“Toylara getsəm, sənətimə hörmətsizlik etmiş olaram”- NAHİDƏ ORUCOVA

“Toylara getsəm, sənətimə hörmətsizlik etmiş olaram”- NAHİDƏ ORUCOVA

"Bizim dövrdə ən çox rola görə intriqa yaşanırdı. Qarşıma çox maneələr qoyurdular, yolumu kəsirdilər. O, aktrisaların çoxu artıq dünyasını dəyişib. Düzdür, müəyyən qədər arzularına çatırdılar, amma mən də o vaxtlar çox inadkar və iddialı olduğuma görə istədiyimi alırdım. Deyirdilər ki, o, Xalq artistidir bu rolda o oynamalıdır. Razılaşırdım, amma izah edirdim ki, mən də özümü göstərməliyəm".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova MTV-də yayımlanan "Söhbətsiz" verilişində deyib. Aktrisa sənətini ailəsinə qurban verdiyini də qeyd edib: "Həyat yoldaşımdan ayrılandan sonra heç kimlə ailə həyatı qurmadım. Çünki özümü bütövlükdə sənətimə qurban verdim. Ailə həyatı qurmaq mənə mane olar. Mən sənətə kor baxa bilmərəm. Ailəmi, qızımı qurban verdim, amma indi heyfslənirəm. Gərək, vaxtında hər ikisini bir arada saxlaya bilərdim. Bir əldə iki qarpız tuta bilmədim".
Əməkdar artist toylara, “xınayaxdı” mərasimlərinə getməməsinin səbəbini açıqlayıb: "Dəfələrlə mənə zəng edib toy aparıcılığı təklif ediblər. Hətta teatra yığıb sifarişlər veriblər. Qonaq kimi gələ bilərəm, amma toyu idarə etmərəm. Özümü orda görmürəm. Getsəm, sənətimə, özümə hörmətsizlik etmiş olaram".
Sevda Bayramova

Mənbə: news24.az