Lalə Qarayeva: "Hər anım unudulmaz və dəyərlidir" - MÜSAHİBƏ (FOTOLAR)

Lalə Qarayeva: "Hər anım unudulmaz və dəyərlidir"    - MÜSAHİBƏ (FOTOLAR)

Buta.ws-in həyata keçirdiyi "İstedadlı İncəsənət" rublikasının bu dəfəki qonağı Azerbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti fakültəsinin ikinci kurs tələbəsi Lalə Qarayevadır.

- İncəsənət sahəsinə marağınız necə yarandı? Kimlərdən ilham aldınız?

- Bu sənəti seçməyim mənim üçün təsadüf oldu. 4-cü sinifdə oxuyarkən Uşaq Dram Teatrından məktəbimizə seçimlər üçün gəlmişdilər. Rejissor Namiq İbrahimov bir neçə uşağın içərisindən məni seçdi. Beləliklə, yavaş-yavaş tədbirlərdə çıxış etməyə, tamaşalarda kiçik obrazlar oynamağa başladım. 2016-cı ildə Bakı Şəhər Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən "Nur" teatrından mənə təklif gəldi. Təbii ki, bu da özümü inkişaf etdirmək üçün bir fürsət idi. Artıq daha böyük tamaşalarda oynamağa başladım. Yavaş-yavaş verilişlərə dəvət olunurdum. Teatr festivallarından mükafatla geri qayıdırdıq. Nəhayət, məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Universitetə daxil olmağımda xalq artisti Vidadi Həsənovun çox böyük əməyi var. Hal-hazırda "Aktyor sənəti" fakültəsinin ikinci kurs tələbəsiyəm. Bu sahəyə olan həvəsim müəllimlərim sayəsində günü-gündən artır. Buna görə də xalq artistləri Pərviz Məmmədrzayevə, Vidadi Həsənova, xüsusilə, Ustadım, Əməkdar artist Şövqi Hüseynova və səhnə danışığı müəllimim dosent Kəmalə Mehdiyevaya öz dərin minnətdarlığımı bildirirəm. Hələ onlardan öyrənəcəyim çox şey var.

- "İncəsənət qurban tələb edir" deyirlər. Bu sahədə təhsil alan bir gənc olaraq bu fikrə münasibətiniz necədir?

- Maraqlı sualdır. Bəlkə də, gəncəm deyə belə düşünürəm, amma mənim fikrimcə, həyatda insan öz həyatından nəyisə qurban edirsə, mütləq şəkildə onun qarşılığını alır. Bu eynən bizim sahəmizə də aiddir. Aktyor qurban etdiyinin qarşılığıni lazımi şəkildə alır. Tamaşaçı alqışı nəyə desən dəyər, məsələn.

- Əgər açıq səhnələri olan bir filmdən təklif gələrsə, fikriniz necə olar?

- Mən bu sahəni seçəndə ilk növbədə özümə söz vermişəm ki, açıq səhnələrdə oynamayacam. Çünki, sabah ailəmin qarşısına çıxmaq var və onların başını heç vaxt aşağı etmək istəmərəm.Və gələcəkdə ailə həyatı qursam , övladımın məni elə görməsini istəmərəm. Bir sözlə, gələcəyimi düşünərək yox deyirəm.

- Universitetdə başınıza gələn ən maraqlı hadisəni bizimlə bölüşə bilərsinizmi?

- İncəsənət Universiteti elə bir yerdir ki, orada bir günümüz belə boş və maraqsız keçmir. Hər anım unudulmaz və dəyərlidir. Dərslərimiz çətin olsa da, biz zövq alaraq məşqlərimizi edirik. Həm əylənirik, həm öyrənirik. Tamaşa məşqlərimiz mütəmadi olaraq davam edir. Lev Tolstoyun bir sözü var, "Həqiqi sənətkar təkcə başının ağlı ilə deyil, ürəyinin ağlı ilə yaşayır". Bizim ustadımız Şövqi Hüseynov da sənətimizə vicdanla, ürəklə yanaşmağı öyrədir. Nə vaxtsa bu illərin bitəcəyini düşünəndə kədərlənirəm.

- Gələcək planlarınız nələrdir?

- Universiteti bitirdikdən sonra Magistratura üçün Moskvada rejissorluq təhsili almağı düşünürəm. Dəqiq olaraq bir plan deyə bilmərəm. Çünki, hər şeyi zaman həll edəcək. Amma bir aktyor kimi mən də filmlərdə və tamaşalarda rol almaq istəyərəm. İndi də filmlərdən təklif gəlib. Sadəcə olaraq ölkəmizdə olan məlum səbəblərə görə filmin çəkilişi dayanıb. İnşaAllah, hər şey yaxşı olar hamımız üçün.

Dilşad Məmmədova

Mənbə: buta.ws