikir bildirmək istəmirəm. Ancaq öz işlərimlə, yaradıcılığımla məşğulam, qoy hamı da elə etsin. Amil Həsənoğlunun da xətri nə istəyir, onu da yazsın. Bu sözlərin mənə heç bir aidiyyatı yoxdur. O qədər olub ki, adımı hallandırıb, gündəmə gəlmək istəyiblər. Mən bu cür xırda məsələlərə fikir vermirəm. İndiyə qədər hər “əsən küləyə” fikir versəydim, saçlarım ağarardı”,- deyə, o, qeyd edib.

Digər skripka ifaçısı, əməkdar artist Səlim Abbasov da həmkarı ilə eyni fikirdə olub. O, Həsənoğlunun bu cür düşünməyinin onun yaradıcılığına heç bir təsir etmədiyini deyib.

“Qoy desin, Amil bizim dostumuzdur. Onun bu cür düşünməyinin mənim yaradıcılığıma heç bir təsiri yoxdur. Amil də vokal ifaçısıdır, özü toylarda, el şənliklərində niyə çıxış edir? Onda otursun, ancaq vokal sənəti ilə məşğul olsun. Bu, mümkünsüz bir şeydir. Heç kəs deyə bilməz ki, sən niyə oxuyursan? Mən toylarda skripka ifa edirəm, oxuyuram da. Çünki, bu gün ona ehtiyac var, təlabat nədirsə, onu da edirik. Heç kəsin mənim işimə qarışmağa ixtiyarı yoxdur. Onda belə çıxır ki, futbolçu nağara çala bilməz, sürücü yemək bişirə bilməz. Əgər alınırsa, bacarırsa, niyə də olmasın. Allah hamının işini avand etsin”,- deyə, əməkdar artist qeyd edib.

Vüsalə Balayeva

Ölkə.Az

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Tramp kosmonavtları izləyəcək - NASA-dan yeni layihə

SONRAKI XƏBƏR

Ağıllı yanaşma: “ Müğənni maddi gəliri düşünüb, vətənpərvərlik mahnıları  oxumursa...