Ağıllı yanaşma: “ Müğənni maddi gəliri düşünüb, vətənpərvərlik mahnıları  oxumursa...

“...O həqiqətən də xalqa xidmət etmir. Riyakarlıq varsa, sözündə səmimilik yoxdursa, əlbəttə razılaşa bilmərəm”

Dəyişib dövrü-zaman hamı gümannan danışır,

Molla rüşvətxanadan, kafir imannan danışır.

Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim,

İndi eşşəyimiz ölüb, at da samannan danışır.

Sözlərimə üstad Sabirin bu məşhur misraları ilə başlamağın təsadüfi deyil. Hər birimiz həmin acı həqiqətlə üzləşmişik və bilirik ki, təkçə Sabirin dövrü yox, elə bizim zaman da dəyişib. Özüdə daha pis, daha ağır forma, xarakter alıb.

Məlumdur XXI əsrin qanunları, tələbləri hər kəs üçün qəbulolunan deyil. Efirlərdə bayağı, ucuz mahnılar səsləndirən müğənnilər, sosial şəbəkələrdə cəmiyyətdə rolu olmadığı halda xalq haqqında fikir bildirən “fenomenlər”, “bloqerlər” və s. Çox gülməlidir ki, sadaladığımız şəxslər özlərini korifey sənətkarlardan, ziyalılardan belə üstün tutaraq, millət qarşısında onlardan daha çox söz haqqına sahib olduqlarını düşünürlər. Bu məqamda Mirzə Cəlilin "Yaman olur, anlamaq dərdi" kəlamı yerinə düşür. Həmin anlamaq dərdindən ürəyi yananlar dəfələrlə iradlarını bildirsələr də, vəziyyət dəyişmir. Elə o tənqidlərdən birinə də yaxın zamanlarda sosioloq Sahib Altay imza atıb. Sahib müəllim rəsmi Feysbuk səhifəsində qalmaqallı status qələmə alaraq, efirlərdə "Xalqa xidmət edirik " deyən müğənnilərə irad bildirib:

"Efirə çıxıb, cingiltili səsilə bir-iki fonoqram oxuyan müğənni xalqa xidmət etdiyini düşünür. Elə də ağızdolusu deyirlər, "xalqa xidmət edirik". Günah sizdə deyil, xalqdadır ki, əyninə geyinməyə şalvar ala bilməyən adam 3-5 qoyununu, inəyini, camışını satıb sizi toya gətirir, sonra da onun camışının pulunu göbəyiaçıq koftaya verib, efirdə at oynadanda sizi söyür."

Gəlin görək sosioloqun bu yazısına qarşı tərəfin nümayəndələrinin cavabı necə olacaq?

Biz də məsələ ilə bağlı fikirlərini öyrənmək üçün tanınmış müğənni Nadir Bayramlı ilə əlaqə saxladıq. "Sherg.az"a açıqlama verən sənətçi fonoqram oxuyan həmkarlarına da münasibət bildirdi:

Dəvət olunduğun məclisdə musiqiçilər zəifdirsə məcburiyyətdən fonoqram oxumaq olar. Amma fonoqramın, adı fonoqramdı. Dinləyici səndən canlı musiqi istəyirsə, ifa etməyə hazırlıqlı olmalısan. Ola bilər yaxşı alınmasın. Amma insanlar görür ki, əziyyət çəkirsən, canlı oxuyursan. Dinləyiciyə hörmətlə yanaşırsan. Məncə, belə doğrudur. Fonoqramı da müğənni özü oxuyur. Düzdür, studiya işi elədir ki, müəyyən problemləri aradan qaldırmaq olur, canlı ifada isə çətindir. Ona görə birmənalı yanaşa bilmirəm”.

N.Bayramlı S.Altayın müğənnilərə xitabən söylədiyi "Səninki xidmətdirsə, bəs Tovuzun, Gədəbəyin, Füzulinin, Murovun sərhəd postlarında xidmət edən əsgərlərin etdiyi nədir?' fikrinə də münasibət bildirdi:

“Bütün mədəniyyət işçiləri bu millətin nümayəndələri olduğu üçün müəyyən qədər haqlıdırlar ki, xidmətləri var. Dünya ölkələri içərisində millətimizi tanıtmağa çalışırlar və onlar doğrudan da xalqı düşünürlər. Vətənpərvərlik mövzusunda mahnılar var. Tək özünün biznesini, gəlirinidüşünüb, o mahnıları oxumursa, həqiqətən də xalqa xidmət etmir. Belə düşünürəm. Riyakarlıq varsa, sözündə səmimilik yoxdursa, əlbəttə razılaşa bilmərəm. Düşünürsə ki, xalqa xidmət edir və müəyyən qədər sözlərində həqiqət varsa qəbul etmək olar”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Amil onları "manıs" adlandırdı, cavab verdilər — Hər "əsən küləyə" cavab versəydim... - YENİ QALMAQAL

SONRAKI XƏBƏR

Putinin Liviya ilə bağlı şok planı - “...müharibə qaçılmazdır" - Şərh