Kimlər fitrə zəkatı verməkdən azaddır? - Seyid Camal

Kimlər fitrə zəkatı verməkdən azaddır? - Seyid Camal

Ramazan ayı mərhəmət, rəhmət, şəfqət ayıdır. İslamın gətirdiyi qaydalar və dinimizin prinsiplərinə görə, hər oruc tutan şəxs Ramazan bayramı ərəfəsində, xüsusi olaraq bayram gününun sonuna qədər mütləqdir ki, fitrə zəkatını vermiş olsun.

Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib. O bildirib ki, fitrə sədəqəsi oruc tutan şəxsin oruclu olduğu, nəfsini tərbiyə etdiyi vaxt, mənəvi əxlaqi dəyərlərə mənəvən silahlandığı zaman yol verdiyi qüsurlarının, günahlarının əffi üçün mübalə bir səbəbdir:
"Peyğəmbər dövrü ilə müqayisədə, müasir dövrdə yaşayırıq. Doğrudur, bu günlərdə buğda, xurmanın kiloqramı ilə fitrə zəkatı hesablanır. Ən ucuz xurmanın kilosu 3 manatdır. Amma oruc tutan şəxslər var ki, gündəlik ən bahalı xurmaları istehlak edirlər. Ona görə 3 manatla deyil, özümüzün yediyimiz azuqəmiz nədirsə, ona uyğun hesablasaq, fitrə sədəqəsi versək, daha yaxşıdır. Bunu Qafqaz Müsəlmanları İdarəsinin hesabladığı ilə bərabər, daha rahat olmaq üçün insanlarımız adambaşı 5-10 manat arası fitrə zəkatı verə bilərlər. Bu məbləğdən aşağı olmasa, daha yaxşı olar".

Seyid Camal Əzizbəyli bildirib ki, insanlar gəlirlərinə əsasən fitrə zəkatı versinlər: "Amma ən gözəli ondan ibarətdir ki, insanlarımız bu ayın fəziləti və savabına inanaraq növbəti Ramazanın rəhmətini rəbbimizdən almaq, gözlənilməz qəza, bəla, müsibətlərdən mühafizəmiz üçün zəngin insanları mal və mülkləri ilə Allahla bazarlıq etməyə dəvət edirəm. Biri zəngindir, oruc tutubsa, aylıq qazancı 10 min manatdırsa, 100 manat fitrə versin. Bu, övladlarının əmin-amanlığı üçün, can sığortasıdır. Ona görə də xalqımız, xüsusilə zəngin adamlar mal və mülklərinin sahibinin özlərinin deyil, rəbbimizin olduğunu və bir gün rəbbimizə dönəcəklərinin fərqində olacaqları üçün daha çox fitrə versinlər".

O insanlar bunu vərdiş halına gətirməyə çağırıb: "Biz dünyəvi ölkə olsaq da, ölkəmizdə mənəvi dəyərlərin təəssüfkeşi Azərbaycan xalqı, Azərbaycanın dövlətinin özüdür. Bunu sosial yardımlaşma halına gətirməliyik. Gərək deyil ki, bu fitrə zəkatı olsun. Elə bayramlaşma olaraq ərzaq paketləri ilə, cibimizdəki pulun müəyyən qismi ilə bir şəhidin, bir qanun qapısını döyək. Şirniyyatla, tortla bu bayramı hər kəsə yaşada bilək. Qəmli ailələrə, övladlarını vaxtsız torpağa əmanət edən, şəhadət kəfənini geyinən şəhidlərin doğmalarına "Siz tək deyilsiniz, biz sizinləyik" deyək. Həzrəti Əlinin bir sözü var: "İnsan günah etmədiyi hər gün bayramdır". Allahdan arzu edirəm ki, xalqımız günahdan, rüşvətdən, yalandan, riyakarlıqdan, üzdə gülüb arxada qiybət etmək kimi pis vərdişlərdən bu bayramda dualarımızla xilas olsun. Çünki Qarabağımızın da yolu xilasdan keçir".

Seyid Camal Əzizbəyli əlavə edib ki, maddi imkanı yol verməyən, sosial baxımdan, ailəsinin ərzaq azuqələrinin alınmasına heç bir halda gücü olmayan şəxslərin boynuna fitrə zəkatı gəlməz: "Həmin adamlara islamda günah yazılır. Amma hər bir imkanı olan, oruc tutan şəxsin fitrə zəkatı verməsi vacibdir, ilahi bir hökmdür. İmkanlı olub, fitrə zəkatını verməyən şəxsin oruc və namazları şübhəlidir. Əgər maddi imkanı yoxdursa, Allah da bundan xəbərdardır və belə insanların sıxıntı yaşamasına heç bir halda ehtiyac yoxdur. Əksinə, oruc tutan, amma maddi imkanı olmayanlara imkanlı şəxslərin fitrə zəkatı verməsi məqbuldur və bəyəniləndir. Ökəmizdə oruc tutmayan, amma zəngin olan xeyli insanlarımız var. Bu malın və mülkün sahibi aləmlərin rəbbi Allahdır. Aləmlərin rəbbi və nemətlərin sahibini tanımaq, ona şükür və sənaların qəbulu üçün bayram günündə həmin zənginləri şəhid və qazi ailələrinin, kimsəsizlərin qapısını açmağa, könülləri sevindirməyə dəvət edirəm. Unutmasınlar ki, Allah dərgahında heç bir savab əməl cavabsız qalmayacaq. Bəlkə də növbəti Ramazana qədər onların taleyinə yazılmış hər hansı bir ölümün və yaxud sevdiklərinin taleyinə yazılmış hər hansı bəd hadisənin sığortası üçün Ramazan bayramı ilahi fürsətdir. Bu fürsəti dəyərləndirmək isə imana, ilahi eşqə bağlıdır. İlahi eşq şərbəti içənlər Allahın xoşuna gələn, Allahın sevdiyi əməllərdə həmişə yarışarlar".

Mənbə: teleqraf.com