Nobel mükafatçısı olan dissidentin xatirəsi təhqir edilib

Rusiya əsilli məşhur şair və nasir, 1987-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış sovet dissidenti İosif Brodskinin xatirəsi 80 illik yubileyi ərəfəsində doğma şəhəri Sank-Peterburqda təhqir edilib.

Moderator.az xəbər verir ki, artıq neçə gündür şairin oxucuları ilə yerli hakimiyyət orqanları arasında mübarizə gedir. Sank-Peterburqda yerləşən Brodski Muzeyi yaxınlığında bir zaman şairin təhsil aldığı orta məktəbin divarına rəssam Oleq Lukyanovun çəkdiyi İosif Brodski qriffiti - divara həkk edilən şəkli yerli məmurları qəzəbləndirib. Məktəbin rəhbərliyinə və təsərrufat işləri üzrə direktor müavininə təcili şairin 80 illik yubileyi münasibətilə çəkilən divar rəsmini silmək tapşırılıb. Bundan xəbər tutan onlarla Brodski oxucusu əllərində rəngli fırçalarla, flomastrlarla və qara qələmlərlə, hətta qadın dodaq boyası ilə bütün gecəni yatmadan həmin divara şairin şeirlərindən parçalar, poeziya haqqında fikirlərindən sitatlar yazıblar. Mayın 24-də Sank-Peterburq meriyası bu aksiyanı qanunsuz elan edərək yenidən yazıları və Brodski qriffitini divardan silməyi əmr edib. Yerli hakimiyyətin yanaşmasına qəzəblənən yüzlərlə peterburqlu böyük rus şairinə sevgilərini nümayiş etdirmək üçün meriyanın icazəsi olmadan əllərində gül dəstələri məktəb önünə yürüş edərək Brodskinin qriffiti silinmiş divarı gül-çiçəyə qərq ediblər.

Oxucular sovet rejimi ilə barışmayan Brodskiyə indiki münasibətin kökündə də imperiya düşüncəsinin dayandığını deyirlər. Onlar bildirirlər ki, imperiya düşüncəli məmurların Brodskiyə nifrəti hələ soyumayıb. Oxucuların fikrincə, məmurlar həm də Sankt-Peterburqu Putinin şəhəri sayırlar və bu şəhərdə Rusiyanın imperialist prezidentinin mövqeyinə uyğun gəlməyən təntənənin olmasını istəmirlər. "Bu məsələ belə bitməyəcək. SSRİ-nin varisi olan kadrların İosif Brodski ruhuna hörmətsizliyinə dözmək olmaz" deyə oxucular məmurları xəbərdar ediblər.

Qeyd edək ki, XX əsr rus poeziyasının görkəmli nümayəndələrindən olan İosif Brodski 1940-cı ildə Sank-Peterburqda doğulub. 1960-cı illərdə o, antisovet mövqeyinə görə öncə dəlixanaya salınıb, sonra isə məhkəmənin hökmü ilə sürgün edilib. Azadlığa qovuşandan sonra Sovet İttifaqını tərk edən İosif Brodski 1970-ci ildə siyasi baxışlarına görə təqib olunan bir ziyalı kimi ABŞ-a sığınıb. Ömrünün qalan hissəsini vətəndaşı olduğu ABŞ-da yaşayan şair İosif Brodski 1996-cı ildə Nyu-York ştatındakı Bruklin Haytsda vəfat edib. Brodskinin yaradıcılığı iki dil qrupuna bölünür. Şair öz şeirlərini rus dilində, nəsrini və esselərini isə ingilis dilində yazıb.

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO

SONRAKI XƏBƏR

Dünyaya çağırış: Tarixin ən böyük fəlakəti olacaq