Naxçıvan Dövlət Televiziyasında canlı yayımlanan “Ehsan xan Kəngərli” tamaşası böyük maraqla izlənilib

Naxçıvan Dövlət Televiziyasında canlı yayımlanan “Ehsan xan Kəngərli” tamaşası böyük maraqla izlənilib

Naxçıvan, 26 may, AZƏRTAC

Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanan eyniadlı tamaşa teatrsevərlərə təqdim edilib. Tamaşa Naxçıvan Dövlət Televiziyasından canlı yayımlanıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan xanlığının tarixinin səhnələşdirildiyi ilk tamaşa olan “Ehsan xan Kəngərli” səhnə əsərində XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələr canlandırılır. Bir saatdan çox davam edən tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Əməkdar rəssam Əbülfəz Axundov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

“Ehsan xan Kəngərli” tamaşası Naxçıvan Dövlət Dram Teatrı tərəfindən onlayn təqdim edilən sayca 6-cı tamaşadır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan və Naxçıvan Dövlət Televiziyasından canlı yayımlanan tamaşa, ekskursiya və konsertlər artıq davamlı xarakter alıb. Belə ki, 28 May - Respublika Günündə Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestrinin canlı konserti izləyicilərə təqdim ediləcək.

Mənbə: azertag.az