Dədə Qorqud yurdunun yeni yadigarı - Fotolar

Dədə Qorqud yurdunun yeni yadigarı - Fotolar

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 06 dekabr 2005-ci il tarixli Sərəncamından sonra Naxçıvan Muxtar Respublikasının ərazisində 1200-dən artıq abidə qeydə alınmışdır. Bu abidələrdən biri də Şahbuz rayonunun Külüs kəndi yaxınlığında olan Əyrək yaşayış yeri idi. 2020-ci ilin may ayında aparılan axtarışlar zamanı həmin yaşayış yerinin yaxınlığında qədim qəbiristanlıq da aşkar olunmuşdur. Əyrək və Səkrək. Dədə Qorqud dastanında xatırlanan bu igidlərin birinin adı ilə bağlı yurd yeri Naxçıvanın qərb ucunda, o biri isə şərq ucundadır. Bəli ərənlər bu dünyadan köçüb getmiş, onların yurd yerləri və məzar daşları bizə yadigar qalmışdır. Əyrək yaşayış yerinin və Əyrək nekropolunun əyilmiş, dağılmış daşlarına baxdıqca Dədəm Qorqudun bu sözləri yada düşür: Hanı dediyin bəy ərənlər, Dünya mənim deyənlər. Əcəl aldı, yer gizlədi. Fani dünya kimə qaldı. Gəlimli-gedimli dünya, Son ucu ölümlü dünya. Əyrək nekropolu Külüs kəndinin qurtaracağında, Keçiliyə gedən yolun sol tərəfində, təpənin ətəyində yerləşir. Nekropoldakı əksər qəbir daşları naxışsız olsa da, burada olan qoç daşı, üzərində insan və heyvan təsvirləri olan sinə daşları, heykəl formasında hazırlanmış monumental abidələr ulu tariximizin bir parçasını özündə əks etdirmişdir. Böyük qaya parçasından ustalıqla yonulub hazırlanan qoç daşı ulu türk əsgərinin qürur dolu əzəmətini özündə əks etdirir. Naxçıvanda qoçşəkilli qabartma təsvirlər Eneolit dövrünə aid Ovçular təpəsi yaşayış yerindən, Erkən Tunc dövrünə aid gil qoç fiqurları Kültəpə və Maxta Kültəpəsi yaşayış yerlərindən məlumdur. Araşdırmalar göstərir ki, xırdabuynuzlu heyvandarlıq hələ Neolit dövründən – e.ə. VII minillikdən başlayaraq ulu əcdadlarımızın iqtisadiyyatında mühüm yer tutmuşdur. Zamanla Azərbaycanda yaşayan tayfalar arasında həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlara sitayiş yaranmış, onların heykəlləri hazırlanmış və bu heykəllərdən qəbir daşları kimi də istifadə olunmuşdur.
Qəbir daşlarından birinin üzərində əllərini sinəsi üstündə çarpazlayan insan obrazı təsvir edilmişdir. Qeyd etmək istəyirik ki, bu tip təsvirlər və heykəllər İran Azərbaycanında və Azərbaycan Respublikasının ərazisində e.ə. birinci minillikdən başlayaraq geniş yayılmış və türk xalqları ilə bağlı olduğu söylənmişdir. Bu tip qəbir daşları qədim türk tayfaları olan Skiflərdə də geniş istifadə olunmuş və XIX əsrədə belə Mərkəzi Asiyanın türk xalqları arasında geniş yayılmışdır. Əyrək nekropolunda aşkar olunan qəbir daşı isə Orta əsrlərə aiddir. Ümumiyyətlə, bu tip abidələrdə əlində qab tutan insan təsvirləri haqqında, xüsusilə insanın əlindəki qab haqqında müxtəlif fikirlər söylənmişdir. Bəziləri bunun su qabı, bəziləri isə o dövrdə qiymətli olan metal qabı kimi dəyərləndirilmişdir. Apardığımız araşdırmalar göstərir ki, qəbir daşları üzərində olan təsvirlər insanların axirət dünyası ilə bağlı müəyyən məna ifadə etmişdir. Buna görədə ehtimal edirik ki, bu su qabı insanın ölüm şərbəti içməsinə işarədir. Maraqlıdır ki, digər bir qəbir daşında yenə də bir əlində bir qabı tutan, digər əli ilə atın yüyənindən yapışan sxematik insan təsviri var. Ümumiyyətlə, at Azərbaycan xalqının mifologiyasında mediator – vasitəçi rolunda təsvir olunur. O, yeri, göyü və o biri dünyanı bir-biri ilə əlaqələndirən mifoloji varlıqdır. Nağıllarımızda qəhrəmanlarımızın at üstündə yeraltı dünyaya getməsi ilə bağlı epizodlar da az deyil. Şübhə etmirik ki, bu qəbir daşı üzərindəki təsvir ölüm şərbətini içərək atının yüyənindən tutan mərhumun dünyasını dəyişməsinin metaforik ifadəsidir.
Qəbir daşları üzərində Gəmiqayadakı həyat ağacı təsvirlərinə bənzəyın rəsmlər də vardır. Bu isə əcdadlarımızın minilliklərdən gələn inanclarının günümüzədək yaşadığını göstərməktədir. Bəzi qəbir daşlarında ərəb qrafikası ilə kitabə var. Əyrək nekropolundakı qəbir daşlarının stilistik xüsusiyyətlərini nəzərə alaraq onları hələlik VIII-XII əsrlərə aid edirik. Ettimal ki, gələcək araşdırmalar daha dəqiq tarix deməyə imkan verəcək. Bu daşlar bizim ulu tariximizin yadigarıdır. Bu maddi-mədəniyyət nümunələrini qorumaq və yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vəli Baxşəliyev, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor

Mənbə: kaspi.az