Elçin Cəfərov: "Teatrlarda "ortada yeyib, qıraqda gəzən" adamlar var"

Elçin Cəfərov: "Teatrlarda "ortada yeyib, qıraqda gəzən" adamlar var"

Azərbaycan və dünya teatrlarının onlayn teatr adı altında elədikləri şey, böyük mənada, teatr deyil, onun oxşarıdır.

BAKI, 23 may — Sputnik. Mart ayından məlum pandemiya səbəbi ilə fəaliyyətini dayandıran teatrlar hələ də ümidlə qapılarını açacaqları günü gözləyirlər. Canlı təsir və təsvir sənət növü olan teatrlarda onlayn sistemə keçid hansı nəticələr verdi? Teatrşünas Elçin Cəfərovla karantin dövrü və hazırki vəziyyətlə bağlı söhbət etmək qərarına gəldik.

- Sizcə, teatrlarımız online tamaşaların nümayişinə hazır idilərmi?

- Xeyr. Teatrlarımız belə vəziyyətə hazırlıqlı deyil. Tamaşaların əksəriyyəti peşəkarlar tərəfindən və peşəkar kameralara çəkilməyib. Tək kamera ilə, ümumi planlı həvəskar çəkilişlər ancaq teatrın arxivində saxlanılmaq üçün yararlı ola bilər. Belə videoyazıların ictimailəşdirilməsi və sosial şəbəkələrdə tamaşaçılara təqdim olunması bədii məhsulun keyfiyyətini 80-90 faiz aşağı salır. Bu, əks effekt verə, tamaşaçı teatra tərəf gəlməkdənsə, ondan daha da incik düşə bilər.

Elçin Cəfərov

Teatrların İKT imkanlarından faydalanması da ürəkaçan səviyyədə deyil. Mütləq teatrın həm real, həm də virtual məkandakı fəaliyyəti əvvəlcədən dəqiq tərtib edilmiş PR strategiya əsasında, internet resurslarında və sosial şəbəkələrdə təbliğ olunmalıdır. Teatrların, demək olar, heç birində məxsusi olaraq, bu işlə məşğul olan kadrlar yoxdur. Doğrudur, ştat cədvəllərində də bu, nəzərdə tutulmayıb. Amma gəlin razılaşaq ki, teatr rəhbərlərinin əksəriyyəti, sadəcə, bu işlərin əhəmiyyətini dərk etmir. Yoxsa, teatrlarda o qədər "ortada yeyib, qıraqda gəzən", konkret olaraq işinin adı, funksiyaları bəlli olmayan adamlar var ki... Dediyim odur ki, teatrlar istəsələr, bu problemi daxili qaydada həll edə bilərlər.

- Necə düşünürsünüz, karantindən sonra teatrların fəaliyyətini yeni mövsümə qədər davam etdirməsi mümkündürmü?

- Açığı, şəxsən mən teatrların növbəti mövsümə qədər tamaşaçıları ilə görüşə biləcəyinə inanmıram. Hər halda, hadisələrin bugünkü gedişatı perspektiv durumu belə proqnozlaşdırmağa əsas verir.

Pandemiya bir çox sahələrin fəaliyyətini iflic edib. Mədəniyyət və incəsənət sahəsi, o cümlədən zaman-məkana bağlı olan, canlı ünsiyyətə, "burada və indi" prinsipinə söykənən teatr sənəti, bəlkə də, karantin rejiminin tətbiqi ilə bağlı ən çox zərbə alan sahələrdəndir. Pandemiya həm teatr iqtisadiyyatına, həm teatr estetikasına, həm teatr düşüncəsinə, həm teatr təhsilinə, həm də teatr tənqidinə təsir göstərib. Başqa cür ola da bilməzdi. Məncə oturub, karantin rejiminin bitməsini gözləməkdənsə, mövcud şəraitdə nələr etmək olar, o barədə düşünməliyik. Karantini məzuniyyət kimi, "yeyib-yatmaq" fürsəti kimi yox, öz çatışmazlıqlarını aradan qaldırmaq, multimedia texnologiyalarını təkmilləşdirmək, dövrün diktə etdiyi bilgiləri öyrənmək, dünya teatrlarının tamaşaları ilə tanış olmaq imkanı kimi dəyərləndirmək lazımdır.

- Ona görə onlayn teatr konfransı keçirmək qərarına gəldiniz?

Elçin Cəfərov

- Həm də. "Teatr-onlayn" beynəlxalq virtual elmi konfransının ideyası günün tələblərindən və karantin şərtlərindən doğub. Çünki pandemiya bu gün ictimai psixoza çevrilib və teatr prosesindən ötrü bifurkasiya nöqtəsi olub. Bu nöqtədən sonra prosesin yönünü və xassəsini dəqiq proqnozlaşdırmaq faktiki olaraq, mümkün deyil. Düşündük ki, belə olan şəraitdə günün ən aktual mövzusunda konfrans keçirmək, dünyanın müxtəlif ölkələrindən teatr mütəxəssislərinin bu barədə mülahizələrini, proqnozlarını eşitmək, ideya və təcrübə mübadiləsi etmək faydalı olar. Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin təşkilatçılığı ilə onlayn beynəlxalq elmi konfrans keçirdik. Dünyanın 15 ölkəsindən - Gürcüstan, Azərbaycan, Qazaxıstan, Rusiya, Meksika, Polşa, Fransa, İran, Ukrayna, Belarus, Pakistan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Bolqarıstan - 60-dan artıq teatr mütəxəssisi - teatr nəzəriyyəçiləri (teatrşünaslar, teatr tənqidçiləri, kulturoloqlar və jurnalistlər), praktiklər (rejissor, dramaturq, aktyor, menecer, rəssam, teatr rəhbərləri) və teatr məktəblərinin pedaqoqlarnın iştirakı ilə çox maraqlı bir tədbir baş tutdu.

- Hansı qənəatlər hasil oldu?

- Əvvəla, bir sıra qənaətlərimiz öz təsdiqini tapdı. Müxtəlif ölkələrinin teatrlarının pandemiya dövründə öz fəaliyyətlərini necə qurduqlarını öyrəndik. Səslənən məruzə və çıxışlarda, müzakirələrdə pandemiya şəraitində və postpandemiya dövründə teatrın inkişaf perspektivləri barədə xeyli maraqlı müzakirə və mübahisələr oldu. Şəxsən mən bir qənaətimi daha də qətiləşdirdim: Azərbaycan və dünya teatrlarının onlayn teatr adı altında elədikləri şey, böyük mənada, teatr deyil, onun oxşarıdır. Çünki canlı ünsiyyət və enerji mübadiləsi olmadan, teatr sanki öz mahiyyətinə xilaf çıxmış olur.

Elçin Cəfərov

- Sizcə, bu gün teatrdan kimlər yazmalıdır, mədəniyyət müxbirləri, yoxsa teatrşünaslar?

- Hamı. Teatrdan yaza bilən və bu sənəti sevən hamı yaza bilər. Burada hansısa inhisar münasibəti yaratmaq mümkün deyil. Teatrşünas yazısı ayrı, jurnalist yazısı ayrı. Teatrşünas tamaşanı peşəkar təhlil edir, jurnalistsə daha çox öz təəssüratlarını qələmə alır. Jurnalistin teatrdan yazmasında heç bir qəbahət görmürəm. Yetər ki, əli çirkablı teatra toxunmasın, peşə etikasına əməl etsin, qələmini xidmətçi uniformasına dəyişməsin və anlamadığı mətləblərə toxunmasın. Çünki anlamadığı məsələdən danışan (yazan) adam çox gülünc görünür. O ki qaldı, teatrşünaslara, teatrşünaslıq müvafiq ixtisas üzrə təhsil aldığını təsdiqləyən ali təhsil haqqında şəhadətnamə - diplomla olmur. Bu gün Universitetin teatrşünaslıq ixtisasını bitirənlər arasında ümumiyyətlə, teatrdan xəbəri olmayanlar, yaxud çox primitiv təsəvvürlərə malik olanlar var. Bu o demək deyil ki, mən sırf diplomu olduğuna görə onları, ixtisasca teatrşünas olmayan, amma uzun müddətdir teatrdan yazan, məsələn, Gülcahan Mirməmməddən, Ramilə Qurbanlıdan, Samirə Behbudqızından, Həmidə Rüstəmovadan, Samirə Əşrəfdən, Şəhanə Müşfiqdən üstün tutmalıyam. Burada təbii yolla bir ierarxik struktur formalaşır və bu strukturda hər kəsin peşəkarlığına, istedadına, zəhmətinə görə öz yeri olur. Hər kəs də öz yerini bilir. Mən inanmıram ki, adlarını çəkdiyim jurnalistlərin hansısa biri, məsələn, Aydın Talıbzadə kimi yazmaq iddiasında olsun.

Mənbə: sputnik.az