Ac-susuz qalmısan, yatmayıb dua etmisən: kim dözübsə, elə onun bayramıdır

Ac-susuz qalmısan, yatmayıb dua etmisən: kim dözübsə, elə onun bayramıdır

Ramazan ayı bitir, bizi tərk edib gedir. Həm qüssələnirsən, həm də sevinirsən, çünki qismət oldu, bir daha bu halı duya bildin, oruc tutan bütün möminlərlə bir oldun.

BAKI, 23 may — Sputnik. Müqəddəs Ramazan ayını növbəti dəfə yola salırıq. Oruc tutanlar fitrə verməyə, bayramı təmtəraqla keçirməyə, bayram namazını yeni geyimdə qılmağa hazırlaşırlar. Hər il təkrarlanan bu sadə əməllərın nə qədər əhəmiyyətli olduğunu tək oruc tutanlar bilər. Bir ay cisminə əziyyət verməsən, bayramın gözəlliyini duya bilməzsən.

30 gün ac, susuz qalmaqla nəhayət öz ruhumuza bir istirahət verə bilirik. İnsan bir varlıq olaraq elə hey yeyib-içməyə, yaxşı yaşamağa, gözəl ev-eşiyə, tərbiyəli övlada, mehriban ailəyə, var-dövlətə və digər maddi xeyrə can atır. Bütün bu işlər onun əsas ehtiyacının ödənilməsinə bir maneə yaradır. İnsanın əsas ehtiyacı nədir? Harada formalaşır? Nəyin əhəmiyyəti var, nəyin yoxdur? Bu suallara cavab axtarmağa belə vaxtımız olmur. Ruhun tələbatı bir növ kölgədə qalır.

Hər gün ora-bura qaçırıq, soruşanda “çörək pulu” qazanırıq deyə işimizin ağırlığından gileylənirik. Alırıq, satırıq, bir vaxtlar arzusu ilə yaşadığımız əşyaları bir gün təəssüf hissi keçirmədən belə zibilə atırıq. Arzularımız da bir gün bizə ağırlıq edir, mənasızlaşdıqca, yaxa qurtarmağa çalışırıq. Yaşa dolduqca, uşaqlıqda bəh-bəhlə yediyimiz təamlar bizə ağırlıq edir. Bəzi sevimli yeməklərimizi də yeməyi həkim bizə qadağan edir. Şəkərli diabetdən, ürək-damar xəstəliklərindən, artıq çəkidən əziyyət çəkirik. Nə xaş, nə düşbərə-qutab, nə yağlı, nə duzlu yeməyə yaxın dura bilmirik.

Nə qədər həyatımız varsa, elə axtarırıq. Vətəni qoyub qürbətdə yaxşı həyat tapmağa cəhd edirik. Çalışırıq, vuruşuruq, bir an belə dayanmırıq. Ramazan bizə dayanıb bir nəfəs almaq üçün imkan yaranan yeganə aydır.

Bədənimiz bir ildə toplanan toksinlərdən, beynimiz isə rahatlığımızı pozan, normal yaşamağa mane olan lazımsız fikir və arzulardan yaxa qurtarmağa unikal imkan yaranır. Adi günlərdə istədin istəmədin gündə 3-4 dəfə yeməli, yanğın oldu olmadı 2-3 litr su-çay içməli, bəzən istəmədiyin məclisə qonaq getməli, bəyənmədiyin insanlarla təmas qurmalı olursan. Mənasız insanların dedi-qodusu, qeybətinə qulaq asmağa bəzən məhkumsan.

Ramazanda bütün bunlar harasa yoxa çıxır, qidalanmırsansa, deməli boş zamanın yaranır, beyninin dərinliyində gizlənib qalmış vacib fikirlərə, çoxdan görə bilmədiyin işlərə zaman ayıra, hətta, ürəyin istəsə, tək-tənha gəzə bilərsən.

Ay bitir, amma oruc tutan insan hələ uzun müddət gözü gördüyü qidaya əl uzada bilmir. Elə bilir, hələ də orucdur, birdən günaha batar, orucu pozular. Ramazandan sonrakı ruhun vəziyyətini sözlə ifadə etmək çətindir, elə bil həyata yenidən gəlmisən, təmizlənmisən, uşaq kimisən.

Səni narahat edən xəstəliklərin, ağrıların da yoxdur. Bir müddət narahatçılığın olmayacaq. Düşünürsən, bu halı necə qoruyasan, necə yenidən yaşayasan. Ruhun dincəlir, onun imkanları da çoxalır.

Hər hansı depressiya, qorxu, mənasız fikirlər yoxa çıxır. Elə bil dünyanı sənə bağışlayıblar. Həyatını dəyişmək istəsən, asanlıqla edə bilərsən. Hansı qapını döysən, açıqdır. Yola çıxsan, istədiyini mütləq tapacaqsan.

Ramazan ayı bitir, bizi tərk edib gedir. Həm qüssələnirsən, həm də sevinirsən, çünki qismət oldu, bir daha bu halı duya bildin, oruc tutan bütün möminlərlə bir oldun.

Oruc tutan üçün dünyanın ən gözəl bayramıdır bəlkə də. Əzab-əziyyətini çəkmisən, ac-susuz qalmısan, gecələr yatmayıb dua etmisən, deməli, Ramazan bayramını keçirməyə layiq bir möminsən. Kim dözübsə, elə onun bayramıdır.

Mənbə: sputnik.az