"Üzümüzə tüpürməyə haqqın var" - Allah da rahat buraxmayacaq bizi

Eldar Sabiroğlu

Ay Şuşa, darıxırsan eləmi? Darıxma canım, qanım. Allahın almışlığıdı. Daşını, torpağını qoruya bilmədik, ay Şuşa. Görüşəndə danışarıq…Dərdləşməyə çoxlu sözlərim var!!! Ömür vəfa edərsə, bir-bir danışacam. Üstünə atılan daşları dəf etməyə kişiliyimiz çatmadı. Təpərimiz tükənib elə bil, ay Şuşa. Dilimizə sanki qıfıl vurublar. Lal olmuşuq. Tək səni itirmədik. Ağdamdan Füzuliyə, Cəbrayıladək, Qubadlıdan Laçına, Kəlbəcər, Zəngilanadək yağı düşmən başımızın üstünü kəsdirdi, ay Şuşa.

Üzümüzə tüpürməyə haqqın var. Qeyrəti, şərəfi ətəyimizə sarıyıb veyil-veyil hələ ki, dolaşırıq. Səni sinidə bizə qaytaran deyillər, ay Şuşa!!! Gərək döyüşək, vuruşaq, ildırıma dönüb düşmənin üstünə şığıyaq. Savaş ruhumuzun gücü sənə bağlıdı, ay Şuşa.

Xətirlərini çox istədiyim Arif Paşanı, Asif Mərzilini səsləyirəm. Gəlin çiyin-çiyinə, kürək-kürəyə dayanıb Şuşaya doğru yürüyək. Şuşa bu cəsarəti bizdən umur. Gözlərini yollara dikib bizi axtarır… Üzünü döndərməmiş yola çıxmağın vaxtıdır…

Dağlarındakı çiçəklərin də üzü dönüb bizdən. Xarı Bülbüldən nə xəbər, ay Şuşa. Şəhər Məscidi dururmu? Bəs Şuşa qalası necə? Çıdır düzündən, İsa bulağından ötrü burnumun ucu göynəyir. Kaş gəlib səni heç görməyəydim… Axı səni doğulduğum yurdum qədər sevirəm. İnan buna, ay Şuşa. Fərq qoymuram, ikiniz də mənə doğma və əzizsiniz!!! Ora da yadların tapdığı altındadır. Neyləyim, dərd bir deyil ki!!! Təqsirkaram, təqsirkarıq qarşında.

Meşələr, yamaclardakı boynunu bükən güllər, əsrlərin şahidi olan qayalıqlar qorxuram bir də dönüb üzümüzə baxmasınlar. Səni ürəyindən vurdular, Şuşam. Səndən sarı içim yaman dolub. Dəli bir ağlamaq keçir könlümdən. Gözlərimdən axan yaş dənizə dönüb, ay Şuşa. Haray səsin gəlmir. Bəlkə mənim kar olmuş qulaqlarım eşitmir fəryadını, ah-naləni. Bəlkə kor gözlərim görmür sənin müsibətini!!! Günah sənin deyil, ay Şuşa, qeyrətini, torpaq sevgisini itirmiş bizlərindi. Buna görə o dünyada da Allah rahat buraxmayacaq, soracaq bizdən bu xəyanətin səbəblərini!!!!

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Elza Seyidcahan: “Bir dəfə ərim məni vurardı...”

SONRAKI XƏBƏR

İnfeksiyanı öldürən və bədəni gücləndirən 10 təbii antibiotik - SİYAHI